Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı
2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.
TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.
Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etsin;
əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasının təmin edilməsi ilə bağlı tədbirlər görsün;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.