Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində!
FIFA prezidenti Canni İnfantinonun Avropa Superliqasının “FIFA Superliqası” adı altında yenidən brendləşdirilməsi ilə bağlı gizli danışıqlar apardığı iddia olunub.
TodayPress TV “The Guardian” nəşrinə istinadən xəbər verir ki, tərəflər hələ 2020-ci ilin oktyabrında ilkin razılaşma layihəsi hazırlayıblar.
Bildirilir ki, danışıqlar kifayət qədər irəliləyib və ən azı 12 illik tərəfdaşlığı nəzərdə tutan ilkin müqavilə hazırlanıb. Sənəddə yarışın kommersiya fəaliyyətini idarə edəcək birgə qurumun yaradılması da təklif olunub.
Layihəyə əsasən, FIFA Superliqasında 15 daimi klub və mövcud turnirlərdən vəsiqə qazanacaq daha 5 komanda iştirak etməli idi. Həmçinin eyni formatda qadınlar arasında analoji turnirin təşkili də nəzərdə tutulurdu.
Sənəddə FIFA-ya Superliqada xüsusi pay verilməsi planlaşdırılırdı. Bu, təşkilata turnirin formatı, təqvimi, həmrəylik ödənişlərinin bölgüsü və baş icraçı direktorun təyinatı ilə bağlı qərarlar qəbul etmək imkanı yaradacaqdı.
Bundan əlavə, genişləndirilmiş Klublararası Dünya Çempionatının hər il üç həftəlik pley-off formatında keçirilməsi və Superliqa ilə birbaşa əlaqələndirilməsi də layihədə yer alıb.
Məlumata görə, sənəddə yeni yarışların FIFA Konqresi və FIFA Şurasının təsdiqindən keçəcəyi qeyd olunsa da, milli federasiyalar planın hazırlanmasında iştirak etməyib. İddialara əsasən, İnfantino bu layihədə şəxsən iştirak edib və proses barədə tam məlumatlı olub.
Namiq HUN