Polad Həşimov əsgərlərə səngərə girmək əmri verdi və bu an atılan mərmilər generalın olduğu yerə düşdü
Tovuz uğrunda döyüşlər (2020)
Ermənistanda 2018-ci ildə baş verən "Məxməri inqilab"dan sonra hakimiyyətə gələn Nikol Paşinyanın ilk aylarındakı sülhpərvər ritorikası tədricən öz yerini hücum konsepsiyasına verdi. 2019-cu il martın 29-da Vyanada Prezident İlham Əliyevlə görüşdən bir neçə saat sonra Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkda "sülh müqabilində ərazilər" düsturunu "yeni müharibə – yeni ərazilər" formulu ilə əvəz etdiyini elan etdi. Bu bəyanat növbəti bir ilyarımda pilləvari şəkildə gərginləşən münasibətlərin əsas dönüş nöqtələrindən biri oldu.

Tonoyanın açıqladığı yeni doktrina daimi müdafiədən imtina edərək düşmən ərazisinə keçirilə bilən hücum bölmələrinin sayının artırılmasını nəzərdə tuturdu. Bu addımı 2019-cu ilin mayında Şuşanın işğalı ildönümündə Paşinyanın nümayişkaranə rəqsi, həmin ilin avqustunda Xankəndidə "Arsax Ermənistandır" bəyanatı və 2020-ci ilin martında Arayik Harutyunyanın andiçmə mərasimini Şuşada keçirməsi izlədi. Nəhayət, iyulun 2-də general-leytenant Vaqarşak Harutyunyanın Mingəçevir su anbarının vurulmasını hərbi konsepsiya kimi dilə gətirməsi münasibətləri tamamilə korladı. Bu ifadədən cəmi on gün sonra Tovuz ətrafında top-tüfəng səsləri eşidildi.
Tovuz rayonunun Ermənistanla sərhəd kəndləri. Dağlıq relyef döyüşlərin xarakterini müəyyən edirdi.
Beləliklə, Bakıda ictimai rəy Qarabağ danışıqlarının uzun sürən durğunluğundan bezərkən, Yerevan rəhbərliyi artıq təmas xəttindən kənarda – beynəlxalq dövlət sərhədi boyunca yeni bir cəbhə açmağa hazırlaşırdı.
Döyüşlərin başlanmasından qısa müddət sonra münaqişənin səbəbləri barədə müxtəlif versiyalar irəli sürüldü. Qərb ekspertlərinin əksəriyyəti təşəbbüsün Azərbaycandan gəldiyini qərəzli qaydada iddia edirdilər. Hətta "Chatham House" təşkilatının Rusiya və Avrasiya üzrə mütəxəssisi Laurens Broers döyüşləri Azərbaycanın geosiyasi motivləri ilə izah etməyə çalışırdı. "Karnegi Avropa Fondu"nun baş elmi əməkdaşı Tomas de Vaal isə münaqişənin dondurulmuş formatının Bakı üçün əlverişsiz olduğunu, ona görə də status-kvonu pozmaqda Azərbaycanın daha çox maraqlı ola biləcəyini bildirirdi. (de Vaal, 2020).
Lakin bu təhlillərin nəzərə almadığı ciddi nüanslar var idi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanın beynəlxalq sərhədlərinə hücum bu təşkilatın bütün üzvləri ilə üz-üzə gəlmək demək idi; belə bir addım həm də beynəlxalq hüququn Azərbaycana tanıdığı legitim müdafiə prinsipinə kölgə sala bilərdi. Azərbaycanın regionda geniş hərbi əməliyyat niyyətinin olmadığını göstərən əsas faktlardan biri 2018-ci ilin dekabrından etibarən Ağstafa-Qazax istiqamətindəki təxminən 130 kilometrlik sərhəd zolağının 3-cü Ordu Korpusunun tabeliyindən çıxarılıb Dövlət Sərhəd Xidmətinə (DSX) verilməsi idi. Ehtimal ki, erməni komandanlığı məhz bu yerdəyişmə səbəbindən 3-cü Ordu Korpusunun zəiflədiyini düşünərək əməliyyat istiqaməti olaraq Tovuzu seçdi.
Bir çox müşahidəçi isə hadisələri Avropanın enerji təhlükəsizliyi kontekstində qiymətləndirdi. Prezidentin köməkçisi Hikmət Hacıyev "Euractiv" saytına verdiyi müsahibədə bu versiyanı önə çəkirdi: Tovuzun seçilməsi təsadüfi deyildi, çünki bölgə təmas xəttində deyil, beynəlxalq sərhəddə yerləşir və Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Cənub Qaz Dəhlizi buradan çox da uzaqda keçmir. Atlantik Şurasının eksperti Brenda Şaffer də toqquşmanı 33 milyard dollarlıq enerji layihəsinin kommersiya istismarı ərəfəsində Azərbaycanın strateji mövqeyinə zərbə cəhdi kimi dəyərləndirirdi. (Şaffer, 2021). Mərkəzi Asiya-Qafqaz İnstitutunun eksperti Avinoam İdan isə Tovuzu Rusiya ilə Türkiyə arasındakı proksi qarşıdurmanın Qafqazdakı təzahürü hesab edirdi. (İdan, 2020).
Reallıqda isə iyul hadisələri Azərbaycan Ordusunun 2018-ci il mayında Naxçıvanda həyata keçirdiyi Günnüt əməliyyatına və 2019-cu ilin yayında Qazax istiqamətində DSX bölmələrinin Babaqar dağı yönündə mövqelərini 1,5–1,7 kilometr irəli çəkməsinə cavab xarakteri daşıyırdı. Erməni tərəfinin əsas məqsədi neytral sayılan ərazidəki mövqeləri ələ keçirərək, Azərbaycan istiqamətinə yaxınlaşdırmaq idi.

Münaqişə zonası olan Tavuş mərzi və Tovuz rayonu tarixən Çar Rusiyasının Qazax qəzasının tərkibində olmuş, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında danışıqlardan sonra etnik tərkibə görə bölünmüşdü. (Hovannisian, 1971:82). Döyüşlərin əsas istiqamətlərini Ermənistanın keçmiş Şəmşəddin rayonuna daxil olan Nerkin Karmirağbyur (keçmiş Qızılbulaq), Aygepar, Movses (keçmiş Müsseskənd) və Çinari (keçmiş Çinarlı) kəndləri qarşısındakı Tovuzun Əlibəyli, Ağdam və Koxanəbi yaşayış məntəqələri təşkil edirdi. Ərazidəki ən hündür nöqtə – 1121,5 yüksəkliyi Azərbaycan bölmələrinin nəzarətində idi. İkinci mühüm yüksəklik isə azərbaycanlıların "Qaraqaya", ermənilərin "Qaradaş" adlandırdığı 975,5 yüksəkliyi sayılırdı. Münaqişənin düyün nöqtəsi isə 962 metr yüksəklikdəki, ermənilərin "Anvax" (Qorxmaz) adlandırdığı post oldu. Neytral zonada, faktiki olaraq Ermənistan ərazisində yerləşən bu postun tutulması zirvədəki əsgərlərin blokadaya düşməsi demək idi. Erməni komandanlığı məhz onu ələ keçirməklə döyüş mövqelərini Azərbaycan sərhədinə yaxınlaşdırmaq istəyirdi.
Döyüşlərin başlanması
"Anvax" postu ətrafında ilkin hadisələrlə bağlı məlumatlar ziddiyyətlidir. Bir versiyaya görə, post neytral olduğu üçün heç bir tərəf tərəfindən daimi nəzarətdə saxlanmırdı; digər versiyaya görə isə posta Azərbaycan hərbçiləri nəzarət edir, lakin döyüşün başladığı gün əsgərlərin ərzaq üçün mövqeni müvəqqəti tərk etməsi buranı boş qoymuşdu. Nəzarətsiz qalan post iyulun 12-də səhər saatlarında erməni hərbçiləri tərəfindən tutuldu. Saat 12:30 radələrində "UAZ-469" markalı avtomobillə əraziyə qayıdan Azərbaycan hərbçiləri postun yaxınlığında atəşə məruz qaldılar və çəkilməli oldular; maşınları erməni atəşi ilə yandırıldı. Saat 13:45-də postu geri almaq üçün təşkil edilən hücum uğursuz oldu – Azərbaycan tərəfi 7 nəfər itki verərək çəkildi. Bu döyüşdə çavuş Vüqar Sadıqov və baş əsgər Elşad Məmmədov şəhid oldu, yaralanan əsgər Xəyyam Daşdəmirov isə bir müddət sonra xəstəxanada həlak oldu.
İyulun 12-də axşam döyüşlərin şiddəti artdı. Artilleriya, minaatan və tankların tətbiqi ilə davam edən gecə döyüşlərində baş leytenant Rəşad Mahmudov şəhid oldu. Səhərə yaxın döyüşlər artilleriya dueli ilə yenidən başladı və bu dəfə erməni tərəfi yalnız mövqeləri deyil, yaşayış məntəqələrini də atəşə tutmağa başladı. Erməni bölmələri Tovuzun Ağdam kəndini 120 millimetrlik minaatanlardan, Dondar Quşçu kəndini isə D-30 topundan vurdu. Cavab olaraq Azərbaycan hərbçiləri Çinari kəndindəki hərbi koordinatları minaatan atəşinə tutdu. Sərhəd kəndlərinin sakinləri bölgədə əsl müharibənin getdiyini deyir, hətta 90-cı illərin döyüşlərinin belə bu qədər güclü olmadığını bildirirdilər.

İyulun 13-də Azərbaycan komandanlığı ilk dəfə bu istiqamətdə pilotsuz uçuş aparatlarından istifadə etməyə başladı; Movses, Çinçin və Aygepar kəndləri yaxınlığındakı dayaq və idarəetmə məntəqələrinə zərbələr endirildi. Həmin gün Ermənistan müdafiə naziri David Tonoyanın zərurət yaranarsa yeni ərazilər tutacaqları barədə açıqlamasından dərhal sonra erməni mətbuatında "Qaraqaya" yüksəkliyinin ələ keçirildiyi barədə xəbərlər yayıldı. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı təkzib etdi və məlumat sonradan dezinformasiya kimi Ermənistan tərəfinin özü tərəfindən də yalanlandı. Ermənistanın siyasi rəhbərliyi döyüşlərin öz ərazisində getdiyini əsas gətirərək KTMT-yə müraciət etsə də, təşkilatın Daimi Şurasının təcili iclası əlavə məsləhətləşmələr zərurəti ilə təxirə salındı. (Həsənqarayev, 2022).
Ağır artilleriyanın tətbiqi Tovuz döyüşlərini son illərin ən intensiv sərhəd toqquşmasına çevirmişdi.
General uğrunda
İyulun 14-ü münaqişənin ən qanlı günü oldu. Gecə saatlarında Azərbaycan bölmələri tanklardan istifadə edərək hücuma keçdi; erməni bölmələrinin atəşi nəticəsində tankımız sıradan çıxdı və tuşlayıcı operator, müddətdən artıq hərbi qulluqçu Elçin Mustafazadə həlak oldu. Səhər saatlarında erməni bölmələri 1121,5 yüksəkliyinin şimalında yerləşən, Azərbaycan hərbçilərinin "Mübariz postu" adlandırdıqları döyüş mövqeyini atəşə tutmağa başladı. Bu istiqamətdə atəşi kapitan Ruben Sanamyanın rəhbərlik etdiyi bölmə həyata keçirirdi.
Atılan üç artilleriya mərmisi Azərbaycan hərbçilərinin cəmləşdiyi mövqeyə düşdü. Bu zərbələr 3-cü Ordu Korpusu komandirinin müavini – qərargah rəisi, general-mayor Polad Həşimovun və korpusun artilleriya rəisi, polkovnik İlqar Mirzəyevin həyatına son qoydu. Həmin döyüşün şahidi olan leytenant Aqşin Əliyev o anları belə xatırlayır:

"Düşmən mövqelərimizi atəşə tutan zaman general-mayor Polad Həşimov mənə və digər hərbçilərə səngərə girmək əmri verdi. Mən səngərə yenicə daxil olmuşdum. Bu zaman düşmən tərəfindən atılan mərmilər generalın və digər hərbi qulluqçularımızın olduğu yerə düşdü. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və gizir Yaşar Babayev gözlərimin qarşısında həlak oldu." (Əliyev, 2021).
Bu döyüşdə Azərbaycan bölmələrinin bir digər itkisi feldşer gizir İlqar Zeynallı oldu. Şahidlərin verdiyi məlumata görə, generalın son sözləri "Mən ölmürəm, bir addım geri çəkilməyin" olmuşdu – bu ifadə sonralar Tovuz döyüşlərinin simvoluna çevrildi. Həmin gün Azərbaycan tərəfi mülki itki də verdi: Movses kəndi ərazisindən endirilən artilleriya zərbələri nəticəsində Tovuzun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov şəhid oldu.
Günün ikinci yarısında Azərbaycan bölmələri Ermənistan ərazisindəki hərbi obyektlərə cavab zərbələri endirdi. Movses, Çoratan və Mehrab kəndləri yaxınlığındakı atəş nöqtələri, artilleriya idarəetmə məntəqəsi və hərbi texnika məhv edildi. Bu zərbələr nəticəsində erməni tərəfində mühəndis-istehkam bölüyünün komandiri, mayor Qaruş Hambardzumyan və kapitan Sos Elbakyan öldürüldü; Ermənistan Müdafiə Nazirliyi sonradan daha bir neçə hərbçisini itirdiyini etiraf etdi. Döyüşlər həm də informasiya məkanında gedirdi – iyulun 14-də Ermənistanın dövlət saytları, o cümlədən Baş nazirin rəsmi internet səhifəsi kiberhücumlara məruz qaldı. İntensiv döyüşlər gecəyə doğru səngidi və saat 00:15-dən etibarən Tovuz-Tavuş sektorunda nisbi sakitlik başladı. (Həsənqarayev, 2022).
General-mayor Polad Həşimov Azərbaycan-Ermənistan münaqişəsi tarixində döyüşdə həlak olan yeganə general oldu.
Şəhid general
Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulmuş, altı aylıq olarkən ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşdü. Orta təhsilini Sumqayıtda alan Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdi. Hərbi karyerası boyunca bir sıra yüksək təltiflərə layiq görüldü: 2003-cü ildə mayor rütbəsində "Hərbi xidmətlərə görə", 2009-cu ildə polkovnik-leytenant rütbəsində "Vətən uğrunda" medalı ilə təltif edildi. 2016-cı il Aprel döyüşlərində 1-ci Ordu Korpusunun qərargah rəisi kimi Talış qəsəbəsi uğrunda gedən döyüşlərə rəhbərlik etmiş və yaralanmışdı. 2019-cu il iyunun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verildi. Bununla da Polad Həşimov XIX əsrdə yaşamış İsmayıl bəy Qutqaşınlıdan sonra Qəbələdən general rütbəsi alan ilk hərbçi oldu.

Ailəli olan generalın üç övladı yadigar qaldı. Onun şəxsiyyətini səciyyələndirən bir detal xüsusilə diqqət çəkirdi: kirayə mənzildə yaşamasına baxmayaraq, Həşimov həmin mənzili Aprel döyüşlərində şəhid olan bir hərbçinin ailəsinə bağışlamışdı. Polad Həşimovun şəhadəti onu İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı, döyüş meydanında birbaşa döyüş zamanı itirilən yeganə general etdi. İyulun 15-də general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda yanaşı dəfn olundular. (memorial.az).
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi; eyni tarixli sərəncamla polkovnik İlqar Mirzəyev də bu fəxri ada layiq görüldü. Generalın xatirəsi mədəniyyət və incəsənətdə də yaşadıldı: şəhadətindən bir gün sonra müğənni Çingiz Mustafayev "Vətənim Kimiyəm" mahnısını təqdim etdi; avqustun 22-də isə sözləri Musa Uruda, musiqisi Faiq Sücəddinova məxsus olan "Paşam, hey!" mahnısı Şəmistan Əlizamanlının ifasında yayımlandı. İctimai televiziyada "Poladın 7 anı", 2022-ci ildə isə "Poladın izi ilə" sənədli filmləri təqdim edildi. 2020-ci il oktyabrın 28-də Türkiyənin Bursa şəhərində generalın adını daşıyan park açıldı.
Döyüşlərin səngiməsi və atəşkəs
Bir günlük fasilədən sonra iyulun 16-da Azərbaycan bölmələri "Anvax" postunu ələ keçirmək üçün yenidən hücuma keçdilər. Gecə saat 03:40 radələrində başlayan hücum güclü müqavimətlə qarşılaşdı və iki saatlıq atışmadan sonra geri çəkilmə ilə nəticələndi. Bu döyüşdə əsgər Nazim İsmayılov şəhid oldu. İyulun 16-da axşama yaxın döyüşlərin intensivliyi azaldı və tərəflər müvəqqəti atəşkəslə bağlı razılığa gəldilər. Beləliklə, əsas mərhələsi dörd gün davam edən atışmalar səngidi. Bununla belə, Gədəbəy və Naxçıvanın Ermənistanla sərhəd sahələrində atəşkəs ara-sıra pozulur, "Anvax" postu uğrunda lokal toqquşmalar iyulun 29-na kimi davam edirdi. Bu döyüşlərin birində, iyulun 27-də snayper atəşi nəticəsində erməni hərbçi Aşot Mikaelyan öldürüldü – o, Tovuz döyüşlərinin son qurbanı sayılır. (Həsənqarayev, 2022).
Nəticə
Tovuz döyüşlərinin siyasi nəticələri gözləniləndən daha böyük oldu. Ermənistan rəhbərliyi qısa müddət ərzində qələbə əhval-ruhiyyəsinə qapıldı: avqustun 28-də Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə Polad Həşimov və digər yüksək rütbəli hərbçilərin öldürülməsində rol oynayan kapitan Ruben Sanamyana "Ermənistan Milli Qəhrəmanı" adı verildi və Ermənistan tarixində ilk dəfə eyni mərasimdə onlarla hərbçi təltif edildi. Paşinyan bu lokal döyüşlərin böyük psixoloji və geosiyasi əhəmiyyət kəsb etdiyini iddia edir, "intellektual ordu" haqqında bəyanatlar səsləndirirdi.
Reallıqda isə nəticə tamam başqa idi. Cəbhə xəttində deyil, dərinlikdəki idarəetmə mövqeyində bir generalın, bir polkovnikin və bir neçə zabitin itirilməsi Azərbaycan cəmiyyətində qəzəb və məyusluğun eyni anda partlamasına səbəb oldu. İyulun 14-də, döyüşlərin ən qızğın günündə, Bakının mərkəzində minlərlə insanın qatıldığı kortəbii yürüş keçirildi – bu, ölkədə Ermənistanla topyekun hesablaşma tələbinin nə qədər güclü olduğunu göstərdi. Polad Həşimovun şəhadəti bu tələbi milli konsensusa çevirdi.
Ordumuz Böyük Zəfərə gedən yolu 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Günnüt əməliyyatında və 2020-ci il Tovuz döyüşlərində addım-addım qət etdi. Tovuz həm də diplomatik müstəvidə mühüm sınaq oldu: Türkiyənin "Azərbaycanın yanındayam" mesajı, Pakistanın açıq dəstəyi və bir sıra dövlətlərin mövqeyi Bakının müharibə ərəfəsində təkbaşına olmadığını nümayiş etdirdi. Vaxtında həyata keçirilən diplomatik manevr və planlı hərbi hazırlıq iki ay sonra – sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsində öz bəhrəsini verdi. Bu gün hər il iyulun 12-si Azərbaycan xalqı tərəfindən Tovuz döyüşləri şəhidlərinin Anım Günü kimi qeyd olunur; general-mayor Polad Həşimovun adı isə ordumuzun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı
İstifadə olunan ədəbiyyat
Həsənqarayev, Tural (2022), Tovuz döyüşləri (I–II hissə). Topçubaşov Mərkəzi (top-center.org).
Hovannisian, Richard G. (1971), The Republic of Armenia: The First Year, 1918–1919 (Vol. 1). University of California Press.
Shaffer, Brenda (2021), The Trigger for War: Energy in the 2020 Armenia–Azerbaijan War. Foundation for Defense of Democracies.
Idan, Avinoam (2020), Russia and Turkey: Behind the Armenia–Azerbaijan Clashes? CACI Analyst.
Jafarova, Esmira (2020), Armenia’s Attack against Tovuz is also an Attack against Europe’s Energy Security.
Shafiyev, Farid & Huseynov, Vasif (2020), Peace Negotiations Cannot Be Held Forever. Insight Turkey, 22(4).
Əliyev, Aqşin (2021), Tovuz döyüşləri: Polad Həşimovun şəhid olduğu postdan videoreportaj. Report.az.
Polad Həşimov, Milli Qəhrəmanlarımız. Memorial.az.
Böyük Zəfərə gedən yolun son addımları – Tovuz döyüşləri (2023), AZƏRTAC.