Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Yüngül və faydalı qəlyanaltı hesab edilən qarğıdalı isə bəzi insanlar üçün uyğun olmaya bilər.
TodayPress TV xəbər verir ki, qaynadılmış qarğıdalının 100 qramında təxminən 86 kilokalori var.
Bu məhsul karbohidrat, qida lifi, kalium, maqnezium, fosfor, B qrupu vitaminləri və lutein, zeaksantin, ferul turşusu kimi antioksidantlarla zəngindir. Qarğıdalının göz sağlamlığını dəstəklədiyi, bağırsaqların fəaliyyətinə müsbət təsir göstərdiyi və ürək-damar sisteminə fayda verə biləcəyi bildirilir. Tərkibindəki qida lifləri həm bağırsaq hərəkətliliyini artırır, həm də faydalı mikroorqanizmlər üçün qida mənbəyi rolunu oynayır.
Mütəxəssislər böyüklərə bir dəfəyə təxminən 200–250 qram qarğıdalı, yəni bir və ya iki orta ölçülü sünbül istehlak etməyi tövsiyə edirlər. Bu miqdardan artıq qəbul bəzi insanlarda qarında ağırlıq və şişkinliyə səbəb ola bilər.
Küçə satıcılarından qarğıdalı alarkən isə gigiyena qaydalarına diqqət yetirmək vacibdir. Məhsulun müəyyən edilmiş yerlərdə satılması və sanitar tələblərə əməl olunması önəmlidir. Təzə qarğıdalının dənələri parlaq sarı və möhkəm olmalı, üzərində çat və kif olmamalıdır. Məhsulun təzəliyini onun şirin və təzə ot qoxusundan da müəyyən etmək mümkündür.
Bununla yanaşı, qarğıdalı bəzi xəstəliklərin kəskinləşdiyi dövrdə məsləhət görülmür. Xüsusilə kolit, qastrit və pankreatit zamanı iri qida lifləri həssas və ya iltihablı selikli qişanı qıcıqlandıra və narahatlığı artıra bilər. Piylənmə və diabetdən əziyyət çəkən şəxslər isə qarğıdalının karbohidrat tərkibini nəzərə alaraq onun miqdarına nəzarət etməlidirlər.
Popkorna gəldikdə isə, evdə yağ, duz və şəkər əlavə edilmədən hazırlanan variant daha sağlam seçim hesab olunur. Belə popkorn qida lifi və antioksidantlarla zəngin ola bilər və uzun müddət toxluq hissinin qorunmasına kömək edir. Mağazalarda satılan və ya müxtəlif əlavələrlə hazırlanan popkornun tərkibində isə daha çox duz, şəkər və yağ ola biləcəyindən onun seçimində və miqdarında diqqətli olmaq tövsiyə edilir.
Türkan İsgəndərli