Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb
Saturnun ən böyük peyki olan Titan özünəməxsus xüsusiyyətləri ilə alimləri heyrətləndirməkdə davam edir. Peykin fırlanma xüsusiyyətinə görə Saturn Titandan baxan müşahidəçi üçün göydə demək olar ki, həmişə eyni yerdə görünür.
TodayPress TV xəbər verir ki, Titan Saturnun ətrafında tam dövrünü 15 gün 22 saata başa vurur. Maraqlıdır ki, peykin öz oxu ətrafında fırlanması da eyni müddət çəkir. Bu səbəbdən Titan həmişə eyni tərəfini Saturn istiqamətində saxlayır. Bu hadisə qravitasiya kilidlənməsi adlanır.
Beləliklə, Titanın Saturnu görən yarımkürəsində nəhəng planet və onun məşhur halqaları üfüqdə demək olar ki, hərəkətsiz görünür. Saturn doğmur və batmır, yalnız çox cüzi şəkildə yerini dəyişir. Peykin digər tərəfində isə Saturn ümumiyyətlə görünmür.
Alimlərin sözlərinə görə, Saturnun bir qədər hərəkət etməsinin səbəbi Titanın orbitinin tam dairəvi deyil, bir qədər uzunsov olmasıdır. Bu zaman peykin sürəti dəyişir və Saturn səmada kiçik bir qövs cızır. Bu hadisə librasiya adlanır.
Titanın səthindən Saturnu müşahidə etmək isə sıx atmosfer səbəbindən asan deyil. Peykin atmosferi əsasən azotdan ibarətdir və narıncı rəngli qalın üzvi dumanla örtülüb.
Titanın daxili quruluşu da alimlərin diqqətini çəkir. “Cassini” missiyasının məlumatlarının təhlili peykin buz qabığının altında qlobal maye su okeanının ola biləcəyinə dair ehtimal yaradıb. Bununla belə, 2025-ci ildə “Nature” jurnalında dərc olunan araşdırmada alternativ versiya irəli sürülüb. Buna əsasən, Titanın daxilində okean əvəzinə yüksək təzyiqli isti buz təbəqəsi və qismən ərimiş sahələr ola bilər.
Alimlər hesab edirlər ki, Titanın öyrənilməsi yalnız Saturn sistemi üçün deyil, digər ulduzların ətrafında yerləşən və qravitasiya kilidlənməsinə məruz qalan potensial yaşayış üçün əlverişli dünyaların necə göründüyünü anlamaq baxımından da əhəmiyyətlidir.
Kübra Musayeva