Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı!
Karyerası ərzində “Çelsi”, “Latsio”, “Sevilya” və “Lans” kimi klublarda çıxış etmiş sabiq futbolçu Qael Kakuta peşəkar futbolçuların üzləşdiyi psixoloji problemlərdən danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
Kakutanın sözlərinə görə, futbolçuların böyük əksəriyyəti daimi təzyiq və yüksək gözləntilər səbəbindən özlərini xoşbəxt hiss etmirlər.
“Deyərdim ki, futbolçuların 90, hətta 99,9 faizi xoşbəxt deyil. Onlar nəticə vermək məcburiyyəti altında əzilir, amma demək olar ki, heç kim onların psixoloji durumuna əhəmiyyət vermir”.
Sabiq yarımmüdafiəçi bildirib ki, bəzi oyunçular yuxusuzluqdan əziyyət çəkir, dərman qəbul edir, bəziləri isə reallıqdan uzaqlaşmaq üçün əyləncəyə və ya videooyunlara üz tutur.
Kakuta həmçinin qeyd edib ki, bir çox futbolçu ətrafındakı insanların səmimiyyətinə şübhə ilə yanaşır və özünü cəmiyyətdən təcrid edir.
“Bir çoxu maska taxır. Hətta ailəsində və dostları arasında belə özünü həqiqətən görülən və eşidilən hiss etmir. Nəticədə isə sadəcə bir ət parçasına çevrilirlər”.
Qeyd edək ki, Qael Kakuta bu yay, 35 yaşında peşəkar futbolçu karyerasını başa vurub.
Namiq HUN