Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu
Moldova Avropa İttifaqının (Aİ) bu ölkə üçün İnkişaf Planında nəzərdə tutulmuş bütün islahatların yerinə yetirilməsi şərtilə bu ilin sonunadək əlavə olaraq 523 milyon avro dəstək ala biləcək.
TodayPress TV xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-Moldova sammitinin yekunlarına dair Aİ Şurasının sədri Antonio Koşta və Moldova Prezidenti Maya Sandu ilə keçirilən birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Kişineu islahatların 93 %-ni artıq yerinə yetirib. "Bu, artıq ölkəniz üçün 504 milyon avro Avropa vəsaitinin blokdan çıxarılmasına imkan verib", - deyə AK rəhbəri bildirib.
Onun sözlərinə görə, əlavə vəsaitlər yolların və körpülərin inşasına, tibbi infrastrukturun modernləşdirilməsinə, şirkətlərin maliyyələşdirməyə çıxışının genişləndirilməsinə və vətəndaşlar üçün yeni imkanların yaradılmasına yönəldilə bilər.
Fon der Lyayen həmçinin bildirib ki, Moldovaya artıq 200 milyon avro ayrılıb və bu, Moldovanı Avropa Sülh Fondu xətti ilə Ukraynadan sonra ikinci ən böyük ikitərəfli yardım alan ölkə edir.
Onun sözlərinə görə, Aİ 2026-cı ildə ölkənin təhlükəsizlik sahəsində ehtiyaclarına yönəlmiş 120 milyon avroluq yeni dəstək paketi hazırlayır. Bundan əlavə, ittifaq Moldovanın hibrid təhdidlərə qarşı dayanıqlığının artırılmasına 11 milyon və sərhəd infrastrukturunun inkişafına 17 milyon avro ayıracaq.
Avropa Komissiyasının rəhbəri bildirib ki, ötən həftə üzvlüklə bağlı ilk danışıqlar klasterinin açılması Moldovanın Aİ-yə üzvlük yolunda tarixi mərhələ və Rusiyanın təzyiqlərinə, hibrid hücumlarına baxmayaraq, ölkənin apardığı islahatların tanınması olub.