Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq
Azərbaycanın qadınlardan ibarət voleybol millisinin üzvü Polina Rəhimova Avropa çempionatından sonra yığmadakı karyerasını başa vuracağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına açıqlamasında bildirib.
Rəhimova AVRO-2026-nın qrup mərhələsində keçiriləcək oyunlardan sonra milli komandadan ayrılacağını söyləyib.
“Evdə karyerama yekun vurmaq böyük fürsətdir. Milli komandaya kömək etmək üçün gəlmişəm və eyni zamanda voleyboldan sonrakı həyata hazırlaşıram. Karyeramı başa vurduqdan sonra yığmada baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərmək istəyirəm. Bu alınmasa, ailə qurub ana olmağı planlaşdırıram”, – deyə voleybolçu bildirib.
Ardıcıl doqquzuncu dəfə Avropa çempionatında iştirak edəcək təcrübəli oyunçu Azərbaycan millisinin C qrupundakı hədəflərindən də danışıb.
“Artıq komandamızın heyətində əvvəlki kimi təcrübəli oyunçular yoxdur. Yeni nəsil formalaşır. Bu, böyük sınaq olacaq, lakin turnirə müsbət yanaşıram. Əsas məqsədimiz qrup mərhələsini keçməkdir. Böyük vədlər vermək istəmirəm. Sadəcə, əlimizdən gələnin ən yaxşısını etməliyik. Azarkeşlərin dəstəyi bizə kömək edəcək”, – deyə Rəhimova qeyd edib.
Polina Rəhimova Azərbaycan millisi ilə 2005 və 2017-ci illərdə Avropa çempionatında dördüncü yeri tutub. O, AVRO-2017-də 151 xalla turnirin ən məhsuldar voleybolçusu olub.
Təcrübəli hücumçu 2015-ci ildə Yaponiya çempionatında keçirilən oyunda 58 xal toplayaraq dünya rekorduna imza atıb.
Qeyd edək ki, C qrupunun oyunları avqustun 21-dən 28-dək keçiriləcək. Azərbaycan millisi qrupda Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq.
Namiq HUN