Barmağımı kəsib qanımı içirəm – Mavi gözlü mələyin qara taleyi…

Barmağımı kəsib qanımı içirəm – Mavi gözlü mələyin qara taleyi…
18.07.2026 11:01 Araşdırma

1937-ci ilin amansız repressiya dalğasına ilk tuş gələnlərdən biri də Əhməd Cavad idi.

Həmin il martın 21-də Azərbaycan Sovet Yazıçılar İttifaqının iclasındakı uzun mühakimə və ittihamlardan sonra Əhməd Cavad Süleyman Rüstəmin təklifi ilə "xalq düşməni" kimi İttifaq üzvlüyündən çıxarıldı.

Qanlı repressiya dalğası Azərbaycanın işıqlı ziyalılarını hədəf alarkən, onların ailələrini də amansız sınaqlarla üz-üzə qoydu. Bu ağır taleyi yaşayanlardan biri də görkəmli şair Əhməd Cavadın ömür-gün yoldaşı Şükriyyə xanım idi.

Şükriyyə xanım əslən acarıstanlı idi. Atası Süleyman bəy Bejanidze Acarıstanın zadəgan və nüfuzlu nəsillərindən birinin nümayəndəsi olub. Əhməd Cavad Batumidə yaşayıb işləyərkən Şükriyyə xanıma aşiq olub və onunla evlənmişdi.

Onun həyatı repressiyanın ən amansız üzünə qarşı göstərilən qadın mətanətinin və sədaqətinin simvoludur.

12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən Əhməd Cavadın "əksinqilabi millətçilik" fəaliyyətinə görə güllələnməsi ilə ailənin ağrılı-acılı günləri başladı. Əhməd Cavad Axundzadənin "İstintaq işi"ndə saxlanılan materiallarda Şükriyyə xanımın verdiyi ifadədə deyilir:

"Mən Bayıl türməsində dustaq kimi saxlananda, vaxtilə bizim ev qulluqçumuz olan Mariya Sergeyevna da xırda oğurluq üstündə orada yatırdı. O, dustaqlara yemək verilən zaman mənə dedi: "Sənin ərini Bayıl türməsinin səyyar xəstəxanasına başı bintlə sarınmış halda, 40 dərəcə qızdırma ilə gətirmişdilər".

Bu sözləri eşidəndən sonra mən Əhməd Cavadla çox görüşmək istədim, ancaq mənə rədd cavabı verdilər."

Həbs materiallarına görə, 1937-ci il iyunun 4-də Əhməd Cavadı Bayıl türməsində S. Fedarenko yoxlayıb. Həmin vaxt şairin üzərindən bir bel kəməri, qalstuk, ayaq rezini və Nikolay dövrünə aid 7 ədəd qızıl beşlik götürülüb.

İçərişəhər, 6-cı Böyük Qala döngəsi, 12 nömrəli ev... Bir gün qapı döyülür. Üç nəfər qara paltarlı adam Şükriyyə xanıma "bizimlə getməlisən" deyir. Çox keçmir ki, onlar Bakının boş küçələrindən keçərək piyada Bayıl qalasına sarı addımlayırlar. Şükriyyə xanım gözünü açanda özünü kiçik və qaranlıq bir otaqda görür. Elə oradaca müstəntiqin sorğu-sualı başlanır. Ona bildirirlər:

"Bizə göstəriş verilib ki, səni Axundzadə soyadından çıxarıb, yenidən Bejanidze soyadına qaytaraq."

Bu, o demək idi ki, Şükriyyə xanım ərizə yazıb Əhməd Cavaddan boşanmalı və azad olunaraq evinə qayıtmalı idi. Əks halda onu qarlı Sibir sürgünü gözləyirdi. Eyni təklif sonradan Mircəfər Bağırov tərəfindən də təkrarlanır. Ancaq Şükriyyə xanımın cavabı qəti olur:

"Bəlkə də, Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona o güllədən də ağır gələr. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Cavadı heç vaxt ayaqlamaram."

Qazaxıstan çöllərinə gedən ölüm qatarı…

Bu imtinadan sonra Şükriyyə xanım "Vətən xaininin yoldaşı" kimi həbs edilərək 47 nəfərlik qadın qrupu ilə birlikdə vaqonlarda Qazaxıstan çöllərinə sürgün olundu.

Üç gün boyunca ac-susuz və ayaqüstə davam edən bu yolçuluq qadınlar üçün əsl cəhənnəm əzabına çevrilmişdi.

Lakin Şükriyyə xanımı düşündürən fiziki aclıq yox, özünün və mərhum həyat yoldaşının ləyaqəti idi. Yolçuluğun ilk günlərində rus əsgərlərinin qadınlara qarşı çirkin niyyətlərini anlayan Şükriyyə xanım ağlasığmaz bir addım atdı. Tualetə gedib alt və üst paltarlarını çıxardı, tualetin döşəməsini silib saçını, üz-gözünü murdarladı. Hər şey rus əsgərlərinin ona iyrənərək yaxınlaşmaması üçün idi.

"Barmağımı kəsib qanımı içirəm"

Altı gün davam edən ac-susuz yol boyu rus əsgərləri qadınlardan müxtəlif şeylər tələb edir, bunun müqabilində onlara çörək verəcəklərini bildirirdilər. Bu rəzil şərtə boyun əyməyən və aclıqdan taqətdən düşən Şükriyyə xanımdan vaqondakı qadınlardan biri heyrətlə soruşdu:

– Sən ac deyilsən? Necə dözürsən? Altı gündür...

Şükriyyə xanımın cavabı tarixin yaddaşına qızıl hərflərlə həkk olunacaq bir ləyaqət bəyanatı idi:

– "Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun. Barmağımı paslı sancaqla deşib qanımı içirəm."

Sürgündən sonrakı həyat və bəraət

Şükriyyə xanım Qazaxıstanın o amansız "ALJİR" (Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi) düşərgəsində düz 8 il ağır sürgün həyatı yaşadı. Orada odun doğradı, yük daşıdı, dərzilik və aşpazlıq etdi. Bu müddətdə övladları pərən-pərən düşdü, uşaq evlərinə və həbsxanalara göndərildi. Böyük oğlanları Niyazi və Aydın həbs olundu, azyaşlı övladları Tuqay və Yılmaz isə müxtəlif şəhərlərdəki uşaq evlərinə (yetimxanalara) paylanıldı.

Sürgün edildiyi "ALJİR" düşərgəsində digər dustaq qadınlar Şükriyyə xanımı xüsusi hörmətlə xatırlayırdılar. Ağır şəraitə, hər kəsin bit-birə içində olmasına rəğmən, o, təmizkarlığı, xeyirxahlığı və məğrurluğu ilə seçilirdi. Düşərgə xatirələrində dustaqlar onu parlaq mavi gözlərinə görə "mavi gözlü mələk" adlandırırdılar.

Sürgündə olarkən o, digər repressiya qurbanı – görkəmli şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə ilə bir yerdə olmuş, bu ağır günlərdə bir-birlərinə mənəvi dayaq durmuşdular.

1945-ci ildə cəza müddəti bitsə də, sovet hakimiyyəti onun Bakıda yaşamasına icazə vermədi.

O, Azərbaycana qayıtdıqdan sonra Əhməd Cavadın ata yurduna – Şəmkirin Seyfəli kəndinə getdi. Yalnız 1955-ci ilin iyulunda üzərindən "xalq düşməninin arvadı" damğası götürüldü və rəsmən bəraət aldı. Uzun illər pərən-pərən olmuş övladlarını axtarıb tapmaqla məşğul oldu.


Ömrünün sonuna qədər Seyfəli kəndində yaşayan Şükriyyə xanım çəkdiyi bütün fiziki və mənəvi əzablara rəğmən sındırıla bilməyən Azərbaycan qadınının, sədaqətin və saf sevginin canlı abidəsi kimi anılır.

Şükriyyə, taleyim, şükür Xudaya!

Gördüyüm doğrumu, yoxsa pək röya?!

Dolub ürəyimə bu dadlı xülya,

Şirin günlərimi sürmərəm sənsiz!

Şairin hələ gənclik illərində böyük bir heyranlıqla yazdığı bu misralar sanki yaşanacaq bu ağır taleyi qabaqcadan pıçıldayırdı.

Şükriyyə xanım həqiqətən də Cavadın taleyi oldu və tarixin ən acı sınaqlarından şərəflə keçdi.

Jalə Rövşən

NEWS FEED
18 JULY 2026
Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:51 Dünya bazarlarında neft 4 dollardan çox bahalaşdı 12:49 Bazar gününün havası açıqlandı 12:26 Minlərlə ABŞ dəniz piyadası quru əməliyyatı üçün Yaxın Şərqə göndərilir 12:12 Venesuelada zəlzələdə ölənlərin sayı 5 min nəfəri ötdü 12:03 Çimərlik millimiz pley-off mərhələsinə yüksəldi 11:49 Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır 11:38 Rusiya bir gecədə 400-ə yaxın Ukrayna PUA-sı vurdu 11:36 Bəzi rayonlarda şimşək çaxıb, leysan yağdı - FAKTİKİ HAVA 11:19 Barmağımı kəsib qanımı içirəm – Mavi gözlü mələyin qara taleyi… 11:01 CENTCOM İrana endirilən zərbələri sona çatdırdı 10:54 İtkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNDİ 10:41 Azərbaycan ordusunun həlak olan hərbçisi dəfn olundu - FOTO - VİDEO 22:43 ABŞ strateji obyekti vurdu: 10 min nəfər tamamilə susuz qaldı 10:16 Ukrayna Rusiyanın logistika mərkəzini vurdu 10:00 BDYPİ sürücülərə müraciət etdi 09:44 Rusiya paytaxtında dron xaosu: Strateji neft obyekti alovlar içində qaldı - VİDEO 09:30 SON DƏQİQƏ! Qonşu ölkədə zəlzələ oldu 09:18 70 ildən sonra dünyanı nə gözləyir? Alimlərin açıqlaması narahatlıq yaratdı 00:38 Bu aylarda doğulanlar ən yaxşı nənə-babalardır 00:25 Şirdən qaçmaq mümkündür? Alimlər cavabı açıqladılar 00:11 Təzyiqi salmağa kömək edən 3 çərəz 00:06 Apple dünyanın ən bahalı şirkəti oldu 23:51 Çində robotlar rinqə çıxdı, biri başını itirdi 23:47 Kaliforniyada süni intellekt məktəbdən “qovuldu” 23:42 All News