Türk oğlu İsveçrənin taleyini yazdı
İsveçrə millisinin baş məşqçisi Murat Yakın təkcə məşqçilik uğurları ilə deyil, həyat hekayəsi və jestləri ilə də diqqət çəkən simalardandır.
TodayPress TV onun karyerası ilə bağlı ən maraqlı faktlardan bəzilərini təqdim edir:
2022-ci il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiyanın İtaliya ilə 0:0 hesablı heç-heçəsi İsveçrənin birbaşa mundiala vəsiqə qazanmasını təmin etmişdi. Buna təşəkkür əlaməti olaraq Murat Yakın Şimali İrlandiya Futbol Assosiasiyasına 9,3 kiloqram İsveçrə şokoladı göndərmişdi. Şokoladın çəkisi oyunun 93-cü dəqiqəsinə rəmzi işarə kimi seçilmişdi.
Murat və Hakan Yakının anası Emine Yakın Türkiyənin Adana şəhərində anadan olub və sonradan İsveçrəyə köç edib. O, çətin şəraitdə səkkiz uşaq böyüdüb. Emine xanım oğullarının oyunlarını izləmək üçün uzun illər stadionlara velosipedlə gedib-gəlməsi ilə İsveçrə mətbuatında tez-tez xatırlanır.
Murat Yakın məşqçi kimi prinsipiallığı ilə seçilir. O, "Luzern" klubunu çalışdırdığı dövrdə komandanın kapitanı olan qardaşı Hakan Yakını fiziki hazırlığını yetərli hesab etmədiyi üçün dəfələrlə ehtiyat oyunçular skamyasında saxlayıb və ya oyundan əvəzləyib. Bu qərarlar bir müddət qardaşlar arasında soyuq münasibətə də səbəb olmuşdu.
Murat Yakının rəhbərliyi altında İsveçrə millisi AVRO-2024-də 72 ildən sonra ilk dəfə böyük turnirdə 1/4 finala yüksəldi. Komanda sonuncu dəfə 1954-cü ildə, ev sahibliyi etdiyi dünya çempionatında bu mərhələyə vəsiqə qazanmışdı.
İsveçrə daha əvvəl dünya çempionatlarının 1/4 finalında 1934-cü ildə Çexoslovakiyaya 3:2, 1938-ci ildə Macarıstana 2:0, 1954-cü ildə isə turnir tarixinin ən məhsuldar oyunlarından birində Avstriyaya 7:5 hesabı ilə məğlub olmuşdu.
Türkan İsgəndərli