Rusiyaya qarşı yeni sanksiyalar: ABŞ Senatı paketi dəstəklədi
ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulunu nəzərdə tutan qanun layihəsi 61 senatorun dəstəyini qazanıb.
TodayPress TV xəbər verir ki, "Axios" portalının mənbəyə istinadən yaydığı məlumata görə, sənədin həmmüəllifləri arasında 39 respublikaçı və 22 demokrat senator var.
Bu dəstək qanun layihəsinə Senatda prosedur maneələrini aşmaq imkanı yaradır. Bununla belə, sənədin qüvvəyə minməsi üçün Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməsi tələb olunur.
Məlumata görə, yenilənmiş qanun layihəsində Rusiyanın enerji sektoru ilə əməkdaşlığı davam etdirən ölkələrə, o cümlədən Hindistan və Çinə qarşı 100 faiz həcmində ikinci dərəcəli rüsumların tətbiqi təklif edilir.
Bundan əvvəl yayılan məlumatlarda qanun layihəsində Rusiyanın ticarət tərəfdaşlarına 500 faizlik tariflərin nəzərdə tutulduğu bildirilirdi.
Qeyd olunur ki, qanun layihəsinin qəbul edilməsi avtomatik olaraq sanksiyaların tətbiqi demək deyil. Sənəd ABŞ prezidentinə sanksiyaların tətbiqi ilə bağlı qərar vermək səlahiyyəti verir.
Türkan İsgəndərli