Trampdan “qətiyyətli zərbə” vədi: Yaxın Şərqdə vəziyyət necə dəyişəcək?

Trampdan “qətiyyətli zərbə” vədi: Yaxın Şərqdə vəziyyət necə dəyişəcək?
03.02.2026 13:44 Təhlil

İrandan mümkün genişmiqyaslı cavab zərbəsi ehtimalı fonunda ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə imkanlarını gücləndirməyə hazırlaşır. 

“The Wall Street Journal” (WSJ) yazır ki, Ağ Ev lideri Donald Tramp İrana qarşı “qətiyyətli zərbə” əmri verərsə, bu, Tehran tərəfindən adekvat cavabla nəticələnə bilər.


Məlumata görə, Pentaqon İsraili, ABŞ-nin regiondakı müttəfiqlərini və Amerika qoşunlarını qorumaq məqsədilə əlavə müdafiə tədbirləri üzərində işləyir. Bu çərçivədə THAAD raketdən müdafiə sisteminin, eləcə də ABŞ bazalarında bir neçə Patriot hava hücumundan müdafiə kompleksinin yerləşdirilməsi nəzərdən keçirilir.

Maraqlıdır, ABŞ-nin hava hücumundan müdafiə sistemlərini gücləndirməsi real müharibə hazırlığının göstəricisidir, yoxsa İrana qarşı psixoloji və strateji təzyiq mexanizmi? 

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Anar İsayev ABŞ-nin Yaxın Şərqdə Hava Hücumundan Müdafiə (HHM) sistemlərini irəli çəkməsinin həm hərbi, həm də psixoloji-strateji məntiq daşıdığını bildirib:  


“Bu tip addımlar adətən ikiqat məntiq daşıyır: həm real hərbi hazırlıq, həm də psixoloji-strateji təzyiq. ABŞ-nin THAAD və Patriot kimi HHM sistemlərini irəli çəkməsi təsadüfi deyil. Bununla ABŞ İranın cavab zərbəsini real ssenari kimi qəbul edir. İran hərbi arsenalında olan ballistik və qanadlı raketlərlə, dronlarla, həmçinin proksi qüvvələrlə (“Hizbullah”, Husi, İraq şiə qrupları) ABŞ və İsrail hədəflərinə asimmetrik cavab vermək ehtimalı çox yüksəkdir. Yəni Pentaqon “müharibə olacaq” demir, amma “olarsa, hazırıq” mövqeyi tutur. Əslində burada vacib detallardan biri ABŞ-nin adətən hücumdan əvvəl müdafiəni gücləndirməsidir. Bu, 2003-cü ildə İraqdan tutmuş, son İsrail–HƏMAS böhranlarına qədər eyni şablondur”.   

Politoloq qeyd edib ki, bu addımlar təkcə hərbi deyil, eyni zamanda güclü psixoloji çəkindirmə xarakteri daşıyır:

“Qeyd edim ki, eyni zamanda burada güclü psixoloji çəkindirmə elementi də var. Bununla ABŞ demək istəyir ki, zərbə endirsək, cavabın səmərəsi aşağı olacaq, sizin raketləriniz boşa çıxa bilər, regionda genişmiqyaslı eskalasiya sizə baha başa gələcək. Bu, xüsusilə İranın daxili qərarverici elitasına mesajdır ki, hətta cavab versəniz belə, strateji üstünlük əldə etməyəcəksiniz. Yəni müharibəni istəmədən, müharibə riskini idarə etmək cəhdi”.

Anar İsayev eskalasiyanın azalıb-azalmayacağı məsələsinə də toxunub və burada paradoksal vəziyyətin yarandığını vurğulayıb:

“Burada paradoks var. Belə ki, ABŞ-nin HHM sistemləri İranı birbaşa ABŞ bazalarını vurmaqdan, həmçinin kütləvi raket hücumundan çəkindirə bilər. Yəni Tehranın cavabı dolayı (proksilər), məhdud və inkar edilə bilən formada ola bilər. Bu da “tammiqyaslı müharibə”nin qarşısını ala bilər”. 

Ekspertə görə, orta müddətli perspektivdə isə risklər arta bilər:

“Orta müddətdə isə əksinə, artıra bilər. Çünki İran bunu “mühasirə və hücum hazırlığı” kimi qəbul edər və proksi qüvvələr daha da aqressivləşə bilər. “Hizbullah”ın İsrailin şimalında fəallaşmasına, Husilərin Qırmızı dənizdə gəmilərə hücumları artırmasına səbəb ola bilər. Səhv hesablamalar da riskin artmasına gətirib çıxaracaq. Məsələn, atılan hər hansı bir raketin yanlış yerə düşməsi və ya bir dron zərbəsi nəticəsində çoxlu itki verilməsi zəncirvari eskalasiyaya gətirib çıxaracaq”.

Politoloq “The Wall Street Journal”ın vurğuladığı “qətiyyətli zərbə” ifadəsinə diqqət çəkib:


“Qeyd edim ki, “qətiyyətli zərbə” ifadəsi təsadüfi deyil. Çünki Tramp çəkindirməni, qorxutmanı qeyri-müəyyənliklə qurur, qarşı tərəfi “harada dayanacağımı bilmirsən” vəziyyətində saxlayır. İran üçün ən təhlükəli məqam Trampın eskalasiya həddini proqnozlaşdırmağın çətin olmasıdır. Bu da öz növbəsində həm çəkindirir, həm də risk yaradır”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
02 AUGUST 2026
Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 All News