Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri

Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri
15.06.2026 17:53 Təhlil

1993-cü ilin mayında Azərbaycanın eyni anda üç cəbhəsi var idi - qərbdə işğal altında gedən hərbi müharibə, şimalda polkovnik Sürət Hüseynovun Bakıya doğru yürüşü, cənubda isə yetişməkdə olan separatism, hamısı eyni həftələrdə üst-üstə yığılaraq yarandı. Ölkənin faktiki olaraq neçə hakimiyyət mərkəzinə parçalandığını o dövrdəki hərbi sənədlərdən və nəticənin özü göstərir: 1993-cü ilin yayında Azərbaycan bir-birinin ardınca Ağdərəni, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını itirdi, və bu itkinin birbaşa səbəbi cəbhədən çox paytaxtın çöküşü idi. Ermənistanın eks-prezidenti Robert Koçaryan həmin dövrü xatırlayarkən bunu açıqca etiraf edirdi: "Tarix dönə-dönə təkrarlanırdı. Biz başqa rayonu alırdıq, dərhal o rayon aktuallığını itirdi, ardınca yeni qərar çıxırdı və dərhal vasitəçilər ortaya çıxırdı. Hər dəfə atəşkəs üçün razılaşırdıq və dərhal başqa ərazini ələ keçirirdik. Bu işdə azərbaycanlılar bizim üçün ən yaxşı köməkçilərə çevrilmişdilər." (Koçaryan, 2019).


1992-ci ilin sonlarından etibarən Sürət Hüseynov - o vaxta qədər Qarabağ cəbhəsinin tanınan komandirlərdən biri, Goranboy əməliyyatında müəyyən hərbi nüfuz qazanmış bir polkovnik — Müdafiə Nazirliyi ilə getdikcə dərinləşən münaqişəyə girib, rəsmi əmrlərə tabe olmaqdan imtina etməyə, öz bölmələrini mərkəzi komandanlıqdan asılı olmayan şəkildə saxlamağa başlamışdı, Kəlbəcərin işğalından sonra isə bu itaətsizlik açıq siyasi müxalifətə çevrildi və hökumət məsələni güc yolu ilə həll etmək qərarına gəldi. De Waalın qeyd etdiyi kimi, qış aylarında müdafiə naziri Rahim Qaziyev Ağdərə bölgəsindən qüvvələri geri çəkməyi əmr etdikdə, Hüseynov buna tabe olmaqdan imtina edərək öz dəstəsini Gəncəyə köçürdü  və nəticədə Ağdərə ermənilərə keçdi. (De Waal, 2003)

4 iyun 1993-cü ildə Gəncədə 709 saylı hərbi hissənin tərksilah edilməsi üçün "Tufan" adlı əməliyyat başlatdı, əməliyyatın adı güclü idi, nəticəsi isə tam əks olmaqla yanaşı, hər iki tərəfdən ümumilikdə 35 nəfərin həlak olmasına, Milli Təhlükəsizlik naziri Vaqif Novruzovun və Baş prokuror İxtiyar Şirinovun birbaşa Gəncədə Hüseynovun qüvvələri tərəfindən girov götürülməsinə yol açdı, bundan sonra isə Hüseynov dayanmadı, əksinə daha da hiddətləndi, prezidentin, parlament sədrinin, baş nazirin dərhal istefasını tələb edərək ağır hərbi texnika ilə Bakıya doğru hərəkətə başladı. Thomas Goltz həmin günləri şəxsən müşahidə etmişdi. 1993-cü ildə Azərbaycanda olan yeganə akkreditə olunmuş xarici jurnalist kimi o, çevrilişin bütün mərhələlərini canlı izlədi, "Azerbaijan Diary" kitabında isə bu dövrü belə xarakterizə etdi: " Bu insanların heç bir düşmənə ehtiyacı yoxdur - onlar özləri üçün kifayət idi." (Goltz, 1998)


Yolboyu heç bir icra hakimiyyəti Hüseynova müqavimət göstərmədi. Bu detalı ayrıca qeyd etmək lazımdır, çünki dövlətin yıxılmasını silahın gücü müəyyən etməmişdi, ona inamın tükənməsi müəyyən edirdi və "Tufan"ın uğursuzluğu Bakı istiqamətinə hərəkət edən texnikadan daha önəmli bir şeyi sübut etdi: hökumətin öz strukturu daxilindən boşalmağa başlamışdı.

Girov götürülmüş Baş prokuror İxtiyar Şirinov silah təhdidi altında rəsmi fərman imzaladı: Prezident Əbülfəz Elçibəy "vətənə xəyanətdə" ittiham edilir, onun həbsi barədə qərar çıxarılır. Öz kabinetindən uzaqda, Gəncədə silahlı adamların gözaltında saxlanılan, hüquqi mənada tamamilə əsarət altında olan bir prokuror ölkənin prezidentini "həbs etdi". Bu cümləni yazmaq özü absurddur, lakin sənəd belədir, baş verdi, imzalandı. Həmin fərmanın hüquqi qüvvəsi sıfır idi, lakin siyasi mesajı bütün aydınlığı ilə oxunurdu: hakimiyyətin öz daxilindən çıxan bu siqnal Elçibəyin mövqeyini tamamilə boşa çıxarırdı.

17–18 iyun gecəsi Prezident Əbülfəz Elçibəy Bakını tərk etdi. Heç kəsə xəbər vermədən, heç bir rəsmi açıqlama olmadan, nazirlərinə, müşavirlərinə, mühafizəçilərinə bildirmədən, sadəcə gecənin içində şəhərdən çıxdı, doğma Kələki kəndinə getdi, Ordubad rayonunun ucqar dağ kəndi, onun 1938-ci ildə anadan olduğu yer, uşaqlığının, ilk kitablarının, ilk düşüncələrinin məkanı. Azərbaycan Respublikasının ikinci prezidenti müharibənin ortasında, çevrilişin astanasında öz uşaqlığının kəndinə sığındı, və sabahı tezdən daxili işlər naziri, müdafiə naziri, dövlət katibi radiodan öyrəndilər ki, başçıları artıq Bakıda yoxdur. Elçibəy orada 4 il 4 ay qaldı.


Paytaxtda dövlətin birinci şəxsi yox idi, Hüseynovun silahlı texnikası şəhərə yaxınlaşırdı, cənub rayonlarında isə başqa bir böhran yetişirdi. Goltz həmin o günləri belə yazır: Elçibəyi prezident kimi görüb müsahibə götürmüş xarici jurnalist kimi o, çevrilişin bu mərhələsini "tarixi tragikomediya" adlandırır - seçki ilə gəlmiş bir lider, öz kabinetini gizlincə tərk edib kəndə çəkilir, nazirləri isə bunu radiodan öyrənir. (Goltz, 1998) Bu qərarı tarixçilər hələ tam razılığa gəlmədən müzakirə edirlər: bəziləri hesab edir ki, Elçibəy qalarsa Bakıda açıq silahlı toqquşma olacaqdı, gedərək qan tökülməsinin qarşısını aldı; bəziləri deyir ki, sadəcə qaçdı; bəziləri isə bu qərarın arxasında daha mürəkkəb bir hesab gördüyünü iddia edir. Elçibəyin özü də sonralar bu gecəyə açıq, ardıcıl, tam bir izahat vermədi.

Proseslər bununla bitmir, çünki 1993-cü ilin yayında Azərbaycan eyni anda bir neçə istiqamətdən dağıdılmağa çalışılırdı. 1993-cü ilin iyununda, ölkədə mövcud gərginlikdən açıq şəkildə sui-istifadə edərək, Azərbaycan Müdafiə Nazirliyinin sabiq müavini polkovnik Əlikram Hümbətov cənubda yerləşdirilmiş hərbi hissələri, icra aparatlarını və hüquq-mühafizə orqanlarını ardıcıl olaraq ələ keçirdi, avqustun 7-də Bakıya rəsmi ultimatum göndərdi, "Talış-Muğan Respublikası"nın yaradıldığını elan etdi. De Waalın fikrincə, Hümbətovun əsl məqsədi etnik muxtariyyət yox, devrilmiş Ayaz Mütəllibovu hakimiyyətə yenidən qaytarmaq idi, yəni bu, siyasi rəqabətin bir vasitəsi idi, etnik iddia isə onun üzərini örtmək üçün istifadə olunan pərdə. (De Waal, 2003)

Lakin nəticə planlananın tam əksi oldu: Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisi Hümbətovun niyyətini rədd etdi, yerli sakinlər bu avantüraya qoşulmadı, çünki Hümbətov kütlə hərəkatına yox, müvəqqəti silahlı nəzarətə, qurp maraqlarına söykənirdi. 23 avqust 1993-cü ildə separatçı qurum dağıdıldı. Hümbətov qaçdı, sonradan tutuldu, 1996-cı ildə ömürlük həbs hökmü aldı, 2004-cü ildə əfv edildi, 2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarıldı, Hollandiyaya mühacirət etdi, 2013-cü ildə Yerevana getdi, işğal altındakı Xankəndi universitetində birində çıxış etdi, 2022-ci ildə Hollandiyada vəfat etdi.


9 iyun 1993-cü ildə Heydər Əliyev Naxçıvandan Bakıya uçdu. Onu Elçibəyin özü dəvət etmişdi, çünki başqa çıxış yolu görünmürdü, öz hökuməti içindən çözülürdü, qiyamçı Bakıya doğru irəliləyirdi, vəziyyəti idarə etmək üçün yeganə siyasi imkan Əliyev idi. 15 iyunda parlament sədri İsa Qəmbər istefa verdi, Heydər Əliyev Ali Sovetin sədri seçildi və həmin gündən etibarən faktiki olaraq dövlət başçısı səlahiyyətlərini icra etməyə başladı, lakin bu nəticəyə gəlinməzdən əvvəl 13 iyunda baş verən bir səfər var ki, o dövrü anlamaq üçün bütün digər hadisələrdən daha əhəmiyyətlidir.

Heydər Əliyev Gəncəyə getdi. Hüseynovun qərargahına, heç bir mühafizə zəmanəti olmadan, hava limanında silahlı adamların gözlədiyi yerə, saatlarla danışdı, tələbləri dinlədi, qiyamı ordan çıxararaq, hərbi kontekstdən aralayaraq parlamentin müstəvisinə çəkdi. Həmin o görüşdən sonra Bakıda qan axmadı. Cornell bu addımı belə qiymətləndirir: Əliyev Hüseynovla olan münasibəti məharətlə idarə etdi, onu zorla deyil, siyasi manevrlərlə sistemin içinə daxil etdi, beləliklə, potensial vətəndaş müharibəsinin qarşısını aldı. (Cornell, 1999)

15 iyun iclası AzTV ilə canlı yayımlandı - xalq ekran qarşısından çəkilmirdi, çünki parlamentin daxili iclasında, canlı efirdə ölkənin taleyinin müəyyənləşdiyi an idi. Bir gün əvvəl AXC hökumətinə sadiqlik andı içmiş deputatlar növbə ilə mikrofona yaxınlaşıb Elçibəyi tənqid edirdi, Heydər Əliyev bəzən onlara köhnə çıxışlarını xatırladırdı, bunu açıqca, ironiyanı gizlətmədən edirdi, parlamentdə tam bir siyasi ustad dərsi gedirdi.


Sürət Hüseynovun Bakıya silahla gəlməsinin qarşısını almaq lazım idi, lakin silahla qarşılamaq daha böyük qan tökülməsi demək idi, Heydər Əliyevin seçdiyi taktika bunu da, onu da kənara qoydu. Siyasi tarixçilər bu taktikanı "bear hug" - "ayı qucağı" adlandırır: düşməni məhv etmək yox, sistemə daxil edib yavaş-yavaş zərərsizləşdirmək, qanunsuz hərbi gücü formal çərçivəyə salıb içindən boşaltmaq. Hüseynov baş nazir təyin olundu, kabinet iclaslarına əynində hərbi kamuflyaj, çiynində polkovnik paqonları ilə gəlirdi, masanın üzərinə tapança qoyurdu, sonra iclaslar başlayırdı, bu, 1993-cü ilin Azərbaycanında baş nazir kabinetinin  görünən mənzərəsiydi. On dörd ay sonra, 1994-cü ilin oktyabrında, Hüseynov Milli Məclis üzvlüyündən, baş nazir vəzifəsindən uzaqlaşdırıldı, lakin həmin on dörd ay ölkənin parçalanmadan saxlanıldığı on dörd aydı.

Lakin cəbhədə bu on dörd ay çox ağır keçdi. Koçaryanın yuxarıda sitat gətirdiyimiz sözlərini bir daha xatırlamaq lazımdır: "Bu işdə azərbaycanlılar bizim üçün ən yaxşı köməkçilərə çevrilmişdilər". Bu etiraf o ilin hərbi-siyasi reallığını ifadə edir. Goltz isə Ağdamın düşmən işğalı ərəfəsini şəxsən müşahidə etmişdi: o, ABŞ hərbi attaşesi ilə Zəngilan istiqamətinə gedərkən cəbhə kəndlərinin vəziyyətini, ordu daxilindəki mənəvi aşınmanı, komandanlığın boşluğunu birinci gözdən görmüşdü. (Goltz, 1998).

29 avqust 1993-cü ildə Elçibəyə etimad referenduma çıxarıldı. Xalqın 95 faizindən çoxu etimad göstərmədi, bu rəqəm onun məhsulu idi ki,  ölkə dörd istiqamətdən eyni anda sıxışdırılırdı, bir-birinin ardınca rayon itirmək davam edirdi, cəbhədən gələn xəbərlər ağır idi, mülki əhali köç yollarında idi. 3 oktyabr 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi, 10 oktyabrda rəsmi olaraq vəzifəyə keçdi, beləliklə ölkədəki hakimiyyət böhranına hüquqi çərçivədə son qoyuldu, lakin hərbi böhran davam etdi, payızda erməni ordusu Beyləqan istiqamətinə doğru irəliləyən zaman durduruldu, 1994-cü ilin may atəşkəsinə qədər döyüşlər getdi.

15 iyun tarixinin qurutuluş günü adlanmasının böyük tarixi əhəmiyyəti var. Faktiki olaraq ölkə və xalq olaraq təhlükəli virajdan son anda dönə bildik və o həqiqətin gününün tarixi bu gün keşmişdən uzaq kölgə kimi görünə bilər. Lakin faktiki bir günün Qurtuluşa həsr olunması bizə - 30 ildən sonra bird aha onu tədqiq etməyə, reallığı qiymətləndirməyə imkan verir. Bu gün ölkəmizin siyasi zirvəyə yerləşməsi böyük qurbanlar bahasına başa gəlib. Burda ölkəmizin yerli siyasi və etnik icmalarının mühüm rolu olub, silahlı və siyasi qiyamçıların, separatçıların ölkəni böldüyü günlərdə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri Ümummili Lider Heydər Əliyevin yanında yer alaraq Ölkəmizi qorumaqda qatqı verdilər.

Mənbələr

De Waal, Thomas (2003). Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York: NYU Press. ISBN: 0-8147-6032-5.

https://nyupress.org/9780814760321/black-garden/

Goltz, Thomas (1998). Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-Rich, War-Torn, Post-Soviet Republic. New York: M.E. Sharpe. ISBN: 978-0765602442.

https://www.amazon.com/Azerbaijan-Diary/dp/076560244X

Koçaryan, Robert (2019). Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха. Moskva: Alpina Publisher. ISBN: 978-5-9500962-9-7.

https://alpinabook.ru/catalog/book-502507/

Cornell, Svante E. (1999). The Nagorno-Karabakh Conflict. Report no. 46, Department of East European Studies, Uppsala University.

https://is.muni.cz/el/1423/podzim2012/MVZ208/um/35586974/Cornell_The_Nagorno-Karabakh_Conflict.pdf


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
16 IYUN 2026
Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 Bütün Xəbərlər