"Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu
Avropa İttifaqı (Aİ) ABŞ və İran arasında hərbi əməliyyatların tam başa çatacağı təqdirdə belə, İrana qarşı sanksiyaları ləğv etməyi planlaşdırmır.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Evian şəhərində keçirilən G7 sammitindən əvvəl təşkil olunmuş mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ilk növbədə Tehran "kütləvi qırğın silahlarından" imtina etməli və insan haqlarına riayət etməlidir:
"Bizim İrana qarşı iki problemlə – insan hüquqlarının pozulması və kütləvi qırğın silahları ilə bağlı olan iki sanksiya mexanizmimiz var. Biz bu problemlərin hər biri üzrə İranın davranışında real dəyişikliyə nail olmalıyıq və yalnız ondan sonra sanksiyalar ləğv edilə bilər".
Fon der Lyayen vurğulayıb ki, Aİ sanksiyaları xarici dövlətlərin "davranışını dəyişdirmə mexanizmi" hesab edir, buna görə də onların ləğvi yalnız "bu davranış dəyişdikdə" mümkündür.
Aysel Mətləb