FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi
FIFA prezidentinin baş müşaviri etiraz əlaməti olaraq istefa verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
FIFA prezidenti Canni İnfantinonun baş müşaviri Karlos Kordeiro dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin satılması planına etiraz olaraq vəzifəsindən ayrılıb.
Kordeiro qərarını bu addımın futbolun gələcəyinə zərər vuracağı ilə əsaslandırıb.
“FIFA prezidentinin baş müşaviri, keçmiş bankir və uzun illərin futbol azarkeşi kimi FIFA-nın dünya çempionatı hüquqlarının bir hissəsini satmağı nəzərdən keçirdiyi vaxt susa bilmərəm. Aydın şəkildə bildirmək istəyirəm ki, bu təşəbbüsdə mənim heç bir iştirakım olmayıb və mən buna qəti şəkildə qarşıyam. Bu, FIFA-ya üzv assosiasiyalar, futbol və bu idman növünün uzunmüddətli gələcəyi üçün sərfəli razılaşma deyil”, – deyə Kordeiro bildirib.
Qeyd edək ki, son günlər FIFA-nın dünya çempionatı və digər iri turnirlərin kommersiya hüquqlarının bir hissəsinin satılması ilə bağlı planı futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Namiq HUN