Səudiyyə Ərəbistanı səhranı yaşıllaşdırır: 159 milyon ağac
Səhraların böyük hissəsini əhatə etdiyi Səudiyyə Ərəbistanı genişmiqyaslı ekoloji proqram çərçivəsində 1 milyon hektardan çox deqradasiyaya uğramış ərazini bərpa edib və 159 milyondan çox ağac əkib.
TodayPress TV xəbər verir ki, məlumata görə, 2021-ci ildə başlayan proqram çərçivəsində 2024-cü ilə qədər təxminən 250 min hektar ərazi bərpa edilmişdisə, bu ilin əvvəlində göstərici 1 milyon hektarı ötüb.
BMT layihəni quraq iqlim şəraitində ekosistemlərin bərpası istiqamətində ən genişmiqyaslı nümunələrdən biri kimi qiymətləndirib.
Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər 2,5 milyon hektar ərazini bərpa etməyi, uzunmüddətli perspektivdə isə bu rəqəmi 40 milyon hektara çatdırmağı və 10 milyard ağac əkməyi planlaşdırır.
Layihə çərçivəsində yağış sularının toplanması, bəndlərin tikilməsi və yaşıllıqların suvarılmasında təmizlənmiş çirkab sulardan istifadə kimi texnologiyalardan yararlanılır.
Kübra Musayeva