Görkəmli cərrah Mirəsədulla Mirqasımovun tarix muzeyinə bağışlanmış əşyaları oğurlandı
Təhsil eksperti Etibar Əliyev Azərbaycanın Xalq artisti, kinorejissor və ssenarist Oqtay Mirqasımovla görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Etibar Əliyev sosial şəbəkə hesabında paylaşıb. Görüş zamanı Oqtay Mirqasımovun atası - Azərbaycanın ilk tibb elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti, görkəmli cərrah Mirəsədulla Mirqasımovun həyatı və elmi irsi barədə söhbət aparılıb.
Onun sözlərinə görə, Mirəsədulla Mirqasımovun zəngin kitabxanası olub və Oqtay Mirqasımov məhz həmin kitabxananın təsiri ilə sənət yolunu seçib.
Etibar Əliyev paylaşımında daha bir maraqlı məqama da toxunub. O bildirib ki, Mirəsədulla Mirqasımovun şəxsi əşyaları vaxtilə ailəsi tərəfindən Tarix Muzeyinə bağışlansa da, sonradan həmin eksponatlar oğurlanıb.
“Təəssüf ki, Tarix Muzeyindən və İncəsənət Muzeyindən qiymətli rəsm əsərləri, əlyazmalar və antik əşyalar kütləvi şəkildə oğurlanıb. Heyif… Bunun adı barbarlıqdır”, – deyə Etibar Əliyev qeyd edib.
Təhsil eksperti, həmçinin vurğulayıb ki, görkəmli şəxsiyyətlərin həyatı və fəaliyyəti məktəblilərə və tələbələrə daha dolğun şəkildə öyrədilməli, onların həyat yolu gənc nəsil üçün örnək kimi təqdim olunmalıdır.
Xanım Musayeva