Evlərdə gizli xəzinə var: Azərbaycan ailəsinin ehtiyatı nə qədərdir?
Maliyyə vəsaitlərini nağd pulla yanaşı, qızıl-zinət əşyaları formasında saxlamaq Azərbaycan xalqının əsrlər boyu formalaşmış ən etibarlı ənənələrindən biridir.
TodayPress TV xəbər verir ki, Dövlət Statistika Komitəsi və ya müvafiq maliyyə qurumları hər bir ailənin fərdi qızıl ehtiyatını qeydə alan birbaşa statistik hesabat yaymasalar da, müstəqil iqtisadçıların və qızıl bazarının ekspertlərinin rəsmi idxal, daxili hasilat və toy-hədiyyə dövriyyəsinə əsaslanan birgə analizləri maraqlı mənzərəni ortaya qoyur.
Azərbaycanda təqribən 2,3 milyondan çox ailə (ev təsərrüfatı) mövcuddur. Qızıl bazarı ekspertlərinin rəsmi dövriyyə mülahizələrinə əsasən, ölkədə əhalinin əlində olan ümumi qızıl kütləsinin həcmi minimum 150-200 ton arasında qiymətləndirilir.
Bu ümumi kütləni ev təsərrüfatlarının sayına böldükdə, orta hesabla hər evdə təxminən 70-80 qram qızıl olduğu qənaətinə gəlinir. Təbii ki, bu rəqəm sosial təbəqələşməyə görə kəskin fərqlənir: Bəzi ailələrdə bu göstərici bir neçə yüz qram və ya kiloqramlarla ölçüldüyü halda, bəzi evlərdə yalnız minimal toy zinətləri səviyyəsindədir.
Əhalinin qızıla olan marağını rəsmi xarici ticarət rəqəmləri də açıq şəkildə nümayiş etdirir. Dövlət Statistika Komitəsinin rəsmi hesabatlarına görə, son illərdə ölkəyə qızıl idxalında kəskin artımlar qeydə alınıb. Ölkənin daxili qızıl istehsalı (hər il orta hesabla 2-3 ton xalis qızıl) əsasən dövlət ehtiyatlarına və ixraca yönəlsə də, zərgərlik məqsədilə xaricdən tonlarla qızıl gətirilir. İdxal olununan bu qızılın çox böyük hissəsi zərgərlik məmulatlarına çevrilərək birbaşa əhalinin şəxsi yığımlarına daxil olur.
Türkan İsgəndərli