Ermənilər İlqar Mirzəyevlə Polad Həşimovun nəşini götürmək istədilər - Əsgərlər sinələrini düşmən artilleriyasının qabağına verdilər

Ermənilər İlqar Mirzəyevlə Polad Həşimovun nəşini götürmək istədilər - Əsgərlər sinələrini düşmən artilleriyasının qabağına verdilər
14.07.2026 17:05 Təhlil

Hərbi savadı ilə əfsanələşən və dostu ilə çiyin-çiyinə vuruşub, onunla eyni saniyədə şəhadətə ucalan qəhrəmanın — polkovnik İlqar Mirzəyev. Silahdaşlarının deyimi ilə "Artilleriyanın Atası".

Atası həkim kimi, taleyi isə Milli Qəhrəman kimi görmək istədi

İlqar Mirzəyev hələ uşaqlıqdan həmyaşıdlarından fərqlənirdi. 9-cu sinifdə oxuyanda atası onu həkim kimi görməkn istədiyini deyir, o isə hərbçi olacağını bildirir. Həqiqətən də dediyini edir. Birinci Qarabağ müharibəsinin başladığı 1991-ci ildə sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verir və həmin ilin avqustunda qəbul olunur. 1995-ci ildə məktəbi "Motoatıcı" ixtisası ilə bitirir.

Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində 1995-ci ilin 17 iyunundan 12 noyabrına qədər kursantlar tağımının komandiri olur. Sonra 1997-ci ilin martınədək tank artilleriya kursantları tağımına rəhbərlik edir.

Göstərdiyi yüksək xidmətə görə elə həmin ilin martında kursantlar taborunun kursantlar bölüyünün tağım komandiri təyin olunur və oktyabrın 19-da qüsursuz xidmətinə görə baş leytenant rütbəsini alır. O, bu təhsil ocağında həm də bölük komandiri və artilleriya batareyasının komandiri kimi fəaliyyət göstərir, 2000-ci ilin dekabrında kapitan rütbəsinə layiq görülür. 2001-ci ilin iyununda Gəncədə yerləşən "N" saylı hərbi hissəyə qərargah rəisi və haubitsalı artilleriya diviziyası komandirinin müavini təyin olunur, bir il sonra isə həmin diviziyanın komandiri olur.

Müdafiə Nazirliyi bu istedadlı zabitin uğurlarını cavabsız qoymur, 2002-ci ilin dekabrında ona vaxtından əvvəl mayor rütbəsi verilir. 2003-cü ildən 2005-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ali hərbi təhsil alıb ixtisasını artıran İlqar Mirzəyevin növbəti xidmət ünvanı Naxçıvan oldu.

Burada hərbi hissə komandirinin müavini, əməliyyat bölməsinin rəisi kimi mühüm vəzifələri yerinə yetirir, artilleriya divizionuna rəhbərlik edir. 2012-ci ildə həm atəşə dəstək bölməsinin rəisi, həm də koordinator kimi çalışarkən çiyinlərinə polkovnik rütbəsi qonur. Beyləqandakı divizion komandirliyindən sonra isə fəaliyyətini Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasında inspektor kimi davam etdirir. 2015-ci ildə qərargah rəisi olduğu hərbi hissəyə qısa müddətdə komandir təyin edilir, 2019-cu ilin fevralında isə artıq 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə gətirilir.

İlqar Mirzəyev sadəcə əmrlər verən rəis yox, dərsliklərdən öyrənməyən, hər gün özünü yenidən quran, əsgərinə ata olan rəhbər olur. Onun kursantlıq illərini müəllimi Firdovsi Xəlilov belə xatırlayır:

"Dərs zamanı kursantlarla tanış oldum. Bir hündürboy, arıq kursant kənarda dayanmışdı. Yaxınlaşıb həyəcanının səbəbini soruşdum. Dedi: “Cənab kapitan, bizi qarşıda çox ağır və şərəfli vəzifə gözləyir. Mən hərbçi olmaq istəyirəm. Sizdən xahiş edirəm, mənə elmi, biliyi dərindən öyrədin ki, istənilən anda bizə əmr veriləndə, əldə olan silahlardan məharətlə istifadə etməyi bacarım”. Həmişə gülərüz idi, dərslərdə çox həvəsli idi”.

Xidmət yoldaşları deyir ki, otağına nə vaxt qapını döyüb girirdilərsə, onu əlində kitab oxuyan görərdilər.

Soruşanda ki, "Cənab mayor, bu qədər oxumaqdan yorulmursunuz?", o, həmişə eyni prinsiplə cavab verərdi: "Zabit həmişə öz üzərində çalışmalıdır”.

Sənətinə o qədər dərindən bələd idi ki, yoldaşları ona aralarında "Artilleriyanın atası" adını vermişdilər, savadını dahi general Əliağa Şıxlinski ilə müqayisə edirdilər.

Silahdaşı Paşa Abışov deyir:

"Onun sayəsində biz artilleriyanın sirlərini öyrənmişik. Onun sayəsində istənilən vaxt istənilən komandanı dəqiq və vaxtında yerinə yetirməyə nail olmuşuq".

Əsgərə olan münasibəti də fərqli idi.

Xidmət yoldaşı Anar Baxışov belə bir hadisəni xatırlayır:

"Bir gün əsgər məzuniyyətə gedəndə onu yanına çağırıb soruşdu: “Oğlum, evə gedirsən, yol gedirsən, cibində pulun varmı?” Əsgər “bəli, komandir” dedi. İlqar Mirzəyev “göstər pulunu”deyəndə əsgər başını aşağı saldı, çünki cibində pulu yox idi. İlqar Mirzəyev cibindən 50 manat çıxarıb ona verdi: “Oğlum, sən də mənim bir oğlum, götür bu pulu, yolda lazımın olar” dedi. O vaxtdan bu hərəkəti bütün əsgərlər arasında yayıldı. Əsgərlərin nöqsanı olanda çağırıb bir ata kimi başa salardı”.

Mərmilər yağırdı, başını dik tuturdu

2016-cı ilin Aprel döyüşləri başlayanda polkovnik İlqar Mirzəyev komandiri olduğu hərbi hissə ilə birlikdə Tərtər rayonu istiqamətində döyüşlərə qatılır. Onun rəhbərliyi altında Talış istiqamətindəki strateji nöqtələr və Talış zirvəsi azad edildi. Ermənilərin "yenilməz Ohanyan səddi" dediyi müdafiə xətti cəmi 40 dəqiqəyə dağıdıldı, iki saat ərzində düşmənin 21 postu məhv edildi, 7 strateji nöqtə geri alındı.

Döyüş yoldaşı Qafar Əliyev onun o günlərdəki sakitliyini və cəsarətini belə təsvir edir:

"Döyüş tapşırığını yerinə yetirmək üçün yerimizi Ağdamın Qarağacı kəndindən Tərtərin Seydimli kəndinə dəyişdilər. Çox qızğın döyüşlər gedirdi. İlqar Mirzəyev öz xidməti maşını ilə düz yanımıza gəlirdi, tapşırıqları dəqiqləşdirirdik. Gəldiyi istiqamətə düşmən mərmi atırdı, amma mən o insanın bir dəfə də olsun başını aşağı əydiyini, maşının arxasına keçdiyini görmədim. Hətta maşınına bir dəfə mərmi düşdü, yenə də gəldi, halımızı soruşdu. Aprelin 4-də gecə bizi Seydimlidən Naftalanın Qaşaltı Qaraqoyunlu istiqamətinə özü müşayiət etdi, mövqelərimizi seçdi”.

Döyüşlər başlayanda sürücüsü çavuş Azər Namazovla səhər saat 6-7 radələrində yüksəkliyə çıxırlar. İlqar Mirzəyev düşmən istiqamətinə baxaraq deyir:

“Azər, mənim ən böyük arzum bu günü görmək, torpaqlarımızı düşmən işğalından azad etmək olub. Bu gün də bizə qismət oldu”.

Hərbi xidmətdə hər kəs Polad Həşimovla İlqar Mirzəyevin dostluğundan danışırdı. Aprel döyüşlərində də bu tandem öz sözünü demişdi. Qərargah rəisi Polad Həşimov hərbi hissəyə gələndə birinci İlqar Mirzəyevlə görüşər, otağında oturub xidməti məsələləri müzakirə edər, sonra digər zabitlərin problemləri ilə maraqlanardı. Hər ikisi çox sadə və gülərüz idi. Anası Gülnarə xanımın da dediyi kimi, onlar Poladla bir-birlərini qardaş kimi sevirdilər. Bir-birlərini tamamlayırdılar.

2020-ci il iyulun 12-də Tovuzda döyüşlər başlayanda da Polad Həşimov və İlqar Mirzəyev bir yerdə idilər. Hər ikisi də mülki şəxslərə qarşı çox həssas yanaşırlar. Düşmən Tovuzun Ağdam, Əlibəyli kəndlərini atəşə tuturdu. Ağdamda bir mülki şəxs şəhid olur. Əsgərlər İlqar Mirzəyev və Polad Həşimovdan icazə istəyirlər ki, ermənilərin yaşayış məntəqələrini atəşə tutsunlar. Lakin ikisi də bununla razılaşmır: Bunu etsək, bizim onlardan fərqimiz qalmaz”.

İyulun 14-də səhər saatlarında isə o acı hadisə baş verir. Hadisə şahidi, döyüş iştirakçısı Təbriz Kərimov hadisə anını belə təsvir edir:

"14 iyul saat 07:04-də durduğumuz yerdən 3 metr ötəyə mərmi düşdü. 6 dəqiqəyə özümə gəldim, sağımda İlqar Mirzəyev durmuşdu, əlimi atanda onun qolunun titrədiyini gördüm. Nə qədər dedim ki, “dur, çıxaq burdan, düşmən atır”, mənə cavab vermədi. Sonradan anladım ki, axır nəfəsini verir... Əsgərlər Polad Həşimovla İlqar Mirzəyevi ordan çıxarmaq üçün irəli atıldılar. Düşmən yeni artilleriya hücumuna keçdi, məqsədləri şəhidlərimizin nəşini götürmək idi, amma buna nail ola bilmədilər”.

Həmin gün Müdafiə nazirinin müavini Kərim Vəliyev xəbəri canlı yayımda elan etdi:

"Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdu. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər..." 

"'Bir evdən bir hərbçi bəs edər” deyən atanın son nəsihəti

İlqar Mirzəyevin ailəsində iki övladı yadigar qaldı: qızı Gülnarə və oğlu Elvin.

Oğlu Elvinlə sonuncu söhbəti iyulun 13-ü gecə olur. Ailəsindən hal-əhval soruşur. Birdən “oy” deyir. Elvin ondan nə olduğunu soruşanda ayağının ağrıdığını, yorulduğunu deyir. Elə son sözü bu olur...

“Dincəl” demək istədik, deyə bilmədik, çünki hərbçi üçün dincəlmək olmur. Bizə dedi ki, “möhkəm olun, mən möhkəməm”. Bacım ataya dedi ki, “mən əlaçı oldum”, buna çox sevindi”.

Atası Elvinin hərbçi olmasını istəməyibmiş:

"8-ci sinifdən demişdim ki, mən də hərbçi olmaq istəyirəm. İzin vermədi ki, 'bir evdən bir hərbçi olar, sən başqa sahədə vicdanla Vətənə xidmət et”. Məni hüquq-mühafizə sahəsinə yönəltdi. Dedi ki, mən Vətəni xarici düşməndən qoruyuramsa, sən də bizi, Vətəni daxili düşmənlərdən qoru və peşəni şərəflə yerinə yetir”. Son danışığımızdan iki gün əvvəl görüntülü danışanda da bu barədə danışdıq. Ona dedim ki, arzumu yerinə yetirəcəm”.

Anası Gülnarə xanım isə onun evdən son gedişini heç cür unuda bilmir:

"Bazar günləri günortadan sonra evdə olurdu. Yeməyini yedi. Birdən qara telefonuna zəng gəldi, götürüb yataq otağına keçdi. Eşitdim ki, orda “heyif sənə” dedi. Soruşdum ki, kimlə danışırdın? Gülə-gülə “kimi tanıyırsan ki, ana?” deyib suallardan qaçdı. Paltarını geyindi, saatını taxmağa çalışdı, nə qədər etdisə, taxa bilmədi, cibinə qoydu. Çıxanda yağış yağırdı. Ağladım ki, yağış balamın kürəyini islatdı, xəstələnəcək..."

İyulun 14-də günorta saatlarında polkovnik İlqar Mirzəyevin nəşi yaşadığı Əhmədli qəsəbəsinə gətirildi. Onu böyük izdihamla, çiyinlərdə Bakıdakı II Fəxri Xiyabanda, dostu Polad Həşimovun yanında dəfn etdilər. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

... və beləliklə, Tovuz döyüşləri Azərbaycan xalqının səbr kasasını daşıran son damla, İkinci Qarabağ müharibəsinə aparan yolun başlanğıcı oldu. Əsgərinin cibinə yolpulu qoyan ata, dahi general Şıxlinskinin irsini yaşadan əsl "Artilleriyanın atası", qanın yerdə qalmadı... Bu gün Qarabağ azaddır, canınız bahasına arzuladığınız Zəfər artıq xəyal deyil, diqtə etdiyimiz reallıqdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
14 IYUL 2026
"Beşiktaş" Leandro Trossardın transferini açıqladı 17:43 Tehrandan Trampa sərt XƏBƏRDARLIQ: Cavabımız qətiyyətli olacaq! 17:30 Yəməndən Səudiyyəyə ağır hədə: Dünyanın ən böyük neft emalı mərkəzi hədəfdə 17:23 Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı 17:15 Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur 17:09 Ermənilər İlqar Mirzəyevlə Polad Həşimovun nəşini götürmək istədilər - Əsgərlər sinələrini düşmən artilleriyasının qabağına verdilər 17:05 BMW-dən TƏCİLİ geri çağırma qərarı – Hər an yana bilərlər 16:39 Ermənistan sürətlə qocalır, kiçilir 16:50 "Netanyahuya səs verməyin!": Ərəb şərhçilərindən israilli seçicilərə müraciət 16:43 Azad edilmiş ərazilərdə qadınların məşğulluğu niyə geridə qalır? - AÇIQLAMA 16:37 Lavrov son anda Türkiyəyə müraciət etdi - "Biz qaz göndəririk, Ukrayna bombalayır"... 16:34 Rusiyada hakimiyyət dəyişikliyinin ayaq səsləri eşidilir - Pekin kəşfiyyatı özünü ələ verdi 16:16 Ukraynada hərbi vəziyyət 20-ci dəfə uzadıldı 16:26 Dünya üçüncü savaşa hamilə: Afrikada dünya müharibəsi çıxacaq 15:54 Qırğızıstan yanacaq ixracını qadağan etdi 15:46 İran bütün qonşuları təhdid etdi - ölkəmizi nə gözləyir? 15:42 Azərbaycanda hər ev elektrik istehsal edə bilər? – İqtisadçıdan təklif 15:35 Azərbaycan ərazisindən istifadəyə görə nə qədər pul ödənilir? 15:28 PSJ Luka Dinlə üçillik müqavilə imzalayacaq 15:19 Prezidentlər bir-birinə, görün, nə hədiyyə etdi - VİDEO 15:11 Hazırda bir qrup dələduz fəaliyyət göstərir - İnsanları belə aldadırlar 15:10 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 2 11:00 İran şəhərlərində ardıcıl partlayış səsləri eşidilir: Ölənlər var 14:45 Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR 14:37 Prezidentin maşınında selfi çəkdi - FOTO 14:33 Bütün Xəbərlər