Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı
“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen yarışlardan kənar fəaliyyətlərin ona konsentrasiyasını qorumaqda kömək etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “RacingNews365” nəşrinə açıqlama verib.
Niderlandlı pilotun sözlərinə görə, “Formula-1”də uğurlu çıxış etmək üçün yalnız yarışlara fokuslanmaq kifayət deyil.
“Düzünü desəm, çalışıram ki, hər şeyi çox dərinə salmayım. Burada peşəkar insanlarla işləyirəm, evdə isə hər şey qaydasındadır. “Formula-1”dən uzaqlaşıb ailəmə vaxt ayırmaq və mənə zövq verən digər layihələrlə məşğul olmaq çox vacibdir. “Red Bull” da bu məsələdə məni hər zaman dəstəkləyib”, – deyə Ferstappen bildirib.
Qeyd edək ki, Maks Ferstappen bu il “Nürburqrinqin 24 saatı” marafonunda da iştirak edib. Onun komandası yarışın böyük hissəsində lider olsa da, texniki nasazlıq səbəbindən 38-ci nəticə ilə kifayətlənməli olub.
Namiq HUN