Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi?
Bakıda 214 saylı marşrut avtobusunun qadının üstündən keçməsi ilə nəticələnən faciəli hadisədən sonra ictimaiyyətdə sürücülərin, xüsusilə də avtobus sürücülərinin daha ciddi nəzarətə cəlb olunması ilə bağlı müzakirələr genişlənib.
Bir çox vətəndaş sürücülərin hər ay narkoloji müayinədən keçirilməsini təklif edir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə bildirib ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər artıq hər gün reysə çıxmazdan əvvəl tibbi yoxlamadan keçirlər.

Onun sözlərinə görə, ictimai nəqliyyatda çalışan sürücülərin sağlamlıq vəziyyəti gündəlik nəzarətdə saxlanılır və onlar reysqabağı müayinədən keçirilirlər:
“Rəqəmsal marşrutda çalışan sürücülər onsuz da hər gün reysqabağı yoxlamadan keçirilirlər. Bu yoxlamalar sürücünün səhhətinin və iş qabiliyyətinin qiymətləndirilməsi baxımından vacib prosedurdur".
Eldəniz Cəfərov əlavə edib ki, sürücülərlə bağlı əlavə nəzarət tədbirlərinin tətbiqi isə əsasən marşrut daşıyıcılarının məsuliyyət dairəsinə daxildir:
"Daşıyıcı şirkətlər sürücünün davranışında və ya sağlamlıq vəziyyətində hər hansı şübhəli məqam müşahidə etdikləri halda, onu əlavə tibbi müayinələrə, o cümlədən narkoloji və digər testlərə yönləndirə bilərlər".
Qeyd edək ki, 214 saylı marşrut xətti üzrə hərəkət edən avtobus digər nəqliyyat vasitəsindən düşən 71 yaşlı piyadanı vurub, daha sonra isə üstündən keçib. Ağır xəsarətlər alan 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aparıldığı Sabunçu xəstəxanasında vəfat edib.
Türkan İsgəndərli