Əfsanədən yeni qərar: Bundesliqadan ayrılmadı!
Edin Ceko “Şalke” ilə yeni müqavilə imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bosniya və Herseqovina millisinin hücumçusu Edin Ceko Bundesliqa təmsilçisi ilə müddəti bir mövsümlük olan yeni müqavilə bağlayıb.
Bu gün “Şalke”nin məşqlərinə qoşulacaq Ceko əvvəlki kimi 10 nömrəli formanı geyinəcək.
40 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında yenidən uğur qazanmaq üçün motivasiyalı olduğunu bildirib:
“Hələ də uğur qazanmaq arzusu ilə yaşayıram və Bundesliqada komandama kömək etmək istəyirəm. Qışda “Şalke”yə qoşulduğum gündən möhtəşəm kollektivin bir hissəsinə çevrildim və azarkeşlərimizin inanılmaz dəstəyini hiss etdim. Bundesliqaya yüksəlmək karyeramın ən yaddaqalan anlarından biri idi. Futbol həyatım boyu mənə sevinc və motivasiya verib”.
2026/2027-ci illər mövsümü Ceko üçün peşəkar karyerasında 23-cü mövsüm olacaq.
Bosniyalı futbolçu bu ilin qışında azad agent kimi “Şalke”yə transfer olunub və komandanın II Bundesliqanın çempionu olaraq elitaya yüksəlməsində mühüm rol oynayıb.
Qeyd edək ki, təcrübəli forvard ötən mövsümün ikinci yarısında II Bundesliqada keçirdiyi 11 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Bosniya və Herseqovina millisinin heyətində son dünya çempionatında 3 matçda iştirak edib.
Namiq HUN