Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi!
Almaniya tennisçisi Aleksandr Zverev ATP “Masters 1000” turnirlərində bir nömrəli səpələnmiş idmançı statusunda keçirdiyi ilk oyunların 50 faizini uduzaraq antirekorda imza atıb.
TodayPress TV “OptaAce” statistikasına əsasən, xəbər verir ki, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Zverev bu statusda keçirdiyi altı ilk matçın üçündə məğlub olub.
Bu göstərici 1990-cı ildə hazırkı “Masters 1000” formatı tətbiq edildikdən sonra əsas püşkatmada bir neçə dəfə bir nömrəli səpələnmiş kimi çıxış edən tennisçilər arasında ən zəif nəticə hesab olunur.
Monrealda keçirilən turnirin ikinci mərhələsində Zverev dünya reytinqində 69-cu pillədə qərarlaşan Niderland təmsilçisi Tallon Qrikspora 7:6 (7:3), 2:6, 4:6 hesabı ilə uduzub.
Qrikspor növbəti mərhələdə Macarıstan tennisçisi Fabian Marojan ilə italiyalı Matteo Arnaldi cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Monrealda keçirilən ATP “Masters 1000” turniri avqustun 2-dən 13-dək davam edəcək. Yarışın mükafat fondu 9,5 milyon ABŞ dollarıdır.
Namiq HUN