Xocalı sakinlərinin xilası üçün düşmənin zirehli texnikasını kəsən qəhrəmanlıq — İlk dəfə

Xocalı sakinlərinin xilası üçün düşmənin zirehli texnikasını kəsən qəhrəmanlıq — İlk dəfə
06.07.2026 09:28 Cəmiyyət

"Əgər bu gün Xocalı sakinlərinin böyük bir hissəsi sağdırsa, bunda Hikmət Nəzərlinin göstərdiyi fədakarlığın xüsusi payı var".

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Qəhrəmanları ilə bağlı araşdırma aparan tarixçi, professor, doktor Zaur Əliyev deyib.

O, Xocalının müdafiəsində misilsiz şücaət göstərən, son döyüşündən sonra isə itkin düşən Azərbaycanın Milli Qəhrəmanı Hikmət Baba oğlu Nəzərlinin həyat yolu və qəhrəmanlığından danışıb.

"Əsrin faciəsi olan Xocalı soyqırımı zamanı ermənilərin qarşısını almaq üçün meşənin içərisində sipər quran Hikmət Nəzərli barədə sonradan heç bir məlumat əldə etmək mümkün olmayıb. Hikmət Nəzərli az sayda silahdaşı ilə birlikdə düşmənin zirehli texnikası və canlı qüvvəsinin irəliləməsinin qarşısını alaraq mülki əhalinin təhlükəsiz əraziyə keçməsi üçün həyati əhəmiyyət daşıyan vaxt qazandırıb. Bu gün Xocalı sakinlərinin çoxu sağdırsa, bunda Hikmətin də rolu danılmazdır".

Professor qeyd edib ki, Hikmət Nəzərli və onun yanında olan kiçik döyüş qrupu sonuncu dəfə Kətik meşəsi istiqamətində gedən döyüşlərdə görülüb. Həmin qarşıdurmadan sonra isə ondan heç bir xəbər alınmayıb:

"Onu nə Ağdama gətirilən meyitlərin arasında görən olub, nə də əsir düşərgələrində saxlanılan girovlar arasında. Hikmət Baba oğlu Nəzərli 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Ermənilərin və sovet ordusunun Azərbaycana qarşı hərbi təcavüzünün başladığı ilk günlərdən mübarizəyə qoşulub. 1990-cı il 20 Yanvar hadisələrindən sonra şəhidlərin dəfnində də yaxından iştirak edən Hikmət iki gün ərzində Şəhidlər xiyabanında məzarların qazılmasına kömək edib. 1991-ci ilin sonlarında Qarabağda vəziyyət daha da ağırlaşdıqda o, Şıxov batalyonunun tərkibində Xocalıya yollanaraq şəhərin müdafiəsinə qoşulub".

Zaur Əliyev əlavə edib ki, Hikmət Nəzərli Umudlu kənd sakinlərinə kömək edərkən yaralansa da, müalicəsini başa vurduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb:

"Ailəsinin geniş imkanlarına və yaxın qohumunun həmin dövrdə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışmasına baxmayaraq, Hikmət bundan şəxsi məqsədləri üçün istifadə etməyib. Babasının Müdafiə Nazirliyində yüksək vəzifə tutmasına arxalanıb müharibədən uzaq qalmaq əvəzinə, Vətən uğrunda döyüşməyi seçdi. Döyüş yoldaşlarının xatirələrinə əsaslanan məlumata görə, Hikmət Nəzərli döyüş taktikasını peşəkar şəkildə qururdu. O, meşədə ağacların arasında sürətlə mövqe dəyişirdi. Düşməndə belə təəssürat yaranırdı ki, qarşılarında kiçik dəstə yox, böyük bir hərbi bölük var".

Məhz bu taktika nəticəsində çoxsaylı Xocalı sakini mühasirədən çıxaraq Ağdama çatmağa nail olub.

Tarixçi vurğulayıb ki, Xocalı yaxınlığındakı döyüşlərin birində Hikmət Nəzərlinin rəhbərlik etdiyi dəstə düşmənin bir qrup hərbçisini əsir götürərək Ağdama təhvil verib.

Onun Gürcüstanın Duşeti şəhərində yerləşən xüsusi hərbi kəşfiyyat məktəbində aldığı hazırlığın döyüşlər zamanı peşəkar fəaliyyət göstərməsində mühüm rol oynadığı bildirilir.

Professorun araşdırmalarında Hikmət Nəzərlinin qəhrəmanlığı ilə bağlı daha bir maraqlı fakt da yer alır:

"Rast gəldiyim məlumatlara görə, o, təxminən 30 nəfər Xocalı sakinini ermənilərin istifadə etdiyi avtobusla təhlükəsiz şəkildə Ağdama göndərmiş, özü isə düşmənin bütün diqqətini öz üzərinə çəkmişdi. Onun haqqında danışanların sözlərinə görə, Hikmət əsir düşməyi özü üçün qəbulolunmaz hesab edirdi. Deyirdilər ki, o, təslim olmamaq üçün həmişə üzərində son bir güllə saxlayırdı. Onun düşüncəsinə görə, əsir düşməkdənsə ölmək daha şərəfli idi".

Müxtəlif dövrlərdə cəbhədən gətirilən və Hikmət Nəzərliyə bənzədilən şəhidlər olsa da, sonradan onların başqa şəxslər olduğu müəyyən edilib. Bu səbəbdən Milli Qəhrəmanın taleyi bu gün də tam aydınlaşdırılmayıb.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1992-ci il tarixli 553 saylı Fərmanı ilə Hikmət Baba oğlu Nəzərliyə itkin düşdüyünə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

"Qarabağ işğaldan azad edildikdən sonra şəhidlərimizin bir-bir tapılması hər kəsdə ümid yaradıb. Ümid edirik ki, Hikmət Nəzərlinin də nəşi tapılacaq, onun da məzarı xalqımızın ziyarət etdiyi müqəddəs ünvanlardan birinə çevriləcək. Ruhu şad olsun", - deyə Zaur Əliyev qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUL 2026
SEPAH-a yeni komandan təyin edildi 10:50 Xameneinin dəfnində minlərlə insan ölə bilər 10:32 Məhərrəm ayı nə vaxt başa çatır? 10:17 Havanın temperaturu neçə dərəcə olacaq? 10:09 Fövqəladə Hallar ötən həftənin statistikasını açıqladı: 583 yanğına çıxış... 09:58 Neymar karyerası barədə qərar verdi: Braziliya millisində... 09:53 Azərbaycanlılar da topun ağzında – Ruslar miqrantları qovmaq üçün siyahı yaydı 09:32 Xocalı sakinlərinin xilası üçün düşmənin zirehli texnikasını kəsən qəhrəmanlıq — İlk dəfə 09:28 Kiyevə növbəti raket hücumu: Mülki itkilərin sayı artmaqda davam edir - VİDEO 09:32 Tehranda "qisas bayrağı" qaldırıldı 09:09 Paşinyan Rusiyaya getdi 08:46 Tramp Zelenski ilə görüşəcək – Hansı mövzu müzakirə olunacaq? 08:37 Qarabağa köç davam edir: Sakinlər Cəbrayıla yola salındı 08:24 DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi 08:19 Doğum ayınız təkcə xarakterinizi yox, evinizin rəngini də müəyyən edə bilər 23:51 Bu qidaları rasionunuza əlavə edin - Böyrəkləriniz sizə təşəkkür edəcək 21:31 Bunu edən insanlar daha sağlam olur 21:17 Alimlər hər gün avokado yeməyi tövsiyə edir - FAYDALARI 21:11 Maqnezium çatışmazlığının ƏSAS ƏLAMƏTLƏRİ 20:59 Qırmızı vərəqə ləğv edildi – Tramp FİFA-ya təşəkkür etdi 23:57 Rusiya ordusu Ukraynadakı SOCAR-a hücum etdi - VİDEO 00:01 Lekler Britaniya Qran-prisinin qalibi oldu 23:09 Sürücülük vəsiqəsi almaq istəyənlərə ŞAD XƏBƏR 21:44 Leverkuzen “Bayer”inin yetirməsi Ağdam klubunda - Yeni transfer 21:39 Qazaxda fermaya keçmək üzrə olan alov söndürüldü - VİDEO 21:24 Bütün Xəbərlər