Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA
Rusiya hakimiyyəti səfərbərlik dövründə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq hərbi xidmətə cəlb edilməsinə imkan verən qanunvericilik dəyişikliklərini irəli sürür.
TodayPress TV xəbər verir ki, siyasi kulisə sızan məlumatlara görə, təşəbbüs qəbul edilərsə, qətl, insan alveri və mütəşəkkil cinayətkarlıq kimi xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər də müəyyən hallarda cəbhəyə göndərilə biləcək.
Məlumata görə, bu addım Rusiyanın uzun müddətdir qeyri-rəsmi şəkildə tətbiq etdiyi məhkumlardan hərbi qüvvə kimi istifadə praktikasını artıq qanuni çərçivəyə salır.
Əvvəllər əsasən özəl hərbi şirkətlər vasitəsilə həyata keçirilən bu mexanizm bundan sonra dövlət tərəfindən idarə olunacaq və penitensiar müəssisələrdə olan məhkumların bir hissəsi Müdafiə Nazirliyi ilə müqavilə əsasında hərbi xidmətə cəlb ediləcək.
Müşahidəçilərin fikrincə, qanun layihəsi Rusiyanın davam edən müharibədə ciddi canlı qüvvə çatışmazlığı ilə üzləşdiyini göstərir. Kütləvi səfərbərlik qərarının ölkə daxilində narazılıq yaradacağını nəzərə alan Kremlin alternativ olaraq məhkumlardan istifadəni genişləndirdiyi bildirilir.
Ekspertlər hesab edirlər ki, bu siyasət qısa müddətdə şəxsi heyət çatışmazlığını qismən aradan qaldıra bilsə də, gələcəkdə ağır cinayət törətmiş şəxslərin cəmiyyətə qayıtması təhlükəsizlik və sosial sabitlik baxımından ciddi risklər yarada bilər.
Jalə Rövşən