100 il sonra azərbaycanlılar İraqda hakimiyyətdə
Kərkük türkmanları ilə bağlı keçirilən tədbir tarixi bağları yenidən gündəmə gətirdi.
Bakıda "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilib. Son zamanlar İraq türkmanları ilə bağlı keçirilən maarifləndirici tədbirlər xalqlarımız arasındakı qədim və qırılmaz bağları yenidən Azərbaycanın gündəminə daşıyıb. Bu tədbirlər sayəsində unudulmaqda olan bir çox tarixi faktlar yenidən üzə çıxır.
Tarixə nəzər salsaq, hələ Sovet dövründə İraqdan Azərbaycana gəlmiş tanınmış türkman ziyalılarını və sənətkarlarını görmək olar. Onlardan biri də hər kəsin yaxşı xatırladığı məşhur müğənni Sənan Səid idi. Onun vaxtilə Azərbaycanın unudulmaz sənətkarı Nərminə Məmmədova ilə birgə ifa etdiyi mahnılar hələ də yaddaşlardadır.
İraq türkmanlarının mədəniyyətinin, ədəbiyyatının və tarixinin Azərbaycanda tanıdılmasında görkəmli alim, professor Qəzənfər Paşayevin (mərhum millət vəkili Qənirə Paşayevanın əmisi) müstəsna xidmətləri var. Alimin hələ 1980-ci illərdə işıq üzü görən və türkmanların həyatından bəhs edən fundamental kitabı bu mövzuda atılmış ən mühüm elmi və maarifçi addımlardan biri hesab olunur.
Medianın da rolu burada əvəzsizdir. "ARB24" televiziyası İraqda yaşayan Türkmanların (Azərbaycan etnosunun) zəngin tarixi yolundan, mədəniyyətindən və yaşadıqları çətinliklərdən bəhs edən "Unudulmuş səslər" adlı sənədli film hazırlayıb.
Tanınmış jurnalist, aparıcı və telekanalın departament rəhbəri Çinarə Nurməmmədova TodayPress TV-yə film haqqında təəssüratlarını bölüşüb.
Onun sözlərinə görə, türkmanlarla bağlı sənədli filmin çəkilişləri zamanı ən böyük çətinlik təhlükəsizlik məsələləri idi:
"Demək olar ki, hər postda bizi saxlayır, sənədlərimizi yoxlayırdılar. Bəzən bu yoxlamalar həddindən artıq uzun çəkirdi. Əgər postda xidmət aparan şəxs türkman olurdusa, işimiz nisbətən asanlaşırdı. Halbuki çəkilişlər üçün aylarla İraqdakı səfirliyimizin dəstəyi ilə müxtəlif dövlət qurumlarından bütün lazımi icazələr alınmışdı. Rəsmi icazə sənədlərini təqdim etsək belə, yoxlamalar çox ciddi aparılırdı. Hətta sürücümüzün və bələdçimizin türkman olması da hər zaman prosesi sürətləndirmirdi. Ən sərt təhlükəsizlik tədbirləri isə türkmanların tarixində ən ağır qətliamların yaşandığı Altunkörpüdə idi. Silahlı müşayiət altında həmin ərazidə çəkilişlər apardıq".
Jurnalist bildirib ki, İraq türkmanlarının dili Azərbaycan türkcəsinə çox yaxındır. Onlarla ünsiyyət rahat olurdu:
"Özləri də dilimizin onlara çox doğma gəldiyini, eyni dildə danışdığımızı deyirdilər. Bu yaxınlıq təkcə dildə deyil, münasibətdə də hiss olunurdu. İnsanların səmimiyyəti, qonaqpərvərliyi və isti münasibəti bizi xüsusilə təsirləndirdi. İlk diqqətimizi çəkən məqamlardan biri onların azərbaycanlılara bəslədiyi böyük sevgi oldu. Xüsusilə İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfəri böyük qürurla xatırlayırdılar. Deyirdilər ki, Kərkükdə Qarabağla bağlı mahnılar və ifalar illərlə böyük ürək yanğısı ilə səsləndirilib. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə həmin qələbəni böyük qürurla yad edirlər. Səfərimiz zamanı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarını ziyarət etmək üçün Kərbəlaya yollandıq. Təəssüf ki, onun məzarı İmam Hüseyn məqbərəsinin diqqətdən kənarda qalan hissəsindədir. Bununla yanaşı, Azərbaycanda çox az bilinən maraqlı bir məqamı da öyrəndik. Tarixçi-yazar Necat Kevseroğlu bizi Kərkük qalası yaxınlığında Füzulinin uşaqlıq illərini keçirdiyi evin yerləşdiyi əraziyə apardı. Səddam Hüseyn dövründə həmin ev dağıdılsa da, Füzuli məscidini və evinin qalıqlarını görmək mümkün oldu. Bildirildi ki, sonradan bölgədə yayılan xəstəlik səbəbindən Füzulinin ailəsi Kərbəlaya köçüb və şair də ömrünün sonuna qədər orada yaşayıb, elə orada da dəfn edilib".
Aparıcı əlavə edib ki, türkmanlar uzun illər kimliklərini qorumaq uğrunda ağır mübarizə aparıblar. Səddam Hüseyn hakimiyyəti dövründə türk dilində təhsil almaq qadağan edilib, uşaqlara türkman adlarının verilməsi qadağan olunub. İnsanlar bəzi türk dilində kitabları gizlədərək bu günə qədər qoruyub saxlayıblar, bəzi kitablar isə məcburi yandırılıb:
"2012-ci ildən sonra isə türkmanların sıx yaşadığı bölgələrdə türk dili rəsmi dil statusu alıb. Buna baxmayaraq, onlar məktəblər və digər imkanlar məhdud olduğu dövrlərdə belə ana dillərini və milli kimliklərini qorumağı bacarıblar. Səddam Hüseyn dövründə türkmanlar ağır təqiblərə məruz qalıblar. Türk kimliyinə görə ömürlərinin ən gənc illərini həbsxanalarda keçirmiş insanlarla həmsöhbət olduq. Müsahiblərimiz arasında iki qardaşını itirmiş, özü yaralanmış, işini itirmiş insanlar da var idi. Onlar üçün yaşadıqları faciələri yenidən xatırlamaq heç də asan deyildi. Türkmanlar 1924, 1959 və 1991-ci illərdə baş vermiş qətliamların ağrısını bu gün də unutmurlar".
Çinarə Nurməmmədova vurğulayıb ki, Səddam rejimi başa çatsa da və müəyyən azadlıqlar bərpa olunsa da, türkmanların problemlərinin tam həll olunmadığını gördük. Ən çox səsləndirilən narazılıqlar torpaq, kimlik və dövlət idarəçiliyində təmsilçilik məsələləri ilə bağlı idi:
"Onların sözlərinə görə, müxtəlif dövrlərdə həyata keçirilən köçürmə siyasəti bölgənin demoqrafik tərkibini dəyişib. Demoqrafik dəyişiklik nəticəsində Kərkükdə türkmanların sayı azalıb, bu isə onların dövlət strukturlarında təmsilçiliyinə də mənfi təsir göstərib. Neft ehtiyatları ilə zəngin olan Kərkük tarix boyu siyasi mübarizələrin mərkəzində olub. Türkmanlar isə bu şəhərin siyasi qarşıdurmaların deyil, türklərin sakit yaşaya biıəcəyi bir bölgə olmasını arzulayırlar. Onlar dövlətdə daha geniş təmsil olunmaq istədiklərini də açıq şəkildə ifadə edirdilər. Bu problemlər təkcə Kərküklə məhdudlaşmır. Mosul, Təlafər, Tuzxurmatu, Diyala və ümumilikdə Türkmeneli adlandırılan bütün bölgələrdə oxşar narahatlıqlar və tələblər səsləndirilir".
Departament qeyd edib ki, Kərkükdə türkman valinin olmaması onları narahat edən əsas məsələlərdən idi:
"Sevindirici xəbər isə biz Azərbaycana qayıtdıqdan sonra gəldi. Öyrəndik ki, təxminən 100 ildən sonra Kərkükdə türkman vali seçilib. Bu şəxs sənədli filmimizdə də müsahibimiz olan İraq Türkman Cəbhəsinin sədri Mehmet Seman Ağa idi. Çəkiliş zamanı türkmanların ən böyük arzularından biri kimi səsləndirilən bu istəyin qısa müddət sonra gerçəkləşməsi onlar üçün tarixi hadisə, bizim üçün isə sənədli filmin ən yaddaqalan məqamlarından biri oldu".
Türkan İsgəndərli