4 gənc suda ölümün pəncəsindən belə xilas ola bilərmiş - Keçmiş üzgüçü ilginc sirri açdı
Son günlər ölkədə baş verən suda boğulma hadisələri cəmiyyətdə ciddi narahatlıq yaradıb.
TodayPress TV xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən kitabxanaçı Vüqar Həsənli gənclərə üzgüçülüyü öyrənməyi tövsiyə edib və öz həyat təcrübəsindən danışıb.
O bildirib ki, ilk dəfə 16 yaşında Kür çayını keçmək istəyərkən həyati təhlükə ilə üzləşib:
"16 yaşımda Kürü ilk dəfə keçəndə çox çətinə düşdüm. Bir nəfər suda mənə yaxınlaşıb dedi ki, məndən tutma, sadəcə ayaqlarını və əllərini hərəkət etdir, mən səni çıxaracağam. Onun sözünə baxdım və xilas oldum. Həmin hadisədən sonra düz 17 il Kürə yaxın getmədim. Üzgüçülüyə peşəkar yanaşmağa 33 yaşında başladım. 1997-ci ildə Bakıya işləməyə gəldikdən sonra üzgüçülük kursuna yazıldım. Mərkəzi Ordu İdman Klubunun (MOİK) hovuzunda məşq edirdim, hətta gecələr hovuzda qalırdım. İlk vaxtlar 30 metrlə başlamışdım, bir dəfəyə 50 metrlik hovuzu keçə bilmirdim. Yan cərgədə bir rus qızı fasiləsiz üzürdü. Ona baxıb təkrar etməyə başladım. Bir neçə aydan sonra artıq sərbəst şəkildə kilometrlərlə üzürdüm".
V.Həsənli qeyd edib ki, sonradan məşqlərinin intensivliyini artırıb:
"MOİK hovuzunda 3 kilometr üzəndən sonra "Aqua Sport"a keçdim. Gündəlik ən azı 3 kilometr üzürdüm. Bir neçə ildən sonra isə 8 kilometrlik məsafəni 4 saat 26 dəqiqəyə fasiləsiz qət etdim. Üzgüçülük düzgün texnika mənimsənildikdən sonra çətin deyil. Üzmək elə torpaq üzərində piyada gəzmək kimi asandır. Sadəcə stili və istiqaməti bilməlisən. Fizika və həndəsədən anlayışın olmalıdır. Ət suda yüngüldür, insan asanlıqla batmaz. Başın bucaq altında necə saxlanılması vacibdir. Burundan daim hava xaric edilməlidir, nəfəs isə suyun üzərində yan tərəfdən alınmalıdır".
Kitabxanaçı uzun müddət suda qala bildiyini də vurğulayıb:
"Acından ölənə qədər suda dərin yerdə qala bilərəm və saatlarla bütün stillərdə üzərəm. Əsas məsələ texnikanı öyrənməkdir. Çalışın, mütləq alınacaq".
Sonda o, valideynlərə müraciət edərək uşaqların erkən yaşlardan üzgüçülüyə cəlb olunmasının vacibliyini qeyd edib:
"Uşaqlarınızı körpə vaxtlarından üzməyi öyrədin. Mən Ana Kürü on dəfələrlə bir sahildən digər sahilə üzərək keçmişəm. Siz də öyrənə və bacara bilərsiniz".
Türkan İsgəndərli