Çinlilər səhranın ortasında meşə saldılar
Çində yerləşən Takla-Makan səhrasının cənub kənarında uzunluğu 3 046 kilometr olan yaşıllıq zolağının yaradılması səhralaşmaya qarşı mübarizədə gözlənilməz nəticə verib.
TodayPress TV xəbər verir ki, məlumata görə, onilliklər ərzində salınan meşə zolağının yaradılması 2024-cü ildə başa çatdırılıb. 2026-cı ilin yanvarında PNAS jurnalında dərc olunan araşdırmada layihənin nəticələri açıqlanıb.
Araşdırmaya əsasən, süni meşələrin salındığı ərazilər atmosferdən səhranın buraxdığından daha çox karbon qazı (CO₂) udmağa başlayıb. Quru mövsümdə səhranın üzərində CO₂ səviyyəsi milyonda 416 hissədən yağışlı mövsümdə 413 hissəyə qədər azalıb. Bu dəyişiklik salınmış yaşıllıq zolağının sahəsi ilə birbaşa əlaqələndirilib.
Yaşıllıq zolağı ilkin olaraq səhranın genişlənməsinin qarşısını almaq, yolları, əkin sahələrini və yaşayış məntəqələrini qum təpələrindən qorumaq məqsədilə yaradılıb.
Tədqiqatın həmmüəllifi, professor Yuk Yunq bildirib ki, bu, insan müdaxiləsinin hətta son dərəcə quraq ərazilərdə belə karbonun udulmasını artıra biləcəyinin ilk dəfə müəyyən edilməsidir.
Lakin mütəxəssislər meşə zolağının uzunmüddətli yaşamasının əsasən su təminatından asılı olduğunu vurğulayırlar. Takla-Makan hövzəsinin böyük hissəsində yağıntı bitkilərin əlavə su dəstəyi olmadan yaşaması üçün kifayət etmir.
Çin isə səhranın perimetri boyunca yaşıllaşdırma və bərpa işlərini davam etdirməyi, o cümlədən daşqın sularından istifadə etməklə şimal hissəsində qovaq meşələrinin bərpasını planlaşdırır.
Takla-Makan səhrası
Takla-Makanın sahəsi təxminən 337 min kvadrat kilometrdir. Ərazisinin 95 faizindən çoxu hərəkətli qumlarla örtülüb. Ətrafının yüksək dağlarla əhatələnməsi rütubətli havanın səhraya daxil olmasını çətinləşdirir və onun mərkəzi hissəsində bitki örtüyü olduqca məhduddur.
Kübra Musayeva