Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi

Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi
03.07.2026 15:13

Bəziləri dünyaya sadəcə öz dövrünü yaşamaq üçün gəlmir, onların müəyyən missiyası olur. Məncə, onlardan biri də Kamal Sunal idi — Şaban.

Şaban oğlu Şaban, inək Şaban, qürbətçi Şaban, ümidimiz Şaban, ən böyük Şaban... Düşünmürəm ki, kimsə onun bir filmini belə izləməsin, onu tanımasın. Bu gün, 3 iyul Kamal Sunalın vəfat etdiyi gündür. Gəlin, bu gün onun çoxlarının bilmədiyi dünyasına yaxından baxaq.


Anasının danışdıqlarına görə, Kamal Sunal gəncliyində həmişə içinə qapalı, qəmli uşaq olub. Üzündə sanki hər zaman bir dərdin izi varmış, baxışlarında isə daim qüssəli bir ifadə hiss olunarmış. Lakin dərdi, qayğısı olsa belə, bunları heç vaxt heç kimlə bölüşməzdi.

Təhsil həyatı da özünəməxsus idi. Müjdat Gezen və Uğur Dündarla məktəb yoldaşı olduğu Vəfa Liseyini düz 11 ilə bitirib. Kamal Sunal sonralar bu uzun təhsil həyatı ilə bağlı özü də zarafat edərək deyirdi: "Nə edim, oxumağı çox sevirəm".


"Sən də gül o zaman!"

Kino dünyasına addım atması isə tamamilə təsadüfün, daha doğrusu, təbəssümünün bəhrəsi idi. "Tatlı Dillim" filminin çəkilişlərində epizodik rollarda çəkilən bütün aktyorlara bir cümləlik mətn yazılmışdı. Növbə Kamala çatanda isə yazılacaq söz qalmamışdı. Rejissor Ərtəm Əyilməz çarəsiz şəkildə "Sən də gül o zaman", – dedi. O da güldü. Elə həmin andan etibarən milyonları da güldürməyə başladı.

Zeki Alasya demişkən:

"Onu axmaq sanırdılar. Amma son dərəcə ağıllı adam idi. Öz qaydalarını qoydu".


Teatrda ustası və kumiri olan Ulvi Urazın izi ilə gedən Sunal kinoda təkcə başrol aktyoru deyil, əsl peşəkar idi. Reklamçı Sərdar Erənərin danışdığı bir xatirə onun kino dühasını açıq şəkildə göstərir:

"Bir gün teleobyektivlə çəkiliş aparırdıq. Kamal abi kameradan 30 metr uzaqda idi. Rejissor Sinan Çətin ona "Kamal, bir az alçal", – deyə qışqırdı. Ayaqüstə dayanmışdı. Otuz metr uzaqdan ayaqlarını yüngülcə yana açdı, boyunu millimetr dəqiqliyi ilə nizamlayıb tam kadrın içinə girdi. Kameranın nəyi görüb görmədiyini onun qədər yaxşı anlayan ikinci bir adam görmədim".

Əbədi sevgisi…

1973-cü ildə "Devekuşu Kabare" Teatrının qastrolu üçün Ankaraya gedən Kamal Sunal tamaşaçılar arasında əyləşən Gül Sunalla göz-gözə gəldi. Tamaşadan sonra ortaq dostlarının evində yolları yenidən kəsişdi. Söhbət etdilər və şirniyyat evində görüşmək üçün sözləşdilər.


Lakin ertəsi gün İstanbula qayıdacaq olan Kamal Sunal "Onsuz da gedirəm", – düşünərək görüşə getmək istəmədi. Yeşilçamın böyük ustası Münir Özkul və digər dostları işə qarışdı. Onların təkidi ilə şirniyyat evinə getdi. Məhz həmin məcburi gediş onların ilk görüşü oldu.


Onun həyatında dostluğun yeri bambaşqa idi. "Hababam Sınıfı" filmindəki məşhur müfəttiş obrazı ilə tanıdığımız Ergin Orbey və "İnek Şaban" filmində mafiya başçısını canlandıran Dinçer Çəkməz real həyatda da onun ən yaxın dostlarından idilər.

Pərdə arxasındakı ciddi adam

Ekran qarşısında bizi qəhqəhələrə boğan Kamal Sunal real həyatında olduqca ciddi, təmkinli və ağırbaşlı insan idi. Siyasətdən danışmağı heç sevmirdi. Bir vaxtlar ona İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olmaq təklif edilsə də, "Bu işi bacarmaram" deyərək nəzakətlə imtina etmişdi.


O düşünürdü ki, siyasətə qoşularsa, yalnız müəyyən bir kəsimin fikirlərini təmsil edəcək. Halbuki hər kəsə eyni məsafədə qalmaq istəyirdi. Siyasi müzakirələrdən həmişə uzaq dururdu. Hətta dost məclislərində söhbət bu istiqamətə yönələndə vaxtından əvvəl ayrılırdı. Həyat yoldaşı Gül Sunal bunun səbəbini soruşanda isə sadəcə, "Söhbət istəmədiyim yönə gedirdi", – cavabını vermişdi.

Tarık Akan da onun bu mövqeyini belə təsdiqləyirdi:

"Kamal solçu idi. Lakin bunu heç vaxt büruzə vermədi. Nə danışdı, nə də hər hansı bir aksiyanın içində oldu. Həmişə bundan qaçdı".

Həyatı boyu nə övladlarına, nə də ətrafındakı bir nəfərə belə səsini qaldırıb əsəbiləşmədi. Hər istəyini xahiş şəklində ifadə edirdi. Obrazlarına o qədər bağlanırdı ki, rola tam alışmaq üçün evdə belə çəkildiyi filmlərin kostyumları ilə gəzirdi. Hətta bir neçə ziyafətə də həmin dövrdə canlandırdığı obrazın geyimi ilə qatılaraq dostlarını təəccübləndirmişdi.


Ən böyük ehtiraslarından biri isə kitabları idi. Evindəki kitabxanada bir kitabın yeri dəyişsə, bunu dərhal hiss edirdi. Kitabların yerini demək olar ki, əzbər bilirdi. Dostlarından biri kitabı borc istəyəndə isə öz nüsxəsini verməyə qıymır, gedib həmin kitabın yenisini alır və ona hədiyyə edirdi.

Pulu sağa-sola xərcləyən insan deyildi. Gələcəyi düşünərək sərmayə yatırır, olduqca qənaətlə yaşayırdı. Kadir İnanır onun bu xüsusiyyəti haqqında zarafatla deyirdi:

"Qənaət etmək üçün az yemək yeyərdi".


Yeşilçamın məşhur məkanı olan "Çiçek Bar"ın sahibi Arif Keskiner isə maraqlı bir xatirəni bölüşürdü:

"Həmişə viski içərdi. Həkim qadağan edəndən sonra spirtli içkini tamamilə buraxdı. Amma iki il ərzində "araq içirəm" deyərək qədəhindəki suyu içib bizi aldatdı".


"Hababam Sınıfı"nda tək ayaq üstə durma cəzası alan şagird obrazını canlandıran Tuncay Ağçay isə onun qənaətcilliyini illər sonra belə qiymətləndirirdi:

"Bəzən deyirdik ki, "Yahu Kamal abi, "Varyemez" (Xəsis) elə sənin real həyatındır". Buna görə ona acıqlanırdıq. Amma yaxşı ki, elə edib. Ailəsinə çox gözəl gələcək qoyub getdi".


Bu qədər böyük şöhrət qazanmasına baxmayaraq, özünə heç vaxt xüsusi münasibət göstərilməsini istəmirdi. Övladlarına və gənclərə nümunə olmaq üçün vaxtilə yarımçıq qoyduğu məktəbi bitirmiş, daha sonra magistratura təhsilini də tamamlamışdı. Hətta universitetdə müəllim olmağı arzulayırdı.

Universitetə daxil olduğu andan etibarən isə kimliyini qapıda qoyurdu. Dostlarının teatr tamaşasına bilet tapılmayanda kassaya gedib özünü təqdim etməz, "Bilet qalmayıbsa, deməli, yaxşı işləyirlər. Təki pul qazansınlar, biz izləməsək də olar", – deyər və geri qayıdardı.


90-cı illərdə özəl televiziyaların həyatımıza daxil olması ilə seriallarda da rol almağa başladı. Lakin "Bay Kamber" kimi seriallarının yayımlandığı saatlarda digər kanallar onun köhnə filmlərini nümayiş etdirirdi. Beləliklə, Kamal Sunal televiziya ekranlarında yenə də özü-özünün ən böyük rəqibinə çevrilmişdi.

Azərbaycan parlamentinin gündəmində Kamal Sunal

Kamal Sunala olan sevgi təkcə Türkiyə ilə məhdudlaşmırdı. Azərbaycanda xarici dildə yayıma məhdudiyyət tətbiq ediləndən sonra telekanallar türk filmlərini Azərbaycan türkcəsinə dublyaj etməyə başladılar. Lakin özəl telekanallardan biri Kamal Sunalın təqlid edilə bilməyən səsini və özünəməxsus intonasiyasını qorumaq üçün digər bütün aktyorları səsləndirdi, yalnız onun danışığını orijinal variantda saxladı.

Bu məsələ hətta Azərbaycan Milli Məclisinin gündəminə qədər gedib çıxdı. Millət vəkili Fərəc Quliyev parlamentdə çıxışı zamanı bu təcrübəni nümunə göstərərək dedi:

"Kamal Sunalın filmlərdəki danışığını hamımız anlayırıq. Əgər Sunalın dedikləri tərcümə edilmirsə, niyə digərləri tərcümə olunur? Türkiyə türkcəsini asanlıqla başa düşürük, səsləndirmə aparılması lüzumsuzdur".

Göyüzündə yalnız gəzən bir ulduz...

Kamal Sunalın ən sevdiyi mahnı "Gökyüzünde Yalnız Gezen Yıldızlar" idi. Getdiyi hər musiqili proqramda mütləq bu mahnının səsləndirilməsini istəyirdi. Həyat yoldaşı Gül Sunal onun vəfatından sonra belə demişdi:

"Bu mahnını niyə bu qədər çox sevdiyini onu itirdikdən sonra çox yaxşı anladım".

Təyyarədə yerini dəyişərək 4-D nömrəli oturacaqda əyləşən Kamal Sunal su istəyir və qəzet oxumağa başlayır. Təyyarə hələ yerdəykən sənətkarın başı qəfildən sağ tərəfə əyilir. Kabin heyətinin rəhbəri Dilək Dəmirəl əvvəlcə onun zarafat etdiyini düşünür. Lakin vəziyyətin ciddi olduğunu anlayaraq pilota məlumat verir və təyyarədə həkim axtarılır. Ancaq təyyarədə həkim tapılmır.

Həmin təyyarədə olan DSP-dən millət vəkili Erol Al baş verənləri "tam bir qorxu filmi" kimi təsvir edib. Onun sözlərinə görə, hava limanındakı tibbi xidmətin fəaliyyətində və ilkin müdaxilədə ciddi laqeydliklərə yol verilib. Təyyarədəki oksigen balonunun maskasından istifadə etmək mümkün olmayıb, təcili yardım isə hadisə yerinə yalnız 21 dəqiqə sonra və həkimsiz gəlib. Həkim briqadası olan digər təcili yardım avtomobili isə 25 dəqiqə sonra çatıb. Bu zaman artıq çox gec idi.

THY və DHMİ rəsmiləri müdaxilənin vaxtı ilə bağlı fərqli rəqəmlər açıqlasalar da, acı həqiqət dəyişmədi: Türkiyənin ən böyük ortaq dəyərlərindən biri vaxtında tibbi yardım göstərilmədiyi üçün həyatını itirdi.

O gün hava limanında batan günəşin ardınca milyonlar tək ürək olub ağladı.

Bu gün o, aramızda olmasa da, filmlərindən hər hansı birini açdığımız anda yenə də səmimi təbəssümü ilə bizi salamlayır.

Sevgi və sonsuz ehtiramla... Ruhun şad olsun, danışmadan da güldürən adam.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
03 июля 2026
Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 17:29 Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir... 17:18 Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək? 16:59 Yastıq altında yatan milyardlar: Azərbaycan əhalisinin evdə nə qədər nağd pulu var? 16:50 Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu 16:41 Xameneinin övladları niyə dəfn mərasimində görünmədi? 16:20 Zəngəzurdan keçən dəmiryolu Azərbaycanın mülkiyyətində – Proses necə reallaşa bilər? 16:24 Эти сёла Армении стираются с карты: население стремительно покидает территории 16:19 Masallıda ağır yol qəzası: İki nəfər öldü - VİDEO 16:09 ЧМ-2026: Пройдут заключительные матчи стадии 1/16 финала 16:05 Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI 15:38 Azərbaycan nümayəndə heyəti vida mərasimində - VİDEO 15:26 Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi 15:09 Бог не уберёг священников — погибли 8 верующих 14:54 Тяжелая потеря для России — Украина «одним выстрелом убила 7 зайцев» 14:54 Azərbaycan nümayəndə heyəti Tehrandadır - GÖRÜNTÜLƏR 14:39 Hərbi qulluqçu infarkt nəticəsində vəfat etdi 14:33 Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI 14:32 Иран не капитулировал, и режим не свергнут — о какой победе вообще идёт речь? 14:29 Путин превратит Польшу в «подопытного кролика»— Россия планирует забросить первый крючок против НАТО 14:25 Sabah Azərbaycanda neçə dərəcə isti gözlənilir? 14:22 Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş 14:06 Кто тот министр, которому Президент присвоил звание генерал-лейтенанта? – ДОСЬЕ 13:58 Одно из крупнейших событий в истории: в похоронах Хаменеи примут участие 20 миллионов человек 13:55 Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi 13:52 Все новости