Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı
“Formula-1”in keçmiş pilotu Devid Kulthard “Mercedes”in 19 yaşlı italiyalı sürücüsü Andrea Kimi Antonelli barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, Kulthard gənc pilotun ailəsinin yarışlara yanaşmasının onun gələcək karyerasında mühüm rol oynaya biləcəyini bildirib.
“Bu oğlan məni inanılmaz dərəcədə heyran edir. Xüsusilə qeyd etmək istədiyim məqam ailəsinin ünsiyyəti və yarışlara yanaşmasıdır. Onlar çox təmkinlidirlər. Düşünürəm ki, bu xüsusiyyət Maks Ferstappendə və digər sürücülərdə də var.
Lakin bu, onun karyerasının uzunömürlü olmasına kömək edəcək. O, lotereyada udduqdan sonra özündənrazı olan insanlardan deyil. Onlar San-Marinoda məskunlaşıblar. Rahat həyatları var. Mən həqiqətən onun uzun və uğurlu karyera quracağına inanıram.
Kimi Antonelli və ailəsi, həmçinin onu dəstəkləyən və “Formula-1”dəki ilk mövsümünün maraqlı, lakin möhtəşəm keçmədiyi vaxtlarda belə onun yanında olan “Mercedes” komandası təqdirəlayiq iş görüb. Aydındır ki, bu, yaxşı başlanğıc idi”, – deyə Kulthard bildirib.
Namiq HUN