Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi
Son beş gündə erməni mediasının əsas diqqəti yeni parlamentin fəaliyyətə başlaması və baş nazir Nikol Paşinyanın yenidən hökumət formalaşdırmasına yönəlib.
Avqustun 2-də 9-cu çağırış Milli Məclisin ilk iclası keçirilib, hökumət Konstitusiyaya uyğun olaraq istefa verib, daha sonra Paşinyan yenidən baş nazir təyin olunub. Qərbyönümlü siyasətçi Ruben Rubinyan parlamentin sədri, Hayk Konjoryan isə vitse-spiker seçilib.
Siyasi gündəmin ən çox müzakirə olunan mövzularından biri bütün ermənilərin katolikosu II Qareginin ilk dəfə parlamentin açılış iclasına dəvət edilməməsi olub. Müxalif media bunu hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında münasibətlərin daha da gərginləşməsinin göstəricisi kimi təqdim edib.
İqtisadi gündəmdə Rusiya ilə münasibətlər ön planda qalıb. "Chestny Znak" sistemi vasitəsilə Ermənistan məhsullarına tətbiq olunan məhdudiyyətlər, kənd təsərrüfatı məhsullarının ixracında yaranan problemlər və Paşinyanın Ermənistan dəmir yolları ilə bağlı açıqlamaları geniş müzakirə edilib.
Azərbaycanla bağlı xəbərlərdə sülh sazişi, Ermənistan Konstitusiyasına dəyişiklik məsələsi, regional kommunikasiyaların açılması və Zəngəzur istiqaməti əsas mövzular sırasında yer alıb. Hökumətyönlü media sülh prosesini ön plana çıxarsa da, müxalif media Azərbaycanın tələblərini tənqid edən materiallara üstünlük verir.
Son günlər Avropa İttifaqının Ermənistanda qanunsuz miqrantlar üçün qəbul mərkəzi yaradacağı barədə yayılan məlumatlar da geniş rezonans doğurub. Ermənistan Xarici İşlər Nazirliyi bu xəbərləri təkzib edərək belə bir təşəbbüsün gündəmdə olmadığını açıqlayıb.
Daxili siyasətdə Samvel Karapetyan və digər müxalif fiqurların payızda siyasi fəallığın artacağı ilə bağlı açıqlamaları, Qaqik Tsarukyan ətrafındakı hüquqi proseslər və Anna Akopyana yönələn təhdidlərlə bağlı xəbərlər gündəmdə qalıb.
Bundan başqa, Ermənistanın Çin, Qazaxıstan və digər tərəfdaş ölkələrlə əlaqələri, Paşinyanın yenidən baş nazir seçilməsi münasibətilə göndərilən təbriklər və iqtisadi vəziyyətlə bağlı qiymətləndirmələr də erməni mediasında geniş yer alıb. Xüsusilə, Rusiya Prezidenti Vladimir Putinin Nikol Paşinyanı yenidən baş nazir seçilməsi münasibəti ilə təbrik etməməsi də əsas müzakirə mövzularından olub.
İstifadə olunan əsas mənbələr:
Armenpress
News.am
JAMnews
CivilNet
PanARMENIAN
Alpha News Armenia
Public Radio of Armenia (ArmRadio).
Jalə Rövşən