Kipr heç vaxt rum tərəfinə möhtac olmayıb, bundan sonra da olmayacaq
Türkiyə Böyük Millət Məclisində (TBMM) Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) adının "Kipr Türk Cümhuriyyəti"nə dəyişdirilməsi ilə bağlı təklif irəli sürülüb. Təklifə əsasən, dövlətin adından "Şimali" ifadəsinin çıxarılması və yeni adın istifadəyə verilməsi nəzərdə tutulur. Bildirilir ki, bu dəyişiklik bütün Kipr adasını əhatə edən dövlət kimliyi mesajını vermək məqsədi daşıyır. Hazırda təklif müzakirə və qiymətləndirmə mərhələsindədir.
Maraqlıdır, bu hansı siyasi və diplomatik mesajı verir?
Bu addım Kipr məsələsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi?
Sözügedən məsələ ilə bağlı türkiyəli politoloq Ali Satan TodayPress TV-yə danışıb.

Ekspert qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin adındakı "Şimali" sözünün çıxarılması Türkiyə Böyük Millət Məclisində bir millət vəkili tərəfindən təklif edilib:
"Bu, bir arzu ola bilər və əlbəttə, millət vəkilləri istədikləri fikri səsləndirməkdə sərbəstdirlər. Ancaq Şimali Kipr Türk Cümhuriyyətinin adında dəyişiklik ediləcəksə, buna qərar verəcək qurum ŞKTC Parlamenti, hökuməti və səlahiyyətli dövlət orqanlarıdır. Maraqlıdır ki, 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti elan edilərkən dövlətin adına "Şimali" sözünün əlavə olunmasının Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təklif edildiyi bildirilir. Bunun diplomatik mənası ondan ibarətdir ki, Türkiyə Kipr məsələsində əvvəldən etibarən konstruktiv və uzlaşmaya əsaslanan siyasət yürüdüb."
Onun sözlərinə görə, 1950-ci illərdə Kipr türkləri və Türkiyə ictimaiyyəti "Ya Taksim, Ya Ölüm" şüarları ilə mitinqlər keçirərək adanın bölünməsini tələb edirdi. Demokrat Partiya hökuməti türklərlə yunanların ortaq təsisçi olduğu Kipr Respublikasının yaradılmasını həm Türkiyəyə, həm də Kipr türklərinə qəbul etdirdi. Lakin yunan tərəfi buna cəmi üç il dözdü və türkləri təsisçisi olduqları Kipr Respublikasından kənarlaşdırdı. Onları bu gün Qəzzada olduğu kimi dünyadan təcrid edərək məhv etməyə çalışdı. Kipr türkləri bu təcridə və hücumlara 10 il müqavimət göstərdi və Türkiyə 1974-cü il Barış Hərəkatı ilə buna son qoydu.
"Buna baxmayaraq, Kipr türkləri 1974-cü ildən sonra dərhal müstəqil dövlət yaratmadı. Onlar Kipr Türk Federativ Dövləti'ni quraraq yunanlarla yenidən federativ çərçivədə birgə yaşamağın mümkün olduğu mesajını verdilər. Uzun illər danışıqlar aparıldı, lakin yunan tərəfi heç vaxt birgə yaşamağa razı olmadı. Nəticədə, doqquz il gözlədikdən sonra – 1983-cü ildə – kiprli türklər müstəqil Türk Cümhuriyyətini elan etdilər. Dövlətin adına "Şimali" sözünü əlavə etməklə də cənubla, yəni yunan tərəfi ilə gələcək əməkdaşlıq üçün qapını açıq saxladılar", – analitik əlavə edib.
Ali Satan bildirib ki, 1983–2004-cü illər ərzində saysız-hesabsız görüşlər, planlar və danışıqlar aparılıb:
"Son olaraq BMT-nin Baş katibi Kofi Annanın planı çərçivəsində ortaq dövlət quruluşunun mümkün ola biləcəyi düşünüldü. Türk tərəfi böyük maddi və mənəvi fədakarlıqlar edərək bu plana "hə" dedi. 24 aprel 2004-cü ildə keçirilən referendumda türklər Annan Planını qəbul etdilər, yunan tərəfi isə böyük səs çoxluğu ilə plana "yox" dedi."
Politoloq xatırladıb ki, Avropa İttifaqı referendumdan əvvəl verdiyi vədlərin əksinə davranaraq, adanın birləşməsini rədd edən Cənubi Kipr Rum Administrasiyasını üzvlüyə qəbul edib:
"Şimali Kipr Türk Cümhuriyyətinə tətbiq olunan embarqolar isə aradan qaldırılmadı. Bu prosesdə oyun açıq şəkildə oynandı və bir xalq beynəlxalq ictimaiyyət tərəfindən aldadıldı. Buna baxmayaraq, Türkiyə və ŞKTC Rum tərəfi, BMT və Avropa İttifaqı ilə Kipr probleminin həlli üçün danışıqları davam etdirdi. Bu proses 7 iyul 2017-ci ildə İsveçrənin Krans-Montana şəhərində keçirilən konfransın nəticəsiz başa çatmasına qədər davam etdi. Həmin tarixdən sonra Türkiyə və ŞKTC artıq müzakirə ediləcək məsələnin qalmadığını, ŞKTC-nin öz yolunu davam etdirəcəyini bəyan etdi. Bu proses hazırda da davam edir və geri dönüş mümkün deyil."
Analitik qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin adındakı "Şimali" sözünün çıxarılması bu prosesin növbəti mərhələsi kimi qiymətləndirilə bilər.
O, xüsusilə vurğulayıb ki, Kipr Türk Dövləti heç vaxt rum tərəfinə möhtac olmayıb və bundan sonra da olmayacaq.
Jalə Rövşən