"Keystone XL" boru kəməri məzardan oyadılır – Tramp və Karni razılığa gəldi
Donald Tramp Kanadaya qarşı tətbiqi sabaha planlaşdırılan 50 faizlik gömrük rüsumlarını üç gün müddətinə dayandırıb.
TodayPress TV xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanada və ABŞ-nin sənədləşmə prosesini başa çatdırmaq şərtilə razılaşma əldə etdiyini bildirib.
“Kanada qarşıdakı səhər qüvvəyə minməli olan 50 faizlik rüsumları üç gün müddətinə dayandırdım. Buna səbəb Kanada və ABŞ-nin sənədləşmə prosesinin başa çatdırılması şərtilə RAZILAŞMA əldə etməsidir!” – deyə Tramp bildirib.
O, həmçinin qeyd edib: “Yuxulu Co Bayden tərəfindən çoxdan ləğv edilmiş möhtəşəm "Keystone XL" boru kəməri məzardan oyadıla bilər!”
BBC xatırladır ki, rüsumların avqustun 19-da qüvvəyə minməsi planlaşdırılırdı. 2021-ci ildə prezident Co Bayden boru kəmərinin tikintisinə verilmiş icazəni ləğv edib.
CNN-in məlumatına görə, rüsumlar süd məhsulları, alkoqol və mebel kimi mallara şamil edilməli idi. Bu məhsullar ötən il ABŞ-nin Kanadadan ümumi idxalının dəyərinin təxminən 5 faizini təşkil edib.
Kanadanın Baş naziri Mark Karni ilə Tramp bazar ertəsi və çərşənbə axşamı danışıqlar aparıblar. Karni danışıqları “çox həssas və gərgin” kimi xarakterizə edib.
ABŞ prezidenti gömrük rüsumlarının tətbiqi üçün əvvəllər istifadə olunmamış, 1930-cu illərə aid az tanınan bir qanundan yararlanmağı planlaşdırırdı. Ağ Evin bununla bağlı hüquqi problemlərlə üzləşəcəyi gözlənilirdi. Lakin məhkəmə qərarını açıqlayana qədər Trampın bu qanunu tətbiq edə biləcəyi bildirilirdi.
Qiymət Mahir