Azad edilmiş ərazilərdə qadınların məşğulluğu niyə geridə qalır? - AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da mərhələli şəkildə davam edir. Yeni yaşayış məntəqələrində yaradılan məşğulluq imkanlarının əsasən tikinti, infrastruktur və təhlükəsizlik sahələrində cəmləşməsi isə qadınların əmək bazarına inteqrasiyası məsələsini yenidən gündəmə gətirir.
İqtisadçı Günay Hüseynova TodayPress TV-yə bildirib ki, hazırkı mərhələdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin xüsusiyyəti səbəbindən əmək bazarında daha çox kişi əməyinə ehtiyac yaranır.

Onun sözlərinə görə, bölgələrdə hazırda əsas diqqət tikinti, bərpa və infrastrukturun qurulmasına yönəlib.
"Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə tikinti, bərpa və restavrasiya işləri görülür. Bununla yanaşı, köç və yaşayış prosesi də davam edir. Tikinti və təmir işlərinin üstünlük təşkil etməsi bu mərhələdə kişilərin əmək bazarında daha çox təmsil olunmasına səbəb olur".
İqtisadçı vurğulayıb ki, bu, qadınların həmin ərazilərdə ümumiyyətlə işləmədiyi anlamına gəlmir:
"Təbii ki, qadınların da çalışdığı sahələr var həmin ərazidə. Lakin qeyd etdiyim kimi, hazırda tikinti və bərpa işləri üstünlük təşkil etdiyi üçün elə düşünülür ki, işğaldan azad edilmiş ərazilərdə qadınlar yalnız ev təsərrüfatı ilə məşğul olurlar".
Günay Hüseynova hesab edir ki, uzunmüddətli perspektivdə bölgələrdə iqtisadi həyatın tam formalaşması üçün qadınların da əmək bazarında daha fəal iştirakına şərait yaradılmalıdır.
Onun fikrincə, bərpa mərhələsi başa çatdıqca təhsil, səhiyyə, xidmət, ticarət, turizm, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə yeni iş yerlərinin yaradılması qadın məşğulluğunu artıracaq və regionların iqtisadi inkişafına əlavə töhfə verəcək.
Türkan İsgəndərli