Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı
Çin Tibetin cənub-şərqində dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb.
TodayPress TV xəbər verir ki, təxminən 170 milyard dollar dəyərində olan layihənin “Üç dərə” su elektrik stansiyasından təxminən üç dəfə güclü olacağı gözlənilir.
Layihə Yarlunq-Tsanqpo çayı üzərində həyata keçirilir. Çayın təxminən 50 kilometrlik hissəsində hündürlük fərqinin 2 min metrə yaxın olması ərazini hidroenerji baxımından dünyanın ən əlverişli bölgələrindən birinə çevirir.
Yeni stansiyanın ildə təxminən 300 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi bildirilir.
Layihə yalnız miqyasına görə deyil, mümkün ekoloji təsirlərinə görə də diqqət çəkir. Yarlunq-Tsanqpo çayı Hindistan və Banqladeş ərazisindən keçən Brahmaputra çayına çevrilir. Çayın su rejimindən milyonlarla insan, kənd təsərrüfatı və çay ekosistemləri asılıdır.
Mütəxəssislər su axınının dəyişdirilməsinin balıqların miqrasiyasına, çöküntülərin daşınmasına və mövsümi daşqınlara təsir göstərə biləcəyini bildirirlər.
Bundan başqa, alimlərin diqqətini nəhəng hidrotexniki qurğuların Yer kürəsinin fırlanmasına mümkün təsiri də çəkib. NASA-nın 2005-ci ildə apardığı araşdırmaya görə, Çindəki “Üç dərə” su anbarında su kütləsinin toplanması Yerin fırlanmasını çox cüzi şəkildə dəyişib. Hesablamalara əsasən, sutkanın uzunluğu təxminən 0,06 mikrosaniyə artıb, Yer oxu isə təxminən 2 santimetr yerdəyişib.
Alimlər bildirirlər ki, yeni layihənin Yer kürəsinin fırlanmasına təsirinin nə dərəcədə olacağını indidən dəqiq müəyyənləşdirmək mümkün deyil.
Kübra Musayeva