Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab
Pişiklərin sahiblərini uzun müddət ayrılıqdan sonra belə xatırlaya bildiyi müəyyənləşdirilib.
TodayPress TV xəbər verir ki, “Futura”nın məlumatına görə, pişiklərin yaddaşı uzun illər itlərin yaddaşı qədər geniş araşdırılmasa da, mövcud tədqiqatlar onların insanlar haqqında uzunmüddətli xatirələr formalaşdıra bildiyini göstərir.
2013-cü ildə Tokio Universitetinin alimlərinin apardığı araşdırma pişiklərin sahibinin səsini yad insanların səslərindən ayıra bildiyini ortaya qoyub.
2019-cu ildə aparılan başqa bir araşdırmada isə pişiklərin öz adlarını onlara fonetik baxımdan oxşar sözlərdən fərqləndirə bildiyi müəyyənləşdirilib.
2021-ci ildə Kyoto Universitetində aparılan araşdırma isə daha maraqlı nəticə göstərib. Alimlər pişiklərin yalnız sahibinin səsinə əsaslanaraq onun harada olduğunu təsəvvürlərində müəyyənləşdirə bildiklərini aşkarlayıblar.
Mütəxəssislər pişiklərin yaddaşının dəqiq nə qədər davam etdiyini müəyyənləşdirən elmi araşdırmanın olmadığını bildirirlər. Buna görə də pişiklərin yaddaşının cəmi 16 saat davam etdiyi barədə məlumatlar elmi baxımdan təsdiqlənmir və mif hesab olunur.
Alimlərin fikrincə, xüsusilə güclü emosiyalarla əlaqəli hadisələr pişiklərin yaddaşında daha uzun müddət qala bilər. Onları yeməklə təmin edən, onlarla oynayan və ya əksinə, qorxu yaşadan insanlar heyvanın yaddaşında uzunmüddətli iz buraxa bilər.
Pişiklərin sahiblərini əsasən qoxu, səs və gündəlik rutin vasitəsilə tanıdığı ehtimal edilir. Bu assosiasiyaların aylarla, illərlə, hətta pişiyin həyatının böyük bir hissəsi boyunca qorunub saxlanıla biləcəyi bildirilir.
Kübra Musayeva