Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmə prosesi davam edir

Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmə prosesi davam edir
25.08.2025 12:15 Hadisə

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Firuzə Məmmədova deyib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır:

"Mən mərkəzdə tibb bacısı işləmişəm. Bizim şöbədə əvvəllər ən çox 15 uşaq olurdu. Bir il ərzində uşaqların sayı artmışdı. Son vaxtlar mərkəzdə 18 uşaqla işləyirdim. Bizim şöbənin rəisi Məryəm xanım idi".

Şahidin sözlərinə görə, şöbədə istifadə edilən elektrik uzadacılarını cihazlara özləri qoşub: "Elektrik uzadıcıları ilə bağlı hər hansı bir təlimat verilməmişdi. Uşaq sayı çox olduğuna görə əlavə uzadıcılara da ehtiyac olurdu. Əvvəllər bu uzadıcılardan istifadə edilmirdi. Mənə yanğın təhlükəsizliyi, eləcə də tibbi avadanlıqların birləşdirilməsi ilə bağlı hər hansı bir təlim keçirilməyib. Belə bir təlim olubsa da, mən orada iştirak etməmişəm".

Şahidin ifadələri arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Firuzə Məmmədova ibtidai istintaq zamanı deyib ki, mərkəzdə xəstə sayı normadan iki dəfə çox olub:

"Bununla bağlı işçilər Mehriban xanıma etirazlar edirdi. O isə "işləmək istəməyəni məcbur saxlamırıq, kim işləmirsə, ərizəsini yazıb işdən çıxa bilər" deyirdi. Mərkəzin əməkdaşı Təbriz Nəzərli elektrik uzadıcılarının panellərə qoşulmamasını tapşırmışdı".

Şahid Günel Həsənova deyib ki, 2021-ci ildən yanğın baş verənə qədər Respublika Perinatal Mərkəzində tibbi bacısı işləyib:

"Növbəni təhvil alanda gördüm ki, mərkəzdə yanğın baş verib. Oradakı uşaqları başqa xəstəxanalara yerləşdirmişdilər. Bununla bağlı həmin xəstəxanalara ezam olunmuşduq. Şöbədə uşaq həddən artıq çox idi. Mehriban xanım gələndən sonra otaqların sayı artdı. Bununla bağlı şikayət edirdik. Onlar kim işləmək istəmirsə, çıxa bilər, deyirdilər. Dəfələrlə Məryəm xanıma bu qədər uşağa baxmağa işçilərin gücünün çatmadığını demişdik. Mehriban xanım bizimlə acı dillə danışırdı. İşin ağırlığından şikayət edəndə o, mənə qapını göstərmişdi".

Şahid İlahə Nuriyeva deyib ki, o da mərkəzdə tibb bacısı işləyib:

"Uşaqların çoxluğu ilə bağlı Mehriban xanıma bildirmişdik. Ona demişdim ki, səhhətimlə bağlı çatdıra bilmirəm. O, yaxşı olacağını deyirdi. Son bir il ərzində şöbəyə uşaq çox gəlirdi, buna görə də elektrik uzadıcılardan istifadə etməyə məcbur olurduq. Bununla bağlı qadağa qoyulmamışdı. Hərdən otaqdan qoxu gəlirdi, eləcə də uzadıcını panelə qoşanda cərəyan vururdu. Yanğın təhlükəsizliyi ilə bağlı uzun müddət əvvəl təlim keçirilmişdi. Mən bu təlimdə bir dəfə olmuşam".

Növbəti iclas sentyabrın 15-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər