Moldova Moskvadakı səfirini GERİ ÇAĞIRDI - Səbəb nədir?
Moldovanın Xarici İşlər Nazirliyi ölkənin Moskvadakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti "Telegram"da məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilib ki, qərar bir gün əvvəl Moldova ərazisində PUA-nın düşməsi ilə bağlı baş vermiş insidentlə əlaqədardır. Kişinyov hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.
"Bu insident Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulması və vətəndaşlarımızın təhlükəsizliyinin təhdid edilməsidir. Moldova Respublikası Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibəni və onun ölkəmizin və bütün regionun təhlükəsizliyinə təsirlərini pisləyir", - deyə qeyd olunub.
Xatırladaq ki, uçuş aparatının qalıqları avqustun 9-da Ukrayna sərhədindən uzaq olmayan Moldovanın Ştefan-Voda rayonunun Krukmaz kəndi yaxınlığında aşkarlanıb. Moldova polisinin məlumatına görə, aparat ağaca çırpılıb və 2,5 metr hündürlükdə partlayıb, bundan sonra qalıqlar geniş əraziyə səpələnib. İnsident nəticəsində heç kim xəsarət almayıb, lakin Krukmaz kəndində bir neçə təsərrüfata ziyan dəyib.
Aysel Mətləb