Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..."
Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar məktəb bazarlarında canlanma müşahidə olunur. Məhsulların qiymətləri isə keyfiyyət və markadan asılı olaraq geniş diapazonda dəyişir. Ötənilki müşahidələrə əsasən, adi məktəb çantaları 30–40 manat, daha ucuz variantlar 20 manatdan aşağı təklif olunub. Dəftərlər (12 vərəqli) 15 qəpikdən, qələmlər 35 qəpikdən, pozanlar 40 qəpikdən, rəngli karandaşlar 2,30 manatdan, iş dəftərləri isə 4,40 manatdan başlayan qiymətlərlə satılıb.
Məktəb ləvazimatları bazarındakı mövcud vəziyyəti və gözləntiləri TodayPress TV-yə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli şərh edib.

Ekspert bildirib ki, bu il də əsas risk qiymətlərin kəskin deyil, tədricən artması ilə bağlıdır:
"Xüsusilə avqustun sonu və sentyabrın əvvəlində tələbatın yüksəlməsi satıcılara endirimləri azaltmağa, bəzi məhsullarda isə qiymətləri artırmağa imkan verir. İqtisadçı Xalid Kərimli də bildirir ki, son illərdə məktəb ləvazimatları və məktəbli geyimlərində bahalaşma müşahidə olunur və tələbatın pik həddə çatdığı dövrdə qiymət artımı ehtimalı yüksəlir".
İqtisadçı vurğulayıb ki, valideynlər üçün ən böyük xərc təkcə çanta və forma deyil, bütün ləvazimatların birlikdə alınmasıdır:
"Dəftər, qələm, karandaş, boya, albom, iş dəftərləri və digər məhsullar ayrı-ayrılıqda ucuz görünsə də, hamısı toplandıqda kifayət qədər ciddi məbləğ yaranır. Xüsusilə bir ailədə iki və ya daha çox məktəbli varsa, bu xərc daha da artır".
Məktəbli forması bazarına da toxunan Mərkəz sədri qeyd edib ki, burada vəziyyət məhsuldan məhsula dəyişir:
"Əvvəlki illərdə bəzi forma məhsullarında hətta endirimlər də olmuşdu; məsələn, şalvar və ətəklərin qiyməti 25 manatdan 20 manata endirilmiş, köynəyin qiyməti isə 15 manat səviyyəsində saxlanılmışdı".
Yekunda Akif Nəsirli valideynlərə mühüm tövsiyə verərək diqqətə çatdırıb ki, bu il məktəb bazarlığında kəskin bahalaşmadan daha çox, ayrı-ayrı məhsullar üzrə cüzi və orta səviyyəli artım gözlənilir:
"Əsas bahalaşma riski dərs ilinə son günlər qaldıqca yaranacaq. Çünki həmin vaxt tələbat sürətlə artır və satıcıların endirim etmək marağı azalır. Buna görə alış-verişi son həftəyə saxlamamaq ailə büdcəsi baxımından daha sərfəli ola bilər", - deyə o qeyd edib.
Türkan İsgəndərli