Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN
"Prezident İlham Əliyevin Naxçıvana səfəri təkcə sosial-iqtisadi və infrastruktur layihələrinin təqdimatı ilə məhdudlaşmır, həm də mühüm siyasi və mənəvi mesajlar daşıyır".
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezidentin Naxçıvana səfəri həm həyata keçirilən mühüm layihələr, həm də səfər zamanı səsləndirilən siyasi mesajlar baxımından xüsusi əhəmiyyət daşıyır:
"Bu səfər Azərbaycanın dövlətçilik tarixinin müxtəlif mərhələlərini bir-birinə bağlayan mühüm mesajdır. Naxçıvan Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi siyasi əhəmiyyətə malikdir. Ümummilli Lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələlərindən birini təşkil edir".
Deputat hesab edir ki, Azərbaycanın son illərdə əldə etdiyi mühüm siyasi və diplomatik nəticələr uzunmüddətli dövlətçilik strategiyasının məntiqi nəticəsidir. Onun fikrincə, bu siyasətin əsasını Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt təşkil edir və Prezident İlham Əliyev həmin xətti yeni tarixi reallıqlara uyğun şəkildə davam etdirir.
Parlamentari 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan razılaşmaların Cənubi Qafqaz üçün yeni mərhələnin əsasını qoyduğunu bildirib.
"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda dayanıqlı sülhün və əməkdaşlığın formalaşdırılması istiqamətində fəal siyasət həyata keçirdi. Vaşinqtonda baş verən hadisələr də bu uzunmüddətli siyasətin mühüm diplomatik nəticələrindən biri kimi qiymətləndirilə bilər. Sülh prosesində əldə olunan nəticələrdən sonra Prezidentin Naxçıvana səfəri xüsusi simvolik məna daşıyır. Sülhə aparan dövlətçilik strategiyasının təməlində dayanan siyasi irsin formalaşdığı Naxçıvana sülhün birinci ildönümündən sonra Prezident səviyyəsində səfərin reallaşması xüsusi məna daşıyır. Burada keçmişlə gələcək bir-biri ilə əlaqələnir".
Millət vəkili səfər çərçivəsində Naxçıvanda həyata keçirilən layihələrin muxtar respublikanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib:
"Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, enerji layihələrinin reallaşdırılması, sosial obyektlərin istifadəyə verilməsi və şəhərin 2044-cü ilədək Baş Planının təqdim olunması bölgənin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Naxçıvanın gələcəyi Azərbaycanın ümumi inkişaf strategiyasından ayrı təsəvvür edilə bilməz. Sənayenin inkişafı, yeni investisiyaların cəlb olunması, yerli istehsalın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması Naxçıvanın iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət edəcək. Uzun illər Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı vəziyyətdə olan Naxçıvanın gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi üçün yeni tarixi şərait formalaşır. Bu isə Naxçıvanın iqtisadi potensialının daha geniş regional imkanlarla birləşdirilməsinə şərait yaradacaq".
Ceyhun Məmmədov Naxçıvanın tarixi-mədəni irsinin qorunmasına göstərilən diqqəti də xüsusi əhəmiyyətli hesab edib. O, Möminə xatun türbəsində aparılan bərpa işlərinin və Əcəmi Naxçıvaninin irsinin yaşadılmasına yönəlmiş tədbirlərin bölgənin milli-mədəni yaddaşdakı rolunu daha da gücləndirdiyini bildirib.
"Əlahiddə Ümumqoşun Ordunun yeni komando hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi göstərir ki, Naxçıvanın təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizlik strategiyasının mühüm istiqamətlərindən biri olaraq qalır. Naxçıvan da bu yeni mərhələnin mühüm mərkəzlərindən biri olacaq. Prezident İlham Əliyevin 11 avqust tarixində Naxçıvana səfərinin siyasi əhəmiyyətini yalnız həmin gün həyata keçirilən tədbirlərlə məhdudlaşdırmaq doğru olmaz. Bu səfər həm gələcəyə baxış, həm də keçmişə ehtiramdır".
Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvandan başlayan siyasi fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində mühüm rol oynadı. Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə və regionda davamlı sülh üçün yeni imkanların yaranmasına gətirib çıxardı.
"Bu mənada sülhün birinci ildönümündən sonra Naxçıvana səfər həm gələcəyə baxış, həm də keçmişə ehtiramdır. Naxçıvandan başlayan dövlətçilik yolu bu gün sülh, inkişaf, regional əməkdaşlıq və yeni iqtisadi imkanlarla davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan qarşıdakı illərdə Azərbaycanın yeni regional reallıqlarının formalaşmasında daha mühüm rol oynaya, ölkənin iqtisadi və nəqliyyat imkanlarının genişlənməsinə, Türk dünyası ilə əlaqələrin möhkəmlənməsinə və regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilər. Bu səfəri bir cümlə ilə belə ifadə etmək mümkündür: Naxçıvandan başlayan dövlətçilik yolu bu gün sülh və inkişaf yolu kimi davam edir”, – C.Məmmədov əlavə edib.
Türkan İsgəndərli