Barış Alper həm transferdən, həm hədəflərdən danışdı
“Qalatasaray”ın və Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz komanda yoldaşı Can Uzunun transferi, şəxsi gələcəyi və yeni mövsümün hədəfləri barədə danışıb.
TodayPress TV xəbər verir ki, “TRT Spor”a müsahibə verən cinah oyunçusu Can Uzunun “Qalatasaray”a transferini arzuladığını bildirib.
“Can Uzunun “Qalatasaray”a qoşulmasını istəyirəm”, – deyə Yılmaz qeyd edib.
Futbolçu eyni zamanda universitet təhsilini başa vurduğunu bildirərək bununla qürur duyduğunu söyləyib.
“Futbolçular sıx qrafik səbəbindən vaxtlarının olmadığını deyirlər. Mən isə insanlara futbol oynayarkən universitet təhsili almağın da mümkün olduğunu göstərmək istədim”, – deyə o vurğulayıb.
Barış Alper Yılmaz yeni mövsümə hazırlığın uğurla davam etdiyini, qarşıda çətin çempionatın olduğunu və komandanın zədələrdən uzaq qalaraq ən yaxşı formada mövsümə başlamağa çalışdığını bildirib.
O, baş məşqçi Okan Burukun inkişafında mühüm rol oynadığını da qeyd edib.
“Qazandığım uğurların arxasında Okan Buruk dayanır. O, hər futbolçu ilə ünsiyyət qurmağı bacaran məşqçidir”, – deyə Yılmaz bildirib.
Türkiyəli futbolçu ötən mövsüm UEFA Çempionlar Liqasında dəyərli təcrübə qazandıqlarını xatırladaraq, bu il turnirdə daha uğurlu çıxış etməyi hədəflədiklərini söyləyib.
Transfer xəbərlərinə də münasibət bildirən Barış Alper Yılmaz hazırda bütün diqqətini “Qalatasaray”ın təlim-məşq toplanışına yönəltdiyini vurğulayıb.
“Klubla müqaviləm qüvvədədir. Transfer xəbərlərinin çıxması sevindiricidir, amma hazırda bütün fikrim hazırlıq prosesindədir. Rəsmi təklif olarsa, bunu klubla birlikdə dəyərləndirəcəyik”, – deyə futbolçu əlavə edib.
Namiq HUN