“Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi
“Porto” klubunun yarımmüdafiəçisi Rodriqu Mora karyerasını İtaliyanın “Roma” klubunda davam etdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
19 yaşlı futbolçu “Porto”dan “Roma”ya daimi əsaslarla transfer olunub.
“Klub Rodriqu Moranın “Porto”dan transferini böyük məmnuniyyətlə elan edir. 19 yaşlı futbolçu daimi əsaslarla “Roma”nın heyətinə qoşulur. Hücumameyilli yarımmüdafiəçi “Əjdahalar”ın əsas komandasında 80 matç keçirib və 16 qol vurub.
Yeni mərhələsində Mora “Roma”da 86 nömrəli formanı geyinəcək. Romaya xoş gəlmisən, Rodriqu!”, – deyə klubun açıqlamasında bildirilib.
Mora ötən mövsüm “Porto”nun heyətində bütün turnirlərdə 44 matçda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Transfermarkt portalında 19 yaşlı futbolçunun bazar dəyəri 38 milyon avro qiymətləndirilir.
Namiq HUN