Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi
“Mercedes” komandasının pilotu Corc Rassell bolidin texniki problemləri səbəbindən sürüş üslubunu dəyişməyə çalışdığını, lakin sonradan bunun yanlış yanaşma olduğunu anladığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
Rassellin sözlərinə görə, “Silverstoun”da və “Spa” trasında keçirilən məşq sessiyalarında bolidin düzlüklərdə daha sürətli olması üçün sürüş tərzini dəyişməyə çalışıb.
“Bu, həqiqətən də məni çox yüklədi. “Silverstoun”da və “Spa”da cümə və şənbə günlərinin böyük hissəsində bolidin düzlüklərdə sürətli olması üçün necə idarə etməli olduğumu düşünürdüm. Qaza necə basdığımı, ötürmələrdən necə istifadə etdiyimi analiz edirdim.
Məlumatlar problemin səbəbinin məhz bu ola biləcəyini göstərirdi. Lakin sonda məlum oldu ki, məsələ bundan qaynaqlanmır.
Beləliklə, üç sessiya ərzində sürüş üslubumu yeni texnikaya uyğunlaşdırmaq üçün göstərdiyim bütün səylər, əslində, boşa getdi. Sadə məqamlara fokuslansam, ən yaxşı nəticəni məhz o zaman göstərdiyimi bilirəm. Amma bizim məşğul olduğumuz idman növü heç də sadə deyil. Buna görə də “gəlin yalnız sadə şeylərə fokuslanaq” demək bəzən bunu həyata keçirməkdən daha asandır”, – deyə Rassell bildirib.
Namiq HUN
TodayPress TV