Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi
Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına yeni daxil olan JF-17C Block III Thunder döyüş təyyarələri xidmətə başladıqdan sonra ilk dəfə genişmiqyaslı hava təlimində iştirak edib.
TodayPress TV xəbər verir ki, təyyarələr artıq “Jaguar” eskadrilyasının tərkibində xidmətə başlayıb.
2024-cü ildə Pakistanla imzalanan müqavilə çərçivəsində ilk mərhələdə 16 ədəd JF-17 Thunder döyüş təyyarəsi sifariş edən Azərbaycan, ilk təyyarəsini həmin ilin sentyabr ayında qəbul edib.
Lakin əməkdaşlıq bununla məhdudlaşmayıb. İyun 2025-ci ildə Pakistan iki ölkə arasında imzalanan təxminən 4,6 milyard dollarlıq müdafiə müqaviləsi çərçivəsində Azərbaycanın sifarişini 16 təyyarədən 40 təyyarəyə çıxardığını açıqlayıb.
Pakistan və Çinin birgə inkişaf etdirdiyi JF-17C Block III, müasir avionika sistemləri, inkişaf etmiş elektron müharibə imkanları və KLJ-7A AESA radarı sayəsində 200 kilometrə qədər məsafədə hədəf aşkarlama qabiliyyətinə malikdir.
Təyyarə həmçinin PL-15E uzun mənzilli havadan-havaya raketi, görmə xəttindən kənar döyüş qabiliyyəti və çoxməqsədli vəzifələri ilə diqqət çəkir. Bu imkanlar sayəsində həm hava üstünlüyü, həm də dəqiq zərbə əməliyyatlarını effektiv şəkildə yerinə yetirə bilir.
JF-17 Block III son dövrdə Pakistan-Hindistan gərginliyi zamanı beynəlxalq ictimaiyyətin diqqətini çəkən platformalardan biri olub. Pakistan tərəfinin açıqlamalarında JF-17 təyyarələrinin inkişaf etmiş sensorları və uzun mənzilli sursatları ilə əməliyyatlarda mühüm rol oynadığı vurğulanıb.
Azərbaycanın bu platformaya yatırımı Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi, uzun mənzilli hava döyüşü qabiliyyətinin artırılması və regional çəkindirmənin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Jalə Rövşən