Müharibənin dördüncü ilində Qərbin yeni "taktikası" nədir?

Müharibənin dördüncü ilində Qərbin yeni "taktikası" nədir?
20.06.2026 20:08 Təhlil

Niyə Volodimir Zelenski və Ağ Qartal Ordeni ətrafında yaranmış qalmaqal Polşa–Ukrayna mübahisəsi deyil, Rusiyanın Ukraynaya qarşı müharibəsinə Qərbin ümumi yanaşmasının böhranının əlamətidir?

Tarix müttəfiqlərin müttəfiqləri satdığı çoxsaylı halları xatırlayır. Lakin tarix xüsusilə müharibə zamanı təcavüzkarı deyil, onun qurbanını öyrətməyə başlayanları amansızlıqla mühakimə edir.

Polşa Prezidenti Karol Navrotskinin Volodimir Zelenskini Ağ Qartal Ordenindən məhrum etmək qərarı ətrafında yaranan siyasi qalmaqal, əslində, bir ordenin taleyi ilə maraqlı deyil. Orden verilə də bilər, geri də alına bilər. Tarixdə belə hallar dəfələrlə baş verib.

Daha vacib olan isə başqadır.

Avropada İkinci Dünya müharibəsindən bəri baş verən ən qanlı müharibənin dördüncü ilində Ukraynanın bəzi müttəfiqləri qəfil şəkildə Rusiyanın təcavüzünü dayandırmağın yollarını axtarmaq əvəzinə, bu təcavüzün qurbanını tərbiyə etməyə başlayıblar.

XXI əsrdə Avropa qitəsində ən böyük müharibəni başladan dövləti necə dayandırmaq barədə müzakirələr aparmaq əvəzinə, getdikcə daha çox Ukraynaya kimləri qəhrəman hesab etməli olduğu, hansı tarixi yaddaşa sahib olmalı olduğu və milli özünüdərkinin necə formalaşmalı olduğu izah edilməyə çalışılır.

Məhz buna görə də Ağ Qartal Ordeni ilə bağlı hadisə ilk baxışdan göründüyündən qat-qat əhəmiyyətlidir, çünki söhbət artıq ordendən getmir. Söhbət hər gün öz mövcudluğu uğrunda qanı ilə bədəl ödəyən xalqın öz keçmişini, bu gününü və gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququndan gedir.

Və məhz burada əsas sual yaranır: niyə müttəfiqlər getdikcə daha çox təcavüzkarı deyil, qurbanı öyrətməyə başlayırlar?

Bu qalmaqal uzun illər ərzində çıxışlarımda və yazılarımda dəfələrlə səsləndirdiyim bir fikri növbəti dəfə təsdiqlədi: boğulanın xilası elə boğulanın öz əlindədir.

2014-cü ildə Krımın ilhaqından və Donbasdakı müharibədən sonra Ukrayna beynəlxalq siyasətin sərt reallığı ilə üz-üzə qaldı. Həmin vaxt Ukrayna cəmiyyətində bir çox insan ilk dəfə Qərb dəyərləri haqqında gur səslənən bəyanatlarla Qərb dövlətlərinin real siyasəti arasındakı uçurumu gördü. Eyni mənzərəni daha əvvəl Gürcüstan, Azərbaycan və postsovet məkanının digər ölkələri də yaşamışdı. Onlar öz təcrübələrində əmin oldular ki, böyük dövlətlərin geosiyasi razılaşmaları çox vaxt gözəl bəyanatlardan daha önəmli olur.

2022-ci il fevralın 24-də Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan sonra bu fərq daha da aydın göründü. Bütün bu illər ərzində kollektiv Qərb belə bir formul üzrə hərəkət edib: Ukraynanın uduzmasına imkan verməmək, lakin Rusiyanın da qalib gəlməsinə şərait yaratmamaq. Məhz bununla Kiyevə göstərilən hərbi yardımı müşayiət edən ehtiyatlılıq, qətiyyətsizlik və daimi məhdudiyyətlər böyük ölçüdə izah olunur.

Ona görə də Polşa prezidentinin davranışında təəccüblü heç nə yoxdur. Karol Navrotski Ukraynaya göstərilən dəstəyin bir çox aspektlərinə tənqidi münasibətini heç vaxt gizlətməyib. Bu baxımdan onun mövqeyi yaxın vaxtlara qədər Ukraynanın guya heç bir üstünlüyünün olmadığını və vəziyyətinin ümidsiz olduğunu iddia edən ABŞ Prezidenti Donald Trampın yanaşmasından ciddi şəkildə fərqlənmir.

Lakin ötən müddətdə bunun əksi sübuta yetirildi. Ukrayna təkcə dövlətçiliyini qoruyub saxlamadı, həm də bütün dünyaya ciddi siyasi, hərbi və diplomatik resurslara malik olduğunu nümayiş etdirdi. Bu gün Ukraynanın mövqeyi ilə təkcə Vaşinqtonda, Brüsseldə və G7 ölkələrinin paytaxtlarında deyil, birbaşa Moskvada da hesablaşmağa məcburdurlar.

Bununla belə, Ağ Qartal Ordeni ətrafında yaranan hadisə bir ordenlə bağlı mübahisədən daha dərin problemi üzə çıxardı.

Ukrayna öz mövcudluğu uğrunda müharibə apardığı bir vaxtda onun bəzi müttəfiqləri getdikcə daha çox təkcə yardımın şərtlərini deyil, həm də onun tarixi yaddaşının məzmununu diktə etməyə başlayırlar. Dünən Ukraynaya danışıqları necə aparmaq lazım olduğunu tövsiyə edirdilər. Bu gün ona kimləri qəhrəman hesab etməli olduğunu izah edirlər. Sabah isə övladlarına hansı tarixi öyrətməli olduğunu diktə etməyə başlaya bilərlər.

Məhz burada əsas sual meydana çıxır.

Əgər dövlətin öz tarixi yaddaşını müstəqil şəkildə müəyyən etmək hüququ yoxdursa, o zaman onu ümumiyyətlə nə dərəcədə suveren dövlət hesab etmək olar?

Ukrayna tarixinin ayrı-ayrı səhifələrinə müxtəlif cür yanaşmaq mümkündür. Tarixi hadisələrin və tarixi şəxsiyyətlərin şərhi ətrafında mübahisə etmək olar. Lakin son seçim hüququ yalnız Ukrayna cəmiyyətinə məxsusdur.

Bu gün kimsə Fransaya göstəriş verirmi ki, kimləri milli qəhrəman hesab etsin? Kimsə fransızlardan Napoleondan imtina etməyi tələb edirmi? Halbuki məhz Napoleon Avropa boyunca milyonlarla insanın həyatına son qoyan müharibələrin müəllifi idi. Buna baxmayaraq, fransızlar ona münasibətlərini özləri müəyyən edirlər, tarixi yaddaşlarını özləri formalaşdırırlar və heç kəsə bu prosesə müdaxilə etməyə imkan vermirlər.

Bəs onda nə üçün bəzi avropalı siyasətçilər Ukraynaya kimləri öz qəhrəmanı hesab edib-etməməli olduğunu diktə etməyi mümkün sayırlar?

Xüsusilə də belə nəsihətləri uzun illər Rusiya təhlükəsi qarşısında heyrətamiz ehtiyatlılıq nümayiş etdirən siyasətçilərdən eşitmək qəribədir. Öz hava məkanlarında belə bir pilotsuz uçuş aparatını vurmağa “Moskvanı təxribata çəkməmək” qorxusu ilə cəsarət etməyən siyasətçilərdən.

Halbuki Kreml illər boyu məhz tarixi yaddaşın müdafiəsi şüarları altında qonşu dövlətlərə qarşı təcavüzünü əsaslandırıb. Məhz tarixin manipulyasiyası vasitəsilə Rusiya həm postsovet məkanına, həm də bir çox Avropa ölkələrinə öz iradəsini qəbul etdirməyə çalışıb və bu gün də çalışmaqda davam edir.

Və burada daha bir narahatlıq doğuran sual yaranır.

Ukraynaya öz tarixi yaddaşını diktə etməyə çalışan həmin avropalı siyasətçilərin yanaşması ilə, eyni bəhanələr altında Ukrayna dövlətinə qarşı müharibəyə başlayan Kremlin yanaşması arasında prinsipial fərq nədir?

Bu, əgər ikili standartlar deyilsə, bəs nədir?

Yoxsa öz tarixi yaddaşına sahib olmaq hüququ yalnız güclü dövlətlərə məxsusdur?

Yoxsa güclülərə öz qəhrəmanlarını seçmək olar, zəiflərə isə olmaz?

Öz dövlətinin mövcudluğu uğrunda müharibə aparmayan siyasətçilərin Ukrayna hərbçilərinə hansı şəxsin adını öz hərbi hissələrinə verməli, hansını isə verməməli olduqlarını göstərməyə hansı mənəvi haqqı var?

Vəziyyətin xüsusi riyakarlığı ondadır ki, Ağ Qartal Ordeninin laureatları arasında bu günə qədər həm Polşanın özündə, həm də Avropada münasibət birmənalı olmayan şəxslər qalmaqdadır. Onların sırasında Polşanın bölüşdürülməsində əsas rollardan birini oynamış Rusiya imperatriçası II Yekaterina, Hitlerin müttəfiqi olmuş Macarıstanın vitse-admiralı Mikloş Horti, italyan faşisti Benito Mussolini, eləcə də bu gün də Vladimir Putinə yaxınlığını gizlətməyən Almaniyanın sabiq kansleri Gerhard Şröder var.

Belə bir fonda artıq dörd ildən çoxdur ki, Rusiya təcavüzünə qarşı mübarizə aparan ölkənin prezidentini ordenindən məhrum etmək cəhdi tarixi və ya mənəvi aktdan daha çox, daxili siyasi konyunkturaya hesablanmış siyasi jest təsiri bağışlayır.

Mən etnik azərbaycanlı kimi tarixin həlledici məqamlarında milli birliyin qiymətini xüsusilə yaxşı anlayıram.

Doğma Azərbaycanıma da onilliklər boyu göstəriş verilib, məsləhətlər verilib, nəsihətlər edilib, təhdid olunub və ərazi bütövlüyünü bərpa etmək naminə nələrin edilə biləcəyi, nələrin isə edilməməli olduğu izah olunub.

Lakin həlledici amil xarici paytaxtların tövsiyələri və beynəlxalq təşkilatların bəyanatları olmadı. Həlledici amil Azərbaycan dövlətinin, ordusunun və cəmiyyətinin Azərbaycanın milli məqsədi ətrafında birliyə nail olması idi.

Lazım olan anda Azərbaycan bir yumruq kimi birləşə bildi və ölkənin beynəlxalq səviyyədə tanınmış bütün ərazisində öz suverenliyini bərpa etdi.

Üstəlik, bu gün də Azərbaycanla Ermənistan arasında sülh prosesi artıq sürətlə inkişaf etdiyi bir vaxtda belə, Cənubi Qafqazın yeni reallığı ilə barışa bilməyən eyni qüvvələrin narazılıqlarını eşitməyə davam edirik.

Lakin tarix sadə bir həqiqəti öyrədir: daim bəhanə gətirənlərə deyil, öz milli maraqlarını müdafiə etməyi bacaranlara hörmət etməyə başlayırlar.

Azərbaycanın müstəqilliyinin təminatçısı onun Silahlı Qüvvələri və onların arxasında dayanan bütün Azərbaycan xalqıdır. Məhz buna görə bu gün Azərbaycanla həm dostlar, həm də rəqiblər hesablaşırlar. Şərqdə deyildiyi kimi, it hürər, karvan keçər.

Ukraynanın isə öz yolu var və o, bu yolu keçməlidir.

Ukrayna cəmiyyəti, Ukraynanın siyasi elitası və Ukrayna ordusu bu gün həmişəkindən daha çox milli həmrəyliyə ehtiyac duyur. Hüququn gücünün getdikcə güc hüququna yer verdiyi bir dünyada yalnız daxili birlik dövlətin yaşamasını təmin edə bilər.

Ukrayna bütün dünyaya hansı dövləti qurduğunu, hansı dəyərləri müdafiə etdiyini və hansı gələcəyi seçdiyini göstərməlidir. Həm də bunu elə göstərməlidir ki, onunla hamı – müttəfiqlər də, rəqiblər də, dostlar da, düşmənlər də hesablaşsın.

Ukrayna Prezidenti genişmiqyaslı müharibə illərində Ali Baş Komandan kimi məsuliyyətini ləyaqətlə daşıyır və ölkəsinin suverenliyini, ərazi bütövlüyünü qoruyur. Ukraynadan kənarda heç kimin Ukrayna dövlətinə necə müdafiə olunacağını, necə döyüşəcəyini, hansı qəhrəmanları ehtiramla yad edəcəyini və hansı gələcəyi quracağını diktə etməyə haqqı yoxdur.

Əgər kömək edə bilmirsinizsə, mane olmayın.

Ağ Qartal Ordeni ətrafında Polşada yaranmış qalmaqal gec-tez sona çatacaq. Prezidentlər dəyişəcək, siyasi konyunktura dəyişəcək, yeni böhranlar meydana çıxacaq.

Lakin Ukrayna üçün bu müharibənin əsas dərsi qalacaq.

Ukraynanın təhlükəsizliyində Ukraynanın özündən daha çox maraqlı olan heç kim yoxdur. Ukraynanın müstəqilliyində ukraynalıların özündən daha çox maraqlı olan heç kim yoxdur. Ukrayna dövlətinin qorunub saxlanılmasında Ukrayna cəmiyyəti və Ukrayna ordusundan daha çox maraqlı olan heç kim yoxdur.

Müttəfiqlər vacibdir. Dəstək zəruridir. Beynəlxalq həmrəylik böyük əhəmiyyət daşıyır. Lakin dövlətin təməli Brüsseldə, Vaşinqtonda və ya Varşavada qurulmur.

O, Kiyevdə qurulur. Çünki tarix göstərir ki, boğulanın xilası həmişə boğulanın öz əlində olub və belə də qalır.

Sınaq anında dövlətin sahib olduğu ən böyük sərvət onun xalqı, ordusu və müqavimət göstərmək iradəsidir. Qalan hər şey yalnız bu gücün törəməsidir. Uinston Çörçillin dediyi kimi: “Müharibə ilə rüsvayçılıq arasında rüsvayçılığı seçən millət həm rüsvayçılıq, həm də müharibə qazanır.” Ukrayna isə öz seçimini artıq edib.

Ramiz Yunus

“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru

NEWS FEED
21 JUNE 2026
ADPU-nun müəllimi vəfat etdi 23:29 Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar... 23:36 Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var 22:53 "Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi! 23:23 Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu 22:50 67 yaşlı qadının meyiti tapıldı 22:45 Pakistan rəhbərliyi ABŞ-İran danışıqları üçün İsveçrəyə gedəcək 22:44 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada öldü 22:14 Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA 22:17 Petrodan Trampa çağırış: "İsrailin Livana hücumlarını dayandırın" 22:03 Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi 22:03 Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi 21:21 Zelenski "Ağ qartal" ordenini Navrotskiyə göndərdi: Səbəbini açıqladı 21:26 "Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub etdi 20:45 Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi 20:32 TƏCİLİ: Ukraynanın hər yerində həyəcan siqnalı verildi - Rusiya hücuma keçdi 21:05 İsrail XİN: "Hizbullah" atəşkəsi davamlı olaraq pozur 20:58 5,4 milyonluq tütün qaçaqmalçılığı: liman və gömrük rəsmiləri hakim qarşısına çıxacaq 20:15 Livanda ölənlərin sayı 4 mini keçdi 20:22 Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ 20:09 Meloni Trampa cavab verdi: Öz populyarlığına diqqət yetirsən, daha yaxşı olar 19:39 Müharibənin dördüncü ilində Qərbin yeni "taktikası" nədir? 20:08 "Neftçi"də daxili transfer: Dayaq nöqtəsi komandada qaldı 19:43 İran Hörmüzü bağladı, ABŞ ordusu hərkətə keçdi - "Boğaz açıqdır" 19:55 Livanda silahlar susur? - Netanyahu ƏMR VERDİ 19:48 All News