Qarabağda separatçıları dəstəkləyirdilər, Çeçenistanda qətliama əl çalırdılar – İndi hansı maskanı taxıblar?
Müharibədə elə şeylər var ki, onları düşmənə vermək olmaz. Şəhərləri, yüksəklikləri, strateji obyektləri vermək olmaz. Amma elə bir ərazi də var ki, onun itirilməsi bəzən döyüş meydanındakı məğlubiyyətdən daha ağır nəticələrə səbəb olur. Bu, insanların şüuru və dövlətin informasiya məkanıdır.
Məhz bu məkan uğrunda bu gün Rusiya-Ukrayna müharibəsinin ən mühüm döyüşlərindən biri gedir.
Dörd ildən artıq davam edən genişmiqyaslı müharibə ərzində Ukrayna öz səmasını, şəhərlərini və dövlətçiliyini qorumağı öyrənib. Lakin qələbənin döyüş meydanındakı uğur qədər vacib olduğu daha bir cəbhə var. Bu, informasiya cəbhəsidir.
Rusiya heç vaxt yalnız tanklar və raketlərlə müharibə aparmayıb. Bu, Rusiya imperiyası dövründə də belə olub, Sovet İttifaqı zamanında da, bu gün də eyni şəkildə davam edir. Hərbi ekspansiya həmişə ideoloji təsirin, narrativlərin və ictimai şüura nüfuz etməyə yönəlmiş fəaliyyətin genişlənməsi ilə müşayiət olunub. Bir çoxları yanlış olaraq rus təbliğatını hər gün televiziyada imperiyanın böyüklüyünü və müharibənin zəruriliyini izah edən bir qrup qışqıran təbliğatçı kimi təsəvvür edir. Əslində isə sistem bundan qat-qat mürəkkəb qurulub.
Rusiya daxilindəki auditoriya üçün ayrı təbliğatçılar, Qərb auditoriyası üçün başqaları, postsovet məkanı üçün isə "yaxşı ruslar" fəaliyyət göstərirlər. Simalar, intonasiyalar və şüarlar fərqli olsa da, strateji məqsəd dəyişmir: Rusiyanın öz sərhədlərindən kənarda ictimai rəyə təsir imkanlarını qoruyub saxlamaq.
Bu sistem dünən yaranmayıb. Hələ Sovet dövründə ideoloji təsirin nəhəng mexanizmi SSRİ DTK-sının Beşinci Baş İdarəsinin nəzarəti altında formalaşdırılmışdı. Uzun illər bu quruma DTK generalı Filipp Bobkov rəhbərlik edib. Dövrlər dəyişdi, Sovet İttifaqı dağıldı, DTK-nın yerini Federal Təhlükəsizlik Xidməti (FTX) tutdu. Lakin ictimai şüurla işləməyin məntiqi dəyişmədi. Alətlər dəyişdi, məqsəd isə dəyişməz qaldı. Bu, xüsusilə postsovet məkanında daha aydın görünür.
Azərbaycanlı olaraq mən də bir çox həmvətənlərimin verdiyi sualı verməyə bilmərəm. Nə üçün Azərbaycan ilk gündən Ukraynanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəklədi? Nə üçün Azərbaycan cəmiyyəti bu müharibəni beynəlxalq hüququn prinsip məsələsi kimi qəbul etdi? Və nə üçün bütün bunlara baxmayaraq, bu günə qədər bir çox ukraynalılar dünən eyni prinsiplərin başqa xalqlara münasibətdə pozulmasına haqq qazandıran insanları diqqətlə dinləməyə hazırdırlar?
Postsovet məkanının tarixi ayrı-ayrı münaqişələrin toplusu deyil. Bu, fəsillərə bölünmüş vahid tarixdir.
Çeçenistan. Gürcüstan. Moldova. Azərbaycan. Ukrayna...
Bunlar müxtəlif kitablar deyil. Bu, eyni kitabdır.
Bütün bu hallarda söhbət dövlət suverenliyi prinsipi ilə imperiya təfəkkürü arasında toqquşmadan gedirdi. Hər dəfə ya Rusiyanın siyasətini açıq şəkildə dəstəkləyən, ya da baş verənlərə göz yuman insanlar tapılırdı.
Xüsusilə "yaxşı ruslar" adlandırılan şəxslərin tarixçəsi bu baxımdan olduqca xarakterikdir.
2022-ci il fevralın 24-dən sonra Rusiya liberal müxalifətinin bir çox nümayəndəsi Ukrayna televiziya kanallarının, ekspert platformalarının və Qərbin müzakirə forumlarının daimi qonağına çevrildi. Onlar düzgün sözlər deyir, müharibəni pisləyir, Kremli tənqid edir və Rusiyanın demokratik gələcəyi barədə danışırlar.
Lakin tamamilə qanunauyğun bir sual yaranır: bütün bu insanlar iki Çeçenistan müharibəsi zamanı harada idilər? 2008-ci ilin avqustunda Gürcüstana qarşı müharibə gedərkən onların səsi niyə eşidilmirdi? Moldovanın ərazi bütövlüyü pozulanda onların bəyanatları harada idi?
Beynəlxalq hüququn Azərbaycana münasibətdə təxminən otuz il ərzində kobud şəkildə pozulmasına göz yumularkən onların prinsipial mövqeyi harada idi? Nə üçün bu "demokratiya carçıları" hər iki Qarabağ müharibəsi zamanı beynəlxalq hüququn tərəfində olan Azərbaycanı deyil, təcavüzkar Ermənistanı dəstəkləyirdilər?
Ukraynanın bu sualları verməyə tam haqqı var.
Çünki siyasətçinin bioqrafiyası onun sözlərinin Ukraynada xoş qarşılanmağa başladığı gündən başlamır. Bu bioqrafiyanın kökləri daha əvvələ gedib çıxır.
Əgər bir insan dünən bəzi xalqlara qarşı beynəlxalq hüququn pozulmasına haqq qazandırır, bu gün isə Ukrayna üçün həmin hüququn müdafiəsini tələb edirsə, bu zaman təkcə onun siyasi baxışları deyil, həm də mənəvi ardıcıllığı barədə suallar yaranır.
Bu gün Ukrayna auditoriyasının müəyyən hissəsi üçün mənəvi avtoritet rolunda çıxış edən Rusiya liberal müxalifətinin ən tanınmış nümayəndələrinin siyasi bioqrafiyalarına nəzər salmaq kifayətdir.
Rusiya müxalifətinin ən məşhur simalarından biri olan Mixail Xodorkovski özü dəfələrlə Çeçenistan kampaniyası zamanı Rusiya ordusunu dəstəklədiyini etiraf edib. Bu gün o, Kremlin və Ukraynaya qarşı müharibənin ən fəal tənqidçilərindən biridir. Lakin Ukraynanın belə bir sual verməyə haqqı var: Xodorkovskinin bu transformasiyası prinsiplərə yenidən baxmasının nəticəsidir, yoxsa Rusiyada kriminal biznesini və nüfuzunu itirdikdən, ölkəni tərk etməyə məcbur qaldıqdan sonra Rusiya hakimiyyəti ilə yaşadığı şəxsi münaqişənin məhsuludur?
Başqa bir nümunə isə Harri Kasparovdur. Azərbaycanda doğulmuş, uzun illər öz Vətəni və Azərbaycan dövləti tərəfindən dəstəklənmiş bu şəxs İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin açıq şəkildə ermənipərəst və beynəlxalq hüquqa zidd hesab etdiyi mövqe tutdu. Bəs prinsiplər necə oldu, Harri? Yoxsa bu prinsiplər yalnız ermənilərə şamil olunur, azərbaycanlılara yox? Məhz bu şəxs bu gün Ukraynanın ən fəal tərəfdarlarından biri kimi çıxış edir, Rusiya anti-Putin mühacirətinin liderlərindən sayılır və elə həmin Xodorkovski ilə birlikdə "Rusiyanın Müharibə Əleyhinə Komitəsi" adlandırılan qurumu yaradıb.
Ukraynanı müdafiə edənlərin sırasında "yaxşı ruslar" adlandırılan bu cür siyasi buqələmunların sayı isə kifayət qədər çoxdur.
Problem onların bu gün Ukraynanı dəstəkləməsində deyil. Bu gün Ukraynanı dəstəkləmək düzgün mövqedir. Problem ondadır ki, onların bir çoxu dünən eyni prinsipləri başqa xalqlara münasibətdə müdafiə etmirdi. Deməli, Ukraynanın yalnız bu gün səsləndirilən bəyanatlarla deyil, özünü müttəfiq adlandıran şəxslərin siyasi keçmişi ilə də maraqlanmağa tam haqqı var.
Söhbət milliyyətdən getmir. Söhbət siyasi məsuliyyətdən gedir.
Mən təxminən 40 ildir, böyük siyasətin içindəyəm və qətiyyətlə deyə bilərəm ki, bugünkü Rusiya liberal müxalifətində Kremlin əleyhdarı olan şəxslər arasında Çeçenistana, Gürcüstana, Azərbaycana və ya Moldovaya qarşı həyata keçirilən təcavüzlərə ardıcıl şəkildə etiraz etmiş insanlara rast gəlmək mümkün deyil. Əvəzində, "demokratik dəyərləri" yalnız müharibə Ukraynaya gəlib çatdıqdan sonra birdən-birə kəşf edənlər kifayət qədərdir.
Məhz əsas suallar da onlara ünvanlanır.
Müharibə başqalarının təcrübəsini öyrənmək üçün vaxt qoymur. Ukrayna şəhərlərinin üzərinə raketlər yağdığı bir vaxtda Ukrayna cəmiyyətinin diqqətini ilk növbədə özünün sağ qalmasına yönəltməsi tamamilə təbiidir. Məhz buna görə də xüsusi məsuliyyət Ukraynanın siyasi elitasının, ekspert icmasının və kütləvi informasiya vasitələrinin üzərinə düşür.
Onların vəzifəsi yalnız insanın bu gün nə dediyinə baxmaq deyil, həm də onun dünən nə dediyini unutmamaqdır.
Azərbaycanlı olaraq mənim üçün illərlə postsovet məkanındakı digər xalqların faciələrini görməzlikdən gələn, hətta onlara haqq qazandıran insanların bu gün heç bir izahat vermədən Ukraynada mənəvi avtoritet statusu qazanmasını anlamaq çətindir.
Bu, Ukraynanın müttəfiq axtarmaq hüququna malik olmaması ilə bağlı deyil. Məsələ ondadır ki, yaddaş hamı üçün eyni dərəcədə vicdanlı olmalıdır.
Azərbaycan bu dərsi yaxşı mənimsəyib.
Birinci Qarabağ müharibəsindən sonra ölkəmiz çoxsaylı nəticələr çıxardı. Onlardan biri də milli birliyin öz informasiya məkanını qorumaq olmadan mümkün olmadığını dərk etmək idi.
Məhz buna görə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəmiyyəti xeyli daha güclü şəkildə birləşə bildi. Biz həqiqi müttəfiqləri təsadüfi yol yoldaşlarından, səmimi dəstəyi siyasi konyunkturadan, prinsipləri isə gözəl sözlərdən ayırmağı öyrəndik.
Rusiya tarixində öz sərhədlərindən kənarda təsirini qoruyub saxlamağın çoxsaylı üsulları olub.
Hələ Sovet İttifaqı dövründə Moskva yalnız rəsmi təbliğat və xüsusi xidmət orqanlarının əməkdaşları vasitəsilə fəaliyyət göstərmirdi. Kreml həm də özünü müstəqil ziyalı hesab edən insanlar, hakimiyyəti tənqid etdiyini düşünən şəxslər və sistemi öz məqsədləri üçün istifadə etdiyinə inanan, əslində isə sistem tərəfindən istifadə olunan insanlar vasitəsilə işləyirdi.
Qərbdə belə insanları "faydalı axmaqlar" adlandırırdılar.
Postsovet məkanında isə onlara daha çox "təsir agentləri" deyirdilər. Onların hamısı mütləq şəkildə Kremldən göstəriş almır və ya əməkdaşlığa cəlb olunmurdu. Lakin onlar Moskvanın maraqlarına uyğun dünya baxışının yayılmasına xidmət edirdilər.
Məhz buna görə problem yalnız açıq təbliğatçılarda deyil. Onlarla hər şey aydındır.
Daha təhlükəli olanlar düzgün sözlər danışan, lakin dünyaya hələ də köhnə imperiya təfəkkürünün prizmasından baxmağa davam edənlərdir.
Eyni şəkildə, açıq şəkildə təcavüzə haqq qazandıranlardan daha təhlükəlisi, dünən Çeçenistana, Gürcüstana və ya Azərbaycana qarşı təcavüzü müdafiə edən, bu gün isə özlərinə Ukraynanın müdafiəçisi kimi etibar edilməsini tələb edənlərdir.
Tarix sadə bir həqiqəti öyrədir: imperiyalar nadir hallarda yalnız döyüş meydanında məğlub olurlar.
Onlar daha çox, siyasətlərinin hədəfinə çevrilmiş xalqlar yalnız açıq düşmənləri deyil, dost qiyafəsində onların evinə daxil olanları da ayırd etməyi bacardıqda məğlubiyyətə uğrayırlar.
Bu gün Ukrayna təkcə öz torpaqlarını müdafiə etmir. O, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipini müdafiə edir.
Lakin bu prinsip ya hamıya şamil olunmalıdır, ya da ümumiyyətlə mövcud olmamalıdır. O, Kiyev, Tbilisi, Kişineu, Bakı və təcavüzlə üzləşmiş bütün digər paytaxtlar üçün eyni dərəcədə keçərli olmalıdır.
Eyni qaydada yaddaş da ortaq olmalıdır. Çünki unudulan ədalətsizlik gec-tez yeni müharibə şəklində geri qayıdır.
Bu gün Ukrayna təkcə əraziləri uğrunda mübarizə aparmır. O, öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququ uğrunda savaşır. Deməli, o, öz informasiya məkanına kimi qəbul etdiyinə xüsusilə diqqətlə yanaşmalıdır.
Müharibə zamanı yad səslərin öz evində sahibə çevrilməsinə yol vermək olmaz. Xüsusilə də həmin səslər dünən bəla başqa xalqların qapısını döyəndə susublarsa və ya daha da pisi, o bəlaya haqq qazandırıblarsa.
Nikkolo Makiavelli demişdi: "Dövlətin ən etibarlı qalası öz xalqının etimadıdır".
Məhz buna görə də informasiya suverenliyi qadağalardan başlamır. O, yaddaşdan başlayır. Çünki öz evindəki yadlar qapını sındırmağa çalışanda deyil, onları öz adamı hesab etməyə başlayanda daha təhlükəli olurlar.
Ramiz Yunus
"Xəzər" Universitetinin siyasi elmlər üzrə professoru