Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı
Madrid “Real”ı və “Mançester Yunayted”in sabiq hücumçusu Xavyer Ernandes (Çiçarito) “Əl-Nəsr” və Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo haqqında maraqlı fikirlər səsləndirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə Rio Ferdinandın podkastında danışıb.
Çiçaritonun sözlərinə görə, Ronaldo ilə eyni komandada oynamağa başlayanda onun haqqında eşitdiyi bütün hekayələrin doğru olduğuna əmin olub.
“Bu, inanılmaz hiss idi. Ronaldo barədə əvvəllər komanda yoldaşlarımdan çox eşitmişdim. Sonra onunla eyni soyunub-geyinmə otağını bölüşmək mənə qismət oldu və gördüm ki, deyilənlərin hamısı həqiqətdir.
O, hətta şam yeməyi zamanı belə rəqabət aparırdı. Amma bu, təkəbbürdən irəli gəlmirdi. Sadəcə, onun daxilində daim qalib gəlmək istəyi var idi. Ən yaxşı olmaq istəyirsənsə, günün hər anında buna uyğun yaşamalısan”, – deyə meksikalı futbolçu bildirib.
Çiçarito əlavə edib ki, Ronaldo meydandan kənarda da son dərəcə peşəkar və səmimi insan idi:
“Mən də həmişə məşqlərə hamıdan tez gəlirdim, əlavə məşqlər edir, idman zalında çalışırdım. Buna görə də onunla təkbətək vaxt keçirmək imkanım olurdu. İnsanların qarşısında necə idisə, tək qalanda da elə idi. Onun haqqında çox xoş xatirələrim var”, – deyə Çiçarito bildirib.
Qeyd edək ki, Kriştianu Ronaldo karyerası ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə Avropa çempionatının, 2 dəfə UEFA Millətlər Liqasının qalibi olub. O, həmçinin milli komandalar, Avropa çempionatları və UEFA Çempionlar Liqası tarixinin ən məhsuldar bombardiri hesab olunur. Beşqat “Qızıl top” sahibi olan portuqaliyalı futbol tarixinin ən böyük oyunçularından biri sayılır.
Namiq HUN