Qonaqlar Xameneinin cənazəsi ilə Quran ayələri arasında qaldılar
İranın mərhum lideri Ayətullah Əli Xameneinin vida mərasimində xarici dövlət rəsmilərinin diqqətindən qaçmayan, beynəlxalq mətbuatda isə ciddi müzakirələrə səbəb olan maraqlı bir hadisə yaşandı. Cənazənin qarşısından keçən hər ölkənin nümayəndə heyəti üçün arxa fonda fərqli Quran ayələri səsləndirildi.
İranın "Tabnak" və "Fararu" kimi yerli mühafizəkar nəşrləri də məsələyə dərhal reaksiya verərək, bunun təsadüf olmadığını yazdı. Həmin nəşrlər baş verənləri "ictimai diplomatiyada yenilik" adlandırdılar. Səslənən konkret ayələr İranın beynəlxalq arenadakı gizli dost və rəqib xəritəsini tam çılpaqlığı ilə ortaya qoydu.
Mərasimin ən gərgin və ən çox müzakirə edilən məqamı Səudiyyə Ərəbistanı və Türkiyə nümayəndə heyətlərinin gəlişi zamanı yaşandı. İslam dünyasında İranın əsas rəqiblərindən sayılan və ABŞ ilə sıx hərbi-siyasi əməkdaşlıq edən Səudiyyə Ərəbistanı rəsmiləri cənazəyə yaxınlaşarkən fonda "Əl İmran" surəsinin 13-cü ayəsi oxunmağa başladı. Tarixi Bədr döyüşündən bəhs edən, bir tərəfi mömin, digər tərəfi isə kafir adlandıran bu ayə, Ər-Riyadın xarici siyasətinə və Qərb blokuna tərəfdaşlığına qarşı aşkar bir dini tənqid, bir növ siyasi ittiham idi.
Digər bir qalmaqal isə Türkiyə heyətinin hörmət duruşunda baş verdi. Ankara regional münaqişələrdə balanslı siyasət yürütməyə çalışdığı və Tehranın gözlədiyi aktiv hərbi cəbhədə yer almadığı üçün ona da pay düşdü. Türkiyə rəsmiləri qarşıda dayanarkən cihada getməyib evdə oturanlarla canı-malı ilə vuruşanların eyni dərəcədə olmadığını deyən "Nisa" surəsinin 95-ci ayəsi səsləndirildi. Sosial şəbəkələrdə bu anlar geniş yayıldı və insanlar müharibədə İrana ən çox humanitar və siyasi dəstək verən tərəflərdən birinə belə bir mesajın verilməsini sərt tənqid etdilər.
İranın yaxın müttəfiqləri və rəsmi olaraq dəstəklədiyi proksi qruplaşmalar üçün isə tamamilə fərqli, rəğbət dolu bir ton seçilmişdi. HƏMAS və Hizbullah nümayəndələri cənazənin önündən keçərkən fonda sadiqlik və müqavimət xəttini vəsf edən "Əl-Əhzab" və "Əl-Maidə" surələri oxundu. ABŞ ordusunu ölkədən çıxaran Taliban və Yəmən husilərinin (Ənsarallah) gəlişində isə "Əl-Fəth" surəsindən zəfər ayələrinin seçilməsi, Tehranın bu qüvvələri İslamın prinsiplərinə sadiq həqiqi döyüşçülər kimi rəsmən tanıdığını göstərirdi. Eyni zamanda çətin geosiyasi dövrlərdə İrana həm iqtisadi, həm də siyasi arxa duran Çin və Pakistan rəsmiləri üçün də "Ənfal" və "İsra" surələrindən kömək, təsəlli və müjdə motivli ayələr səsləndirildi. Bununla da Tehran özünün real dayaq nöqtələrini dünyaya nümayiş etdirdi.
Azərbaycan nümayəndə heyətinin gəlişi zamanı isə proses daha həssas və balanslı şəkildə idarə olundu ki, bu da diqqətli müşahidəçilərin gözündən qaçmadı. Fondda oxunan "Əl-İmran" surəsinin 139-cu ayəsindəki "Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsız" ifadələri Bakı ilə münasibətlərin indiki vəziyyətinə tam uyğun gəlirdi. Türkiyə və Səudiyyə Ərəbistanına yönələn sərt dini ittihamlarla müqayisədə Azərbaycana qarşı belə bir neytral-müsbət tonun seçilməsi, Tehranın Bakı ilə birbaşa qarşıdurmadan qaçmaq və mövcud praqmatik əlaqələri sabit saxlamaq istəyindən xəbər verirdi.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin vida mərasimi davam edir. O, iyulun 9-da Məşəddə dəfn olunacaq.
Qiymət Mahir