“Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir
İngiltərənin “Arsenal” klubu “Real Madrid”in cinah oyunçusu Vinisius Juniorun transferini reallaşdıracağına inanır.
TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
London təmsilçisinin idman direktoru Andrea Berta klub daxilində, o cümlədən futbolçular arasında bu transferin baş tutacağına əmin olduğunu bildirib.
Mənbənin iddiasına əsasən, baş məşqçi Mikel Arteta Vinisiusla söhbətində ona komandadakı rolunu izah edib. Braziliyalı futbolçu isə “Real Madrid”dən ayrılacağı təqdirdə “Arsenal”ı karyerasını davam etdirmək üçün uyğun variant hesab edir.
Bildirilir ki, “kral klubu” da “topçular”ın Vinisiusa olan ciddi marağından xəbərdardır.
Qeyd olunur ki, “Real Madrid” rəhbərliyi futbolçu ilə müqaviləni yalnız öz şərtləri əsasında uzatmağa hazırdır. Klub rəhbərliyi Vinisiusa heç bir oyunçunun komandanın maraqlarından üstün ola bilməyəcəyini çatdırıb.
Xatırladaq ki, daha əvvəl “Real Madrid”in Vinisiusa komanda və layihədəki əhəmiyyətini əks etdirən yaxşılaşdırılmış yeni müqavilə təklifi etdiyi bildirilmişdi.
Namiq HUN