Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı?
Azərbaycan ədaləti bərpa edən dövlətdən Cənubi Qafqazın yeni reallığını formalaşdıran dövlətə necə çevrildi?
Dövlətlərin tarixində elə tarixlər olur ki, onlar sadəcə təqvimdə qeyd olunan günlər deyil, bir dövrün başa çatmasının və yeni mərhələnin başlanmasının rəmzinə çevrilirlər. 2025-ci il avqustun 8-i məhz Cənubi Qafqaz üçün belə bir tarix oldu.
Həmin gün ABŞ Prezidentinin iştirakı ilə Ağ evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. İlk baxışdan bu, növbəti diplomatik sənəd təsiri bağışlaya bilərdi. Lakin onun əhəmiyyəti adi beynəlxalq saziş çərçivəsindən qat-qat genişdir. Bu, beynəlxalq ictimaiyyətin regionda formalaşmış yeni siyasi reallığı faktiki olaraq tanıdığı bir an idi.
Bu reallıq mürəkkəb tarixi prosesin nəticəsi idi: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Azərbaycan-Ermənistan arasında uzun illər davam edən münaqişənin başa çatması və Cənubi Qafqazın yeni təhlükəsizlik sisteminə keçidi. Lakin bu hadisənin əsas əhəmiyyəti yalnız müharibənin başa çatması ilə məhdudlaşmır. Tarix döyüş meydanında qələbə qazanmış çoxlu dövlət tanıyır. Ancaq həmin qələbəni davamlı sülhə çevirə bilən dövlətlərin sayı xeyli azdır. Məhz buna görə də istənilən müharibədən sonra əsas sual yalnız kimin qalib gəlməsi deyil. Əsas sual başqadır: dövlət qazandığı qələbə ilə nə edir?
Keçmişin məntiqi ilə yaşamağa, yeni münaqişələr, yeni iddialar və yeni qarşıdurmalar yolunu seçməyə də olar. Tarixi məqamdan istifadə edərək yeni reallıq yaratmağa da. Azərbaycan ikinci yolu seçdi.
Müstəqilliyini bərpa etdikdən sonra təxminən otuz il ərzində Azərbaycan postsovet məkanının ən mürəkkəb problemlərindən biri ilə üzləşdi – ərazi bütövlüyünün pozulması və beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərarların icrasının mümkün olmaması. Bir tərəfdən BMT Təhlükəsizlik Şurasının qətnamələri və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması mövcud idi. Digər tərəfdən isə bu prinsiplər uzun müddət onların praktik icrasını təmin edən mexanizmlərlə dəstəklənmirdi. Nəticədə elə bir vəziyyət yarandı ki, beynəlxalq hüquq formal olaraq mövcud olsa da, ədalətin real bərpasını təmin etmirdi. Məhz buna görə də münaqişə həll olunmamış, sadəcə təxirə salınmış vəziyyətdə qalırdı.
Tarix bir daha sadə həqiqəti sübut etdi: dondurulmuş münaqişə sülh demək deyil. Bu, sadəcə növbəti böhran ərəfəsində yaranan fasilədir. Çünki həll edilməmiş ədalətsizlik heç vaxt öz-özünə aradan qalxmır. Son onilliklər ərzində Azərbaycan mürəkkəb inkişaf yolu keçib.
Bu, yalnız hərbi gücün artırılması yolu deyildi, ilk növbədə öz strategiyasını müstəqil müəyyən edə bilən dövlətin formalaşdırılması yolu idi. İqtisadi inkişaf, dövlət institutlarının möhkəmləndirilməsi, NATO standartlarına uyğun müasir ordunun qurulması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, enerji sektorunun inkişafı və ardıcıl diplomatiya bu gün Azərbaycanın regionda tutduğu yeni mövqenin əsasını təşkil etdi. 2020 və 2023-cü illərdə baş verən hadisələrə yalnız hərbi əməliyyatların nəticəsi kimi baxmaq olmaz. Onların arxasında nə təsadüf, nə də şəraitin uğurlu üst-üstə düşməsi dayanırdı. Əksinə, onların əsasında onilliklər boyu həyata keçirilmiş ardıcıl dövlət strategiyası dururdu. Bu strategiyada atılan hər bir addım vahid məqsədə – ədalətin bərpasına və ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edirdi. Azərbaycanın hərbi gücü bu məqsədə çatmaq üçün istifadə olunan vasitələrdən biri idi. Lakin dövlətin məqsədi bundan daha geniş idi – beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa etmək, suverenliyi möhkəmləndirmək və uzunmüddətli sülh üçün şərait yaratmaq. Azərbaycan strategiyasının əsas fərqi də məhz burada özünü göstərir.
Məqsəd yalnız ərazi bütövlüyünü bərpa etmək deyildi. Məqsəd həm də öz gələcəyini müstəqil müəyyən edə bilən güclü və suveren dövlət qurmaq idi. Son onilliklərin əsas nəticəsi də məhz bundan ibarətdir.
Azərbaycan təkcə ətrafındakı vəziyyəti deyil, beynəlxalq sistemdə öz yerini də dəyişdi. Hələ bir neçə il əvvəl beynəlxalq qiymətləndirmələrin əksəriyyətində Azərbaycan ilk növbədə həll olunmamış münaqişə və ərazilərinin bir hissəsinin işğalı prizmasından qiymətləndirilirdi. Bu gün isə vəziyyət prinsipial şəkildə fərqlidir. Azərbaycan artıq yalnız milli maraqlarını müdafiə edən dövlət deyil, həm də regional gündəliyin formalaşdırılmasında iştirak edən dövlətdir. Məhz bu, ölkənin kiçik dövlət kateqoriyasından “Middle Power” – yəni orta güc statusuna malik dövlətlər kateqoriyasına keçidinin əsas göstəricilərindən biridir. Müasir siyasi elmdə dövlətin statusu təkcə əhalisinin sayı, ərazisinin ölçüsü və ya iqtisadiyyatının həcmi ilə müəyyən edilmir. Şübhəsiz ki, bu amillər əhəmiyyətlidir. Lakin XXI əsrdə dövlətin ətrafında baş verən proseslərə təsir göstərmək qabiliyyəti getdikcə daha böyük rol oynayır. Orta güc statusuna malik dövlət – müstəqil xarici siyasət həyata keçirmək, beynəlxalq təşəbbüslər irəli sürmək və öz coğrafi mühitindən kənara çıxan tərəfdaşlıqlar formalaşdırmaq üçün kifayət qədər potensiala malik olan dövlətdir.
Dövlətin əsl statusu başqalarının onun haqqında nə qədər danışması ilə deyil, başqalarının onun mövqeyini nə qədər nəzərə almağa məcbur qalması ilə müəyyən olunur. Bu baxımdan bu gün Azərbaycanın keçdiyi yol məhz bu meyarlarla qiymətləndirilməlidir. Müstəqillik illərində ölkə siyasi sabitliyi, iqtisadi inkişafı, enerji diplomatiyasını, müdafiə qabiliyyətinin gücləndirilməsini və fəal xarici siyasəti özündə birləşdirən inkişaf modelini formalaşdırdı. Nəticədə Azərbaycan digər oyunçuların qərarlarının obyekti olmaqdan çıxaraq həmin qərarları formalaşdıran subyektlərdən birinə çevrildi. Xüsusilə vacib olan odur ki, bu transformasiya son dərəcə mürəkkəb tarixi şəraitdə baş verdi. Sovet İttifaqının dağılmasından sonra bir çox dövlətlər ərazi münaqişələri, xarici təzyiqlər və məhdud beynəlxalq təsir imkanları ilə üzləşdilər. Lakin onların heç də hamısı bu çağırışları dövlət inkişafı üçün stimula çevirə bilmədi. Azərbaycan ədalətin bərpası uğrunda mübarizə aparmağa məcbur olan ölkədən bu gün regionun gələcəyinə dair öz baxışını irəli sürən ölkəyə çevrilib. Məhz buna görə də 2025-ci il avqustun 8-də Ağ evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması təkcə diplomatik sənəd deyil, həm də daha dərin transformasiyanın simvoludur. Ağ evdə atılmış bir imzanın arxasında Azərbaycanın statusunun dəyişməsinə gətirib çıxaran uzunmüddətli tarixi proses dayanır. Bu prosesi yalnız son ayların diplomatik danışıqları və ya ayrı-ayrı dövlətlərin vasitəçilik səyləri ilə izah etmək mümkün deyil.
Diplomatiya həmişə artıq mövcud olan reallıqla işləyir. O, baş vermiş dəyişiklikləri rəsmiləşdirə bilər, lakin onları sıfırdan yaratmağa nadir hallarda qadirdir. Məhz buna görə də 2025-ci il avqustun 8-də sülh müqaviləsinin paraflanması yalnız Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdıqdan sonra mümkün oldu.
Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra məsələ artıq əvvəlki status-kvonun qorunub saxlanılması deyil, region dövlətləri arasında yeni münasibətlər sisteminin qurulması idi. Bu prosesin əsas dərsi ondan ibarətdir ki, davamlı sülh reallığın qəbul edilmədən mümkün deyil. Tarix göstərir ki, münaqişələr onilliklər boyu məhz ona görə davam edir ki, tərəflər gələcəklə bağlı bir-birinə uyğun gəlməyən təsəvvürləri qoruyub saxlamağa çalışırlar. Lakin gec-tez elə bir məqam yetişir ki, siyasi reallıq yeni qərarlar qəbul etməyi zəruri edir.
Ermənistan üçün belə bir məqam əvvəlki – Azərbaycana qarşı ərazi iddialarına əsaslanan siyasətin artıq yeni şəraitə uyğun gəlmədiyini dərk etməsi oldu. Azərbaycan üçün isə bu, ədalətin bərpası vəzifəsindən gələcəyin qurulması vəzifəsinə keçid mərhələsi idi. Azərbaycanın mövqeyinin əsas xüsusiyyəti ondan ibarət idi ki, ölkə öz ərazi bütövlüyünü bərpa etdikdən sonra sonsuz qarşıdurma yolunu seçmədi.
Tarixdə müharibədə qazanılan qələbələrin yeni münaqişələrin başlanğıcına çevrildiyi çoxsaylı nümunələr var. Dünənin qurbanının yeni qeyri-sabitlik mənbəyinə çevrildiyi, bir qarşıdurmanın başa çatmasının digərinin başlanğıcı olduğu hallar az olmayıb. Lakin hər bir məsuliyyətli dövlətin strateji vəzifəsi yalnız qələbə qazanmaq deyil, müharibənin özünə ehtiyacı aradan qaldıracaq şərait yaratmaqdır. Məhz buna görə də 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlər bu qədər böyük əhəmiyyət daşıyır. Bu, müharibənin başqa vasitələrlə davamı deyil, yeni bir dövrə keçid idi.
Burada daha bir tarixi məqamı xüsusi qeyd etmək lazımdır. Azərbaycan təkcə beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasına nail olmadı, eyni zamanda Ermənistanla gələcək münasibətlərin əsasını təşkil etməli olan sülh prinsiplərinin təşəbbüskarı kimi çıxış etdi. Bu prinsiplərin təməlində beynəlxalq hüququn əsas normaları dayanır:
bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarından imtina edilməsi və dövlətlərarası münasibətlərin bərabərhüquqluluq əsasında qurulması. Məhz bu prinsiplər uzunmüddətli sülhün bünövrəsini təşkil edir. Çünki həqiqi sülh sadəcə hərbi əməliyyatların dayandırılması deyil, tərəflər arasında elə qarşılıqlı münasibətlər sisteminin yaradılmasıdır ki, münaqişəyə qayıdış mümkün olmasın. Bu baxımdan Azərbaycan tarixi seçim qarşısında idi. Qələbəyə yalnız hərbi qarşıdurmanın yekunu kimi baxmaq da olardı, onu tarixin yeni səhifəsini açmaq imkanı kimi qiymətləndirmək də.
Azərbaycan məhz ikinci yolu seçdi. Qələbə son məqsədə deyil, yeni regional təhlükəsizlik və əməkdaşlıq arxitekturasının yaradılması vasitəsinə çevrildi. Ola bilsin ki, məhz bu, sadəcə müharibədə qalib gələn dövlətlərlə tarixi dəyişən dövlətlər arasındakı ən mühüm fərqdir. Bu məqamda İkinci Dünya müharibəsindən sonrakı Avropa təcrübəsini xatırlamaq yerinə düşər.
1945-ci ildən sonra keçmiş rəqiblər – Almaniya və Fransa arasında əsrlər boyu davam etmiş qarşıdurmanın strateji tərəfdaşlığa çevrilməsi üçün uzun illər tələb olundu. 1963-cü ildə imzalanmış Yelisey müqaviləsi göstərdi ki, hətta ən dərin tarixi münaqişələr belə, gələcəyə baxmaq üçün siyasi iradə olduqda aradan qaldırıla bilər. Şübhəsiz ki, hər bir tarixi vəziyyət özünəməxsusdur. Lakin ümumi dərs universaldır: xalqlar keçmişi dəyişə bilməzlər, ancaq gələcəklərini dəyişmək iqtidarındadırlar. Məhz buna görə də Azərbaycanla Ermənistan arasında sülh təkcə iki dövlət üçün deyil, bütün Cənubi Qafqaz üçün əhəmiyyət kəsb edir. Onilliklər boyu münaqişələr prizmasından qiymətləndirilən region bu gün əməkdaşlıq məkanına çevrilmək şansı qazanır. Enerji layihələri, nəqliyyat kommunikasiyaları, ticarət və iqtisadi inteqrasiya elə yeni bir reallıq yarada bilər ki, burada sabitlik inkişafın əsas resursuna çevrilsin. Lakin bunun üçün keçmiş siyasətindən imtina etmək və gələcək qarşısında məsuliyyəti qəbul etmək lazımdır. Azərbaycan ilə ABŞ arasında münasibətlərin xarakterində baş vermiş dəyişiklik də ayrıca diqqətə layiqdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı 35 il ərzində bu münasibətlər müxtəlif mərhələlərdən keçib.
Energetika sahəsində, regional təhlükəsizlik məsələlərində və nəqliyyat layihələrinin inkişafında fəal əməkdaşlıq dövrləri olub. Eləcə də siyasi fikir ayrılıqlarının ikitərəfli gündəliyə təsir göstərdiyi, xüsusilə Obama və Bayden administrasiyaları dövründə daha mürəkkəb mərhələlər yaşanıb. Lakin beynəlxalq münasibətlər tarixi göstərir ki, həqiqi strateji tərəfdaşlıqlar təkcə dövlətlər arasında fikir ayrılıqları olmadıqda yaranmır. Onlar həm də ölkələr uzunmüddətli maraqlarının üst-üstə düşdüyünü aydın şəkildə gördükləri zaman formalaşır. Məhz bu, Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra Azərbaycan ilə ABŞ arasında münasibətlərdə baş verdi. Son onilliklər ərzində Azərbaycanın regional və beynəlxalq siyasətdəki əhəmiyyəti əsaslı şəkildə dəyişib və bu gün Azərbaycan artıq sadəcə Cənubi Qafqaz dövləti deyil.
O, Avropa üçün mühüm enerji tərəfdaşı, Şərqlə Qərbi birləşdirən nəqliyyat layihələrinin əsas iştirakçılarından biri və regional sabitliyin təmin olunmasında mühüm rol oynayan dövlətdir. Buna görə də Vaşinqton ilə Bakı arasındakı münasibətləri artıq yalnız ikitərəfli əlaqələr prizmasından qiymətləndirmək mümkün deyil. Onlar daha geniş geosiyasi mənzərənin tərkib hissəsinə çevrilib. Bu gün Cənubi Qafqazın sabitliyi enerji təhlükəsizliyi, yeni nəqliyyat marşrutlarının inkişafı və regionda maraqlar balansının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. 2025-ci il avqustun 8-də baş verən hadisələr də məhz bu münasibətlərin yeni mərhələsinin rəmzinə çevrildi.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ABŞ Prezidentinin iştirakı ilə Ağ evdə paraflanması təkcə diplomatik deyil, həm də mühüm siyasi əhəmiyyət daşıyırdı. Bu, Cənubi Qafqazda nizamlanma prosesinin artıq iki qonşu dövlət arasında lokal münaqişə kimi deyil, daha geniş regional təhlükəsizlik sisteminin mühüm elementi kimi qiymətləndirildiyini göstərirdi. Ən vacibi isə odur ki, Azərbaycan bu prosesin mərkəzində vasitəçilik obyektinə çevrilmiş dövlət kimi deyil, yeni reallığın formalaşdırılmasının müstəqil iştirakçısı kimi yer aldı. Məhz bu, ölkənin statusunun dəyişməsinin əsas göstəricisidir.
Amerika-Azərbaycan münasibətlərində yeni səhifənin mühüm mərhələlərindən biri strateji tərəfdaşlığın daha yüksək səviyyəyə keçirilməsinin müzakirəsi oldu. Söhbət yalnız siyasi bəyanatlardan deyil, həm də əməkdaşlığın konkret istiqamətlərindən gedir. Bu istiqamətlərə energetika, nəqliyyat, investisiyalar, təhlükəsizlik və yeni kommunikasiya imkanlarının inkişafı daxildir. Xüsusilə TRIPP layihəsi və Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada nəqliyyat marşrutları artıq yalnız iqtisadi layihələr deyil, həm də geosiyasətin mühüm elementidir.
Regionlar arasında əlaqəni təmin edə bilən dövlətlər əlavə siyasi təsir imkanları əldə edirlər. Bu baxımdan Azərbaycan yenidən sadəcə proseslərin iştirakçısı kimi deyil, yeni regional arxitekturanı formalaşdıran dövlətlərdən biri kimi çıxış edir. ABŞ-nin Azadlığa Dəstək Aktına 907-ci düzəlişi məsələsi də ayrıca əhəmiyyət kəsb edir. Uzun illər ərzində bu məsələ Amerika-Azərbaycan münasibətlərinin ən həssas mövzularından biri olaraq qalırdı. Lakin regionda yaranmış yeni reallıq tamamilə fərqli tarixi dövrdə formalaşmış yanaşmalara yenidən baxılmasının zəruriliyini ortaya qoydu. Bu gün Cənubi Qafqaz tamamilə başqa siyasi vəziyyətdədir.
Azərbaycan artıq ədalətin bərpası məsələsində yalnız beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac duyan dövlət deyil. O, regional sabitliyin təmin olunmasına mühüm təsir göstərən dövlətə çevrilib. Məhz buna görə də Vaşinqton ilə Bakı arasında münasibətlərin yeni formata keçməsi bu yeni reallığın təbii nəticəsidir. Nəticə etibarilə, Amerika-Azərbaycan münasibətlərinin transformasiyası və Azərbaycan-Ermənistan sülh prosesi vahid böyük prosesin tərkib hissələridir. Bu proses nəticəsində Azərbaycan beynəlxalq sistemdə yeni yer qazanıb.
Bir neçə onillik əvvəl əsasən münaqişə prizmasından qiymətləndirilən ölkəmiz bu gün enerji, nəqliyyat, regional təhlükəsizlik və ən başlıcası isə sülh imkanları baxımından dəyərləndirilir. Məhz buna görə də Azərbaycanın təcrübəsi Cənubi Qafqazın hüdudlarından çox kənarda da maraq doğurur. Bu gün dünya beynəlxalq təhlükəsizlik sisteminin son dərəcə ciddi böhranı ilə üz-üzədir. Onilliklər boyu dünya nizamının əsasını təşkil etdiyi hesab olunan prinsiplər ciddi sınaqlarla qarşılaşır. Dünyanın müxtəlif regionlarında dövlətlər ərazi bütövlüyünün pozulması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsi cəhdləri və yeni çağırışlara effektiv cavabların axtarılması zərurəti ilə üzləşirlər. Belə bir şəraitdə bir əsas nəticə xüsusilə əhəmiyyətlidir: Beynəlxalq hüquq yalnız onun müdafiəsinin arxasında ardıcıl dövlət siyasəti dayandığı halda real əhəmiyyət kəsb edir.
Təkcə bəyanatlar kifayət etmir. Lakin təkcə güc də dayanıqlı nizam yaratmağa qadir deyil. Tarixi nəticə o zaman əldə olunur ki, dövlət strategiyanı, gücü, diplomatiyanı və beynəlxalq tərəfdaşlığı birləşdirməyi bacarsın. Azərbaycanın təcrübəsi daha bir mühüm həqiqəti nümayiş etdirir. Nəticə etibarilə, dövlətin taleyini yalnız xarici oyunçuların münasibəti müəyyən etmir. Müttəfiqlərin dəstəyi və beynəlxalq tərəfdaşlıq böyük əhəmiyyət daşıyır, lakin heç bir dövlət öz gələcəyinə görə məsuliyyəti başqalarının üzərinə qoya bilməz.
Məşhur ifadədə deyildiyi kimi: “Batanların xilası elə onların öz əlindədir”.
Siyasətdə bu sadə həqiqəti ifadə edir: hər şeydən əvvəl dövlətin özü milli maraqlarını müdafiə etmək üçün siyasi iradəyə, strategiyaya və imkanlara malik olmalıdır. Məhz buna görə də Azərbaycanın əsas resursu təkcə iqtisadiyyat, ordu və ya diplomatiya olmadı. Əsas resurs cəmiyyətin fundamental milli məqsədlər ətrafında birləşməsi oldu.
Məhz bu amil Azərbaycan təcrübəsini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Son illərin tarixi göstərdi ki, cəmiyyət ümummilli məqsəd ətrafında birləşdiyi zaman heç bir xarici çağırış dövləti sarsıda bilmir. Bütün Azərbaycan cəmiyyətinin həmrəyliyi ölkənin uğurunun ən mühüm tərkib hissələrindən birinə çevrildi. Lakin bu birliyi qələbədən sonra qoruyub saxlamaq artıq yeni tarixi vəzifədir. Çünki qələbə müharibəni başa çatdırır, cəmiyyətin birliyi isə dövlətin gələcəyini müəyyən edir. Məhz buna görə də Azərbaycanın təcrübəsi Ukrayna üçün də xüsusi maraq kəsb edir.
Əlbəttə, hər bir ölkənin öz tarixi, öz şəraiti və özünəməxsus xüsusiyyətləri var. Bir ölkənin təcrübəsini mexaniki şəkildə başqa bir vəziyyətə tətbiq etmək mümkün deyil. Lakin ərazi bütövlüyünə təhdidlə üzləşmiş istənilən dövlət üçün əhəmiyyət daşıyan universal dərslər mövcuddur.
Birinci dərs ondan ibarətdir ki, dövlət öz milli məqsədlərini aydın şəkildə müəyyən etməlidir. İkinci dərs – ədalətin bərpası yalnız hərbi potensial deyil, həm də güclü diplomatiya tələb edir. Üçüncü dərs isə ondan ibarətdir ki, strateji məqsədlərə nail olunduqdan sonra əsas vəzifə davamlı sülhün yaradılmasıdır. Çünki həqiqi qələbə yalnız geri qaytarılanlarla deyil, bundan sonra hansı gələcəyin qurula bilməsi ilə ölçülür.
Müstəqillik illərində Azərbaycan xarici siyasətinin daha bir mühüm prinsipini formalaşdırıb. Müasir dünyada dövlət kiminsə davamı olmamalı, özünə məxsus dövlət olmalıdır.
Azərbaycanın nə Qərbyönlü, nə Rusiyayönlü, nə İranyönlü, nə də Çinyönlü olmasına ehtiyac var. Azərbaycanın Azərbaycanyönlü olması lazımdır. Məhz bu prinsip dövlətə bütün güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmağa, eyni zamanda ən vacib olanı – öz müstəqilliyini və milli maraqlarına əsaslanaraq qərar qəbul etmək qabiliyyətini qoruyub saxlamağa imkan verir.
Son onilliklər ərzində Azərbaycanın keçdiyi yola nəzər saldıqda əsas həqiqət aydın görünür: ölkənin tarixi təkcə müharibə və qələbə tarixi deyil. Bu, dövlət quruculuğunun, mürəkkəb şəraitin imkanlara çevrilməsinin tarixidir. Bu, mövcudluq hüququnu müdafiə etmək zərurətindən bütöv bir regionun gələcəyinə təsir göstərmək imkanına keçid tarixidir. Otuz beş il əvvəl Azərbaycan müstəqillik yoluna öz təhlükəsizliyinin fundamental məsələlərini həll etməyə məcbur olan bir dövlət kimi qədəm qoymuşdu. Bu gün isə o, regional gündəliyi formalaşdırmağa qadir dövlət kimi inkişafının yeni mərhələsinə qədəm qoyur. Məhz bununla da Azərbaycanın kiçik dövlət statusundan middle power – orta güc statusuna malik dövlət səviyyəsinə yüksəlməsinin əsas mənası ifadə olunur.
Hər bir dövlətin tarixində elə məqamlar olur ki, həmin vaxt təkcə onun gücü deyil, həm də siyasi yetkinliyi sınağa çəkilir. Azərbaycan üçün belə bir məqam qələbədən sonrakı illər oldu. Ölkə keçmişin məntiqi ilə yaşaya, münaqişə haqqında xatirələrlə kifayətlənə bilərdi. Lakin başqa yol seçildi – gələcəyin qurulması yolu. Məhz buna görə də 2025-ci il avqustun 8-də baş verən hadisələr bu qədər böyük əhəmiyyət daşıyır. Həmin hadisələr göstərdi ki, dövlətin gücü yalnız qələbə qazanmaq bacarığında deyil, həm də həmin qələbədən sülh yaratmaq üçün istifadə etmək qabiliyyətindədir.
Şarl de Qollun məşhur sözləri ilə desək:
“Dövlətin böyüklüyü təkcə onun gücü ilə deyil, qarşısına qoyduğu məqsədlərin böyüklüyü ilə müəyyən olunur”.
Son onilliklərdə Azərbaycanın tarixi dövlət gücünün məhz belə dərk edilməsinin nümunəsidir. Azərbaycanın gücü təkcə pozulmuş ərazi bütövlüyünü bərpa etmək və milli maraqlarını qorumaq bacarığında deyil, həm də qələbədən sonra gələcəyin yeni modelini təklif etmək qabiliyyətində özünü göstərdi. Bu model qarşıdurmanın davam etdirilməsinə deyil, sülhün, sabitliyin və əməkdaşlığın qurulmasına əsaslanır.
Çünki dövlətin həqiqi qələbəsi yalnız müharibənin gedişatını dəyişməkdə deyil, tarixin gedişatını dəyişməkdədir. 2025-ci il avqustun 8-i məhz belə bir məqam oldu – qələbə özünün ən ali təyinatına çatdı və sülhün başlanğıcına çevrildi.
Ramiz Yunus
“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru